Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, dekabrın 18-də Strasburqda Avropa İttifaqı (Aİ) qanunvericiləri önündə çıxış edən Salome Zurabişvili, Aİ-ni Gürcüstanda müxalifəti daha çox dəstəkləməyə və ölkədə hakimiyyətə qarşı təzyiq göstərməyə çağırıb.
“Avropa təzyiq rıçaqları tapmalıdır. Əgər Avropa 3.7 milyon əhalisi olan ölkəyə təsir edə bilmirsə, 21-ci əsrdə nəhəng ölkələrlə rəqabətə necə dözəcək?” – deyə Zurabişvili bildirib.
O həmçinin Avropanı Gürcüstanda yeni seçkilərin keçirilməsi üçün hakimiyyətə təzyiq göstərməyə çağırıb və Avropa ölkələrini reaksiyalarında gecikməkdə tənqid edib:
“Gürcülər gecə-gündüz mübarizə apardığı bir vaxtda avropalılar gec oyanır və gec reaksiya verir”.
Makronun adamı və Fransa maraqlarının müdafiəçisi Salome Zurabişvili Gürcüstan prezidenti olsa da (bir neçə gündən sonra keçmiş prezident olacaq) Fransa vətəndaşıdır və ölkəsində siyasi fəaliyyətinə məhz Fransanın 2001-2004-cü illərdə Gürcüstandakı səfiri kimi başlayıb. Prezident olduğu dövrdə də Zurabişvili özünü hələ də Fransanın Qafqazdakı canişini kimi aparır və Emmanuel Makronun maraqlarını Gürcüstan xalqının mənafelərindən üstün tutmaqda günahlandırılır.
Fransanın dəstəyi ilə hakimiyyətə gəlmiş Zurabişvili Gürcüstan tarixində öz ölkəsində qarışıqlıq yaradan, xarici təsirlərə açıq prezident kimi yadda qalacaq. Onun Makronla yaxın əlaqələri və Qərbin təzyiq mexanizmlərindən istifadə edərək ölkənin daxili siyasətinə müdaxiləsi geniş tənqidlərə səbəb olub.
Yeni prezident və Zurabişvilinin siyasi sonu
Gürcüstanın yeni prezidenti Kavelashvili, seçkilərdə rəqibsiz qalib elan edilərək hakimiyyətə gəlib. Lakin Zurabişvilinin seçkilərin nəticələrini tanımaması və prezident sarayını tərk etməməsi onun siyasi həyatı boyu göstərdiyi destruktiv davranışların son nümunəsidir. Onun səlahiyyətlərinin 29 dekabrda rəsmi olaraq başa çatacağı bildirilir.
Zurabişvilinin mirası: ölkədə böhran və qarışıqlıq
Zurabişvili Gürcüstan tarixində təkcə siyasi böhran yaradan prezident kimi yox, həm də ölkəsində xarici təsirlərin və manipulyasiyaların artmasına şərait yaradan lider kimi qalacaq. Onun hakimiyyəti dövründə Fransa və Makronun maraqları daim ön planda olub. Gürcü xalqının milli maraqlarını gözardı edərək, Zurabişvili siyasi prosesləri daha da gərginləşdirib və ölkənin gələcəyinə mənfi təsir göstərib.
Bu arada, dekabrın 18-də Avropa Şurasının baş katibi Alen Berse Gürcüstana dördgünlük səfərə gəlib.
Berse açıqlamasında bildirib ki, səfərinin məqsədi polisin etirazçılara zor tətbiqindən sonra AŞ ilə Gürcüstan hökuməti arasında əməkdaşlığın davam etdirilməsi üçün şərtlərə cavab verilib-verilməməsini yoxlamaqdır.
"1999-cu ildən Avropa Şurasının üzvü olan Gürcüstan demokratiya, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi kimi fundamental öhdəliklərinə hörmət etməyə borcludur", - Bersenin səfərdən öncə yayılan bəyanatında belə deyilib.
O, tərəfləri gərginliyi artırmamağa, polisi isə "qeyri-mütənasib" güc tətbiqindən çəkinməyə çağırıb. Bersenin fikrincə, söz və toplaşma azadlıqlarına sayqı Gürcüstanda sabitliyi təmin etmək və gürcülərin gözləntilərini doğrultmaq baxımından önəmlidir.
Xatırlatma
Müxalifətdən olan deputatlar parlament seçkilərinin nəticəsini tanımayıb, hakimiyyətini saxlamaq üçün "Gürcü arzusu"nun seçkini saxtalaşdırdığını iddia ediblər.
Ötən ay Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarının ertələnməsi barədə hakim partiyanın qərarı ölkədə siyasi böhran yaradıb. Hakimiyyət nümayişlərə sərt reaksiya verib və son üç həftədə yüzlərlə insan saxlanılıb. ABŞ və Aİ müxalifətə, jurnalistlərə qarşı zorakılığı qınayıb.
Musavat.com
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ