İnsanlara hürriyət, millətlərə istiqlal!

Astanada Türk büsatı, Böyük Qayıdışın sevinci və Türk Əsrinin Turan yolu...

Bu dəfə Qazaxıstan paytaxtında toplaşdı Türk Dövlətlərinin liderləri. Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, həmçinin Türk Dövlətlər Təşkilatının müşahidəçi statuslu ölkəsi Macarıstan Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə bir araya gəldilər.

Qarşılanma mərasimləri, Zirvənin başlanğıcındakı ruhu coşduran möhtəşəm təqdimat, hər türk dövlət başçısının vaxtilə müşahidə etdiyimiz kimi “ortaq əcnəbi dildə” deyil, ÖZ DİLİNDƏ nitq söyləməsi...Hər şey mükəmməl idi. Bu, həm də ortaq türkcəyə gedən müqəddəs yolçuluqdur!

Azərbaycan Prezidenti İlham Əliyevlə evsahibinin - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, həmçinin digər Türk dövlət başçılarının liderlərinin səmimi görüşü, isti mesajlar damarından türk qanı axan hər kəsin ruhunu coşduran kadrlar idi. Axı, bu günləri, Türk ellərinin, sərkərdələrinin bir araya gəlməsini Türk Evinin qurulmasını çox gözləmişik. Zaman-zaman aramıza nifaq düşürənlər, bizləri ayrı salanlar, parçalayıb, hökm edənlər olub. Bu dəfə şükürlər olsun, aramıza girməyə cürət etmirlər.

1698994403634752905_1200x630.jpg (540 KB)

Qazaxıstan lideri Zirvə görüşünü açarkən qonaqlarını səmimi salamladıqdan sonra Türkün növbəti Zəfəri münasibətilə Azərbaycanı təbrik etdi: qürur verən mənzərə! Prezident Tokayev Zirvədəki çıxışına Azərbaycan Prezidentinə xitabən “Hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmləndirilməsi münasibətilə təbrik edirəm.Ölkəniz ərazi bütövlüyünü bərpa edibvə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım BMT-nin Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğuin olaraq atılıb”-sözləri ilə başladı. Əslində bu, Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyən qüvvələrə, paytaxtlara, təşkilatlara Türk Dövlətlər Təşkilatının CAVABı sayılmalıdır. Yəni Azərbaycanın haqqına girmək təkcə onun Şuşa Bəyannaməsi ilə müttəfiqliyini, qardaşlığını daha da möhkəmləndirmiş Türkiyəyə qarşı deyil, bütövlükdə Türk Dövlətlər Təşkilatında cəm olan dövlətlərin haqqına müdaxilədir, heysiyyatına toxunmaqdır, qarşısında BİZi görəcəksiniz! Heç şübhəsiz, bu münasibətlər TDT üzvlərinin Şuşa Bəyannaməsinə bənzər təhlükəsizlik sazişi imzalaması ilə bitəcək, inanırıq!

Bilgə xaqan! « ONN İnformasiya Agentliyi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin nitqinə Göytürk Xaqanı, əfsanəvi Türk sərkərdəsi Bilgə Xaqanın “Ey Türk milləti! Titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan!”- məşhur xitabı ilə başlaması da başqa bir ovqat yaratdı.

Macarıstanın Baş naziri Viktor Orbanın Türk Zirvəsi ilə bağlı dəyərləndirməsi, Azərbaycan Prezidentinə xitabən ölkəmizin uğurlarından danışması, dövlət başçımızı bu münasibətlə təbrik etməsi, regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərə və Qarabağın bərpa işlərində Prezident Əliyevə uğurlar arzulaması Avropanın Türk dövlətindən möhtəşəm jest oldu. Ümumilikdə bu zirvə Türk dövlətlərinin Azərbaycanın Qarabağ qələbəsi, ərazi bütövlüyünü tam təmin etməsi ilə bağlı büsatı kimi də dəyərləndirilə bilər. Türk eli toy-bayram tonqalı çatmışdı Astanada! İnşallah 21-ci – Türk Əsrində zəfərlərimiz davamlı olar!

Azərbaycan Prezidenti İlham Əliyev yubiley Zirvəsində çox mühüm məsələlərdən bəhs etdi. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq xüsusi vurğulayan dövlətimizin başçısı vurğuladı ki, etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Bəli, qeyd olunduğu kimi, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Zamanında Naxçıvanda bir araya gələn Türk dövlətlərinin liderlərinin qısa müddətdə bu qədər uğurlu yol qət edəcəklərini çox mərkəzlər hesablaya bilməzdi. Amma oldu, Türk özünə qayıtdı və daha da böyük oldu. Prezident Əliyevin qeyd etdiyi kimi, bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Türk dövlətləri arasında əlaqələrin səmimiyyət dərəcəsini əks etdirən önəmli statistikadan bəhs edərkən təkcə bir faktı xatırlatmaq yetərli sayıla bilərdi: son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunb. Eyni zamanda qardaş dövlətlərin rəhbərləri də bu müddət ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər, qarşılıqlı şəkildə əlaqələrin inkişafı, münasibətlərin səmimi məcrada inkişafı istiqamətində önəmli addımlar atlılıb.

30 il ərzində işğaldan əziyyət çəkən, 1 milyon qaçqın-köçkünün yükünü təkbaşına daşıyan Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, nəhəng rəqəmdir. Eyni zamanda birgə sərmayə fondlarının yaradılması prosesi başlanıb, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. 2023-cü ilin ilk yarısında Azərbaycan MilliMəclisi Türk İnvestisiya Fondunun yaradılm ası haqqında Sazişi təsdiq edib ki, bu da Türk dövlətləri arasında daha geniş əməkdaşlıq imkanları qazandıran tarixi qərardır.

Azərbaycan Prezidenti öz çıxışında məmnunluqla qeyd etdi ki, əməkdaşlıq əlaqələri artan dinamika ilə inkişaf edir. Konkret rəqəmlər aydın təsəvvür yaradır: 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb. Türk düşmənlərinin də aldığı mesajlar var...

Ancaq dayanmaq, durmaq, yerində saymaq yox. Ölkə başçısının da qeyd etdiyi kimi, münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Sitat: “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir”.

Astana Zirvəsində qeyd olunduğu kimi, əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Prezident İlham Əliyev bu mövzudan bəhs edərkən Ermənistanın işğalçı siyasətinin fəsadlarından, Azərbaycanın üzləşdiyi fəlakətlərdən danışdı, bədnam qonşularımız tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurdlarından qovulduğunu, 30 ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığını və burada qeyri-qanuni qondarma rejim yaratdığını, Ermənistanın şəhər və kəndlərimizi, tarixi və dini abidələrimizi dağıtdığını, təhqir etdiyini bir daha xatırlatdı. Vurğualdı ki, Azərbaycan münaqişəni uzun illər ərzində sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi. Sitat: “Ermənistan baş nazirinin 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlara son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi”.

Dövlət başçısı ölkəmizi yersiz şəkildə ittiham edən paytaxtların nəzər-diqqətinə bir daha çatdırdı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. “BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindənçıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir”-deyə, cənab Prezident bildirdi.

e955611c-543c-384a-8d5e-0140dc52fe83jpg-1698994865.jpg (162 KB)

Ölkəmizin ünvanına atılan iftiralara, əsassız günahlandırmalara cavab olaraq Prezident qeyd etdi ki, Azərbaycan sülhə hazır olan tərəfdir. Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyanlayıb və beş baza prinsipini təqdim edib. Sitat: “2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi...2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi...Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir”.

Astanada səsləndirilən bu bəyanat həm də yaddaşı gödək olanlara BİTDİ mesajı idi! Yəni mənasız polemikalara son qoyun, əlimizi işdən soyutmayın! Budur, Ermənistanın və havadarlarının dağıtdıqlarının yerində biz tikirik: Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur. Böyük Qayıdış Proqramı uğurla icra olunur. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur...Ölkə başçımız bütün bunları əminliklə söylədi. Türkün, Türk elinin, ulusunun BÖYÜK QAYIDIŞIDIR, özünə dönüşüdür, Bilgə Xaqanın vəsiyyətinin icrasıdır həm də. Bundan gözəl nə ola bilər?.. Böyük Xaqanın missiyasını bu gün Prezident İlham Əliyev davam etdirir: 2026-cı ilədək azad olunan torpaqlara 140 min vətəndaşımız qayıdacaq! Doğma torpaqlarda həyat qaynayacaq. Prezident Əliyev Türkün izi olan torpaqlara Türkün özünün qayıdışını təmin edir, Böyük Qayıdışla düşmənin gözünü oyur! Ermənistanı dövlət kimi tanımayan Özbəkistan, bu ölkəyə sərhədlərini qapayan Türkiyə kimi qardaş ölkələr də çox sevinclidir. Zəfər ayının üçüncü günündə biz bu sevinci hər birimiz müşahidə etdik.

Böyük Qayıdış Dövlət Proqramı | Ereforms.gov.az

Təkcə izləmirlər, bizimlə birgə sevinmirlər, alqış demirlər...Bu qayıdışda, müqəddəs işlərdə qardaşlarımızı da yanımızda görmək hər birimizi qürurlandırır, tək olmadığımızın əminliyi fonunda daha əzmlə çalışırıq. Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində məktəb inşa olunub. Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevintəşəbbüsü ilə Füzuli şəhərində yaradıcılıq mərkəzi inşa edilib. Türkiyənin Qarabağda, Şərqi Zəngəzurda varlığını təsdiqləyən layihələrin sayı kifayət qədərdir...Ermənipərəst paytaxtlar bu quruculuq işlərində Azərbaycanın tək qalacağını və onlara minnətçi düşəcəyini zənn edirdilər, yanıldılar, biz ÇOXUQ, BİRİK, DİRİYİK, İRİYİK!

Türk Dövlətlər Təşkilatının ağsaqqalı - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10-cu yubiley Zirvəsində Zəngəzur dəhlizindən bəhs etməsi də Turan yolunun, Türk yolunun gündəmdə olduğunu, “olmazsa, olmaz”ını isbatları. Sitat: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.

Bu, Türk Əsrində bizi ayrı salan bütün ayrılıqlar aradan qaldırılacağının diplomatik anonsudur. Budur qardaşlıq, budur arxa-dayaq olmaq! Allah yar və yardımçımız olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024