Onlayn ictimai-siyasi qəzet
Mediamızın həvəslə tirajlayıb yaydığı, oxucularımızın da böyük maraqla oxuduğu yazılardan biri, bəlkə də birincisi yüksək vəzifəli məmurların əmlaklarının siyahısına dair materialdır. Burada bir zəruri qeyd etmək gərəkdir: bu materiallar bir qayda olaraq sabiq məmurların barəsində olur. O da hələ o şərtlə ki, adamın qolu qandallanmış, həbsə atılmış olsun.
Yoxsa iş başında olan məmur haqqında əmlak siyahıs dərc etmək mümkün deyil. Bunu yazan media qurumunu bağlatdırar, redaktoru və müxbiri məhkəməyə verər, külli miqdarda cərimələtdirər, əmlaklarını satdırıb özləri üçün daha bir əmlak alarlar.
Hətta vəzifədən götürülmüş, amma hələ həbs edilməmiş sabiq məmur haqqında da bu cür informasiyalar yaymaq mümkün deyil. Ən azı o səbəbdən ki, onların əmlaklarının siyahısını mediaya təqdim edən rəsmi instansiya yoxdur. “Partizanlıq” edərək haradansa əldə etdikləri siyahını yayfşanlar ola bilər, amma bu, fakt olaraq təsdiqlənməyəcək, hətta qətiyyətlə təkzib olunacaq.
Prokurorluğun, məhkəmənin yaydığı siyahılar isə can rahatlığıdır. Hər şey rəsmidir, faktdır.
Namxuda, həbs edilən yüksək ranqlı məmurların elə biri yoxdur ki, onların azı 10 milyonluq müxtəlif əmlaklardan ibarət varidatının siyahısı yayılmasın. Bu xüsusda təkcə Mədəniyyət Nazirliyinin bir gənc rəhbər işçisi istisna oldu. Adamın heç bir varidatı aşkarlanmadı, buna baxmayaraq, o, həbsdədir, milyonluq villaları, obyektləri, lüks avtomobilləri olan keçmiş nazir isə azadlıqdadır. Belə bir paradoks.
Bu məsələdə ləğv olunmuş MTN-nin sabiq idarə rəislərinin işi daha maraqlı və heyrətamizdir.
Bu günlərdə mediada ötən ilin aprelində həbs olunan, hazırda məhkəməsi gedən təhlükəsizlik generalı Mövlam Şıxəliyevin bəzi mülklərinin ünvanı və sayına dair məlumat yayılıb. Məhkəmə istintaqı zamanı məlum olub ki, şəhərin ən bahalı yerlərində generalın N qədər daşınmaz əmlakı var.
Saytlarda anlaşıqlı olsun deyə həmin əmlakın siyahısını alta-alta yazırlar. Amma biz elə etsək, qəzetdə yer çatmaz, ona görə də siyahını sətirlərə sığdırmaq və bir az ixtisar etmək zorundayıq: “Sahil” metrostansiyasının yaxınlığındakı binanın 10, 39, 40, 72-ci və daha bir mənzili: Opera və Balet Teatrının yanında yarım milyonluq bir mənzil; Mahnı Teatrının yanında 400 min manat qiyməti olan mənzil; Novxanıda 1.5 milyon dəyəri olan bağ evi və torpaq sahələri; “Nərimanov” metrostansiyasının yaxınlığında 400 kvadrat metrlik mənzil; “8-ci kilometr”də 1 milyon dəyəri olan obyekt.
Bunlar rəsmən qeydə alınan, aşkar olunan əmlaklardır, ancaq güman ki, təhlükəsizlik generalı digər əmlaklarının (ölkənin digər yerlərində və xaricdə olan varidatının) təhlükəsizliyinin qeydinə daha yaxşı qalıb.
Təsəvvür edin, tutulana qədər geniş ictimaiyyətin, hətta medianın soyadını bilmədiyi, yalnız öz dar çevrəsində tanınan bu şəxs şəhərin mərkəzində, özü kimi yüksək vəzifəli şəxslərin qonşuluğunda bu qədər əmlaka sahib imiş. Yeri gəlmişkən, sözü gedən nahiyədə əmlakı olan digər vəzifəli şəxslər, prinsipcə, Şıxəliyevdən nə əskik, nə də artıqdırlar, malik olduqları sərvəti də, demək olar ki, eyni üsul və yollarla əldə ediblər. Hələlik onlara bir söz deyən yoxdur.
Hələ 2015-ci ilədək MTN rəhbəri olmuş Eldar Mahmudovun köməkçisinin əmlakınn siyahısısına baxın: İki qeyri-yaşayış sahəsi; Buzovnada fərdi yaşayış evi; Bülbül prospektində daşınmaz əmlak; Bakıda mənzil; 1 hektara yaxın torpaq sahəsi; Xocəsəndə fərdi yaşayış evi; Yasamalda yaşayış evi; Səbaildə torpaq sahəsi; 2015 model “Jaguar XJ” avtomobil; 2014 model “Mercedes Benz E-350"; 2014 model ”Toyota Camry"; 2015 model “Citroen C4 Picasso”; 2013 model “Citroen”; “Kapital Bank”da 74 min dollar; “Beynəlxalq Bank”da 40 min dollar və 8 ədəd raritet avtomobil...
Bu, hələ köməkçidir, idarə rəisi, nazir müavini və ya nazirin özü deyil. Bunların hər hansı birini məvaciblə əldə etmək mümkün deyil, bunları çamadanla gələn aylıq xəraclarla, silsiləvi qarətlər, soyğunlarla toplamaq olar. Heç Əlibaba və qırx quldur bu qədər sərvəti bir araya gətirə bilməzdi.
Korrupsiyaya qarşı mübarizə prinsipial və genişmiqyaslı olmasa, bu ölkədə nə azad sahibkarlıq inkişaf edəcək, nə sosial ədalət olacaq. Əvvəl-axır bu “cəngəllik qanunları” ləğv olunmalıdır.
Ən pisi odur ki, bu cür siyahılar daha ajiotaj doğurmur. Hamı bu qənaətə gəlib ki, nazirlərin və onların müavinlərinin milyonluq əmlaka malik olması təbiidir, normadır.
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
30 Sentyabr 2024
28 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ