İnsanlara hürriyət, millətlərə istiqlal!

11 gündən sonra gələn “təəssüf bəyanatı” – Təəssüf...

 

Sanki bir az gec oldu. Hadisə bu ayın 4-də baş verib, ancaq Böyük Britaniya hökuməti Azərbaycanın Londondakı səfirliyinə hücuma görə təəssüfləndiyini ayın 15-də bildirib. 11 gün sonra... Nə qədər də operativ bir reaksiya...

Hələ bu da Azərbaycanın Londondakı səfiri Elin Süleymanovun Böyük Britaniyanın xarici işlər nazirinin müavini Qrem Stüartla görüşündən sonra olub. Görüş olmasa, müvafiq bəyanat da olmayacaqmış. Belə çıxır.

İlk gündən aydın idi ki, ingilislər üçün bir qrup dini radikalın səfirliyimizə basqını, səfirlik işçilərini terrora məruz qoyması, dövlət atributumuza qarşı həqarət etmələri sıradan bir şeydir, adi “insident”dir, “xoşagəlməz hadisə”dir, “etiraz aksiyası”dır.

Məşhur replikada deyildiyi kimi, bu onlar üçün belədir, bizim üçün suveren dövlətin ərazisinə müdaxilədir, dövlətimizin təhqir edilməsi, vətəndaşlarımızın həyatının təhlükəyə atılmasıdır, başqa sözlə, terror aktıdır.

Etiraz aksiyası ilə terror aktının arasındakı fərqləri ingilis diplomatlar bizdən yaxşı bilirlər. Çünki son 200 ildə o dövlətin diplomatları dünyanın bir çox yerində hər iki hadisə ilə çox qarşılaşıblar.

Bəs bənzər hadisə Bakıda Birləşmiş Krallıq (BK) səfirliyinə qarşı olsaydı, necə olardı? İngilis diplomatlar 11 gün sonra gələn “təəssüf” bəyanatına təhəmmül edərdilərmi? Əsla etməzdilər. Onlar elə “insident”in ertəsi günü etiraz bəyanatlarını bir-birinə calayar, təhlükəsizliyə təminat tələb edər, səfirlərini “məsləhətləşmək üçün” paytaxta çağırar, belə davam edəcəyi təqdirdə diplomatik münasibətlərin gözdən keçiriləcəyinə dair açıqlamalar verər, bir sözlə, bu işi belə qoymazdılar.

Amma Azərbaycandır, kiçik ölkədir, çox da ki onun səfirliyində nəsə bir insident olub, keçib gedər, çox da konsentrasiya olmayaq – düşüncə budur.

Cənab Stüartın açıqlamasında belə bir cümlə də yer alır: “Böyük Britaniya azadlıq hüququnu dəstəkləmək ənənəsini uzun müddətdir davam etdirir”.

Bu, səfirliyə hücum edənlərin malik olduğu azadlıq hüququnu nəzərdə tutur, yəni onlar elə bir qəbahətə yol verməyiblər, etiraz bildirmək azadlığına dair hüquqlarından istifadə ediblər.

Əslində isə bir qrup şəxsin dövlət sərhədini pozaraq suveren dövlətin ərazisinə dalması, orada sərhədə yaxın yaşayış məntəqəsinin icra hakimiyyəti orqanını ələ keçirərək, başqa bir dövlətin bayrağını qaldırması hadisəsi nədirsə, avqustun 4-də səfirliyə hücum də birəbir o akt idi.

Ancaq siz 11 gün sonra gələn “təəssüf açıqlaması”na baxın: azadlıq hüququnu dəstəkləmək ənənəsini uzun müddətdir davam etdirirmişlər.

Bu, o deməkdir ki, Böyük Britaniya dövləti Azırbaycan kimi dövlətlərdən ötrü öz daxilində kompakt yaşayan dini konfessiyanın radikal kontingenti ilə münasibəti korlamaq, onların daha da radikallaşaraq öz üzərinə qalxmasına səbəb olmaq istəmir.

Keçmiş vaxtlarda İngiltərədə yaşayan radikal müsəlmanların kütləvi etiraz aksiyaları təşkil edərək ictimai-siyasi arenada gərginlik yaratmaları hadisələri çox olub. Ayrıca BK vətəndaşlığı olan müsəlmanlar seçicidirlər və seçkilərdə onların kompakt şəkildə, bir fətva ilə hansısa partiyanı dəstəkləməsi həlledici ola bilir. Ona görə də ingilis siyasilər bu amili də gözardı etmirlər.

İkincisi, bu radikal qrupların arxasında dayanan dövlətlər var. Görünür, rəsmi London iki müsəlman dövlətinin arasında gedən hansısa intriqaya qarışmaq, tərəf olmaq istəmir, düşünür ki, bu işdə onun hər hansı mənfəəti yoxdur, qoy öz münasibətlərini özləri ayırd etsinlər.

Belə çıxır ki, ingilis siyasilər, diplomatlar və kəşfiyyatçılar səfirliyə hücumun arxasında hansı dövlətin dayandığını bilirlər. Əlbəttə, bilirlər. Onlar bunu səfirliyə hücumun saatı tamam olmamış artıq bilirdilər. Dünyanın o başındakı dövlətlərin daxili siyasətinə aid ən önəmsiz detalları bilən ingilis kəşfiyyatı bunu bilməyəcəkdimi?

Hələ bir baxaq, görək, polis tərəfindən saxlanıldığı deyilən 8 basqınçı indi haradadırlar və sonra harada olacaqlar.

Uzun sözün kəsəsi, avqustun 4-də Londonda baş verən insident bizim üçün sıradan bir hadisə deyil. Bu, dostumuzun, düşmənimizin kim olduğunu lakmus kağızı, məhək daşı kimi bəlirləyən bir olaydır. BK diplomatiyası bu sınaqdan yaxşı çıxmadı.

Biz indən belə hər şeyə hazır olmalıyıq, öz başımızın ağrısına özümüz əlac qılmalıyıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

16 Sentyabr 2024

13 Sentyabr 2024

11 Sentyabr 2024

09 Sentyabr 2024

07 Sentyabr 2024

05 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

27 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

24 Avqust 2024

23 Avqust 2024

21 Avqust 2024

19 Avqust 2024

17 Avqust 2024

15 Avqust 2024

14 Avqust 2024

13 Avqust 2024

12 Avqust 2024

10 Avqust 2024

08 Avqust 2024

06 Avqust 2024

04 Avqust 2024

02 Avqust 2024