Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada tarixi hadisə baş verib, ölkənin ilk müsəlman qadını daxili işlər naziri vəzifəsinə təyin olunub. Şabana Mahmud sentyabrın 5-də bu posta gətirilib və bu addım həm Britaniya siyasətində, həm də Avropa siyasi tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Musavat.com bildirir ki, Birmingemdə pakistanlı bir ailədə doğulmuş Mahmud hüquq təhsili alaraq 2002-ci ildə Oksford Universitetinin Lincoln Kollecindən məzun olub.
O, karyerasına barrister (advokat) kimi başlayıb, daha sonra isə 2010-cu ildən etibarən parlamentdə Birmingham Ladywood dairəsini təmsil etməyə başlayıb. Şabana Mahmudun adı ilk dəfə 2024-cü ildə ədliyyə naziri və Lord Kanzler vəzifəsinə təyin olunanda ön plana çıxmışdı. O, məhz həmin dövrdə həbsxana sıxlığını azaltmaq məqsədilə bəzi məhkumların erkən azadlığa buraxılması proqramını həyata keçirməklə geniş müzakirələrə səbəb olmuşdu.
Şabana Mahmud təkcə peşəkar karyerası ilə deyil, həm də şəxsi mövqeyi ilə seçilir. O, verdiyi müsahibələrin birində açıq şəkildə bildirib:
“İslam mənim inancımdır. Mənim üçün dinim həyatımın ən vacib tərəfidir. İnamım mənim kimliyimin əsasını təşkil edir, dünyaya baxışımı, düşüncə tərzimi və rolumu müəyyənləşdirir”.
Onun kabinetində Quran ayələrinin yazıldığı lövhələr və Məkkənin müqəddəs yerlərinin fotoları da saxlanılır. Bu, yeni nazirin siyasi yolunun dini inanclarla necə sıx bağlı olduğunu göstərir.
Yeni daxili işlər naziri kimi Şabana Mahmudun qarşısında bir sıra çətin vəzifələr dayanır. Əsas mövzular arasında qeyri-qanuni miqrasiya axınlarının qarşısının alınması, La-Manş boğazı üzərindən artan qaçışların dayandırılması, sığınacaq siyasətinin islahı və polis, eləcə də milli təhlükəsizlik sistemlərinin gücləndirilməsi var. Britaniya mətbuatının yazdığına görə, onun bu vəzifədəki ən böyük sınağı ölkənin miqrasiya böhranı və ictimai asayiş problemlərinin həlli olacaq.
Şabana Mahmudun təyinatı Britaniya cəmiyyətində də geniş rezonans doğurub. Onun Pakistan mənşəyi və pro-Fələstin mövqeləri bəzi dairələr tərəfindən tənqid olunsa da, siyasi müşahidəçilərin böyük əksəriyyəti bu təyinatı çoxmədəniyyətli Britaniyanın demokratik iradəsinin göstəricisi adlandırır. Digər tərəfdən, Qərb mediası onun nazirliyə gətirilməsini tarixdə ilk müsəlman qadın daxili işlər naziri olması ilə “siyasi epoxanın başlanğıcı” kimi dəyərləndirir.
Beləliklə, Şabana Mahmud həm siyasi, həm də ictimai baxımdan Britaniya siyasətində yeni sima olaraq çıxış edir. Onun dini inancını açıq şəkildə etiraf etməsi, İslamı həyatının əsas dayağı adlandırması isə bu təyinatı həm ölkə daxilində, həm də beynəlxalq miqyasda daha çox diqqət mərkəzinə çəkib.
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ