Onlayn ictimai-siyasi qəzet
Ötən gecə Azərbaycan futbolunun növbəti "qara gecəsi" idi. Millimiz Dünya Çempionatı 2026-nın qrup mərhələsi çərçivəsində keçirdiyi ilk oyunda darmadağın oldu. Gəncə boyda əhalisi olmayan İslandiya qarşısında biabır olduq, qapımızdan cavabsız nə az, nə də çox, 5 qol buraxdıq. İslandiya qapısına bircə kərə də olsun ki, yaxınlaşa bilmədik. Yəqin ki, oyun ərzində rəqib qapıçı bekarçılıqdan "iqra oynayırdı".
Bu məğlubiyyətin ardından AFFA-nın, baş məşqçi Fernando Santuşun və oyunçuların ünvanına ən sərt reaksiyalar müşahidə olunur. Hətta özündən zəif görünən İslandiyaya futbolçuların qəsdən bu cür uduzduqları ilə bağlı iddialar da ortaya çıxıb.
Musavat.com xəbər verir ki, tanınmış futbol mütəxəssisi Kənan Məstəliyev bununla əlaqədar öz fikirlərini bölüşüb:
"Hər şeyi başa düşdük. AFFA günahkardır, məşqçi günahkardır. Bəs bu fotodakıların heç günahı yoxdur? Onları niyə kənara qoyuruq? Niyə oynamırlar? Oynaya bilmirlər yox ha, oynamırlar.
Oyundan əvvəl yazmışdım, fikrimdə də qalıram: biz bu İslandiyanı uda bilərdik, udmalıydıq da. Primitiv, xüsusi heç nə ilə fərqlənməyən, ortabab bir şimal komandasıdır. Bizim kimi yığmalar belələrinin qənimidir. Biz İslandiyadan güclü idik. Amma bu gücü ortaya qoya bilmədik. Bəlkə istəmədik?
Əlbəttə, futbolçuları heç nədə ittiham edə bilmərəm. Həm qeyri-peşəkarlıq olar, həm buna sübutum yoxdur, həm də inanmaq istəmirəm belə şeylərə. Köhnələr bilər, axırıncı dəfə belə söhbətlər 20 il əvvəl olmuşdu, millinin nüfuzuna ağır zərbə dəymişdi. Təkrarlanmasını istəmirəm.
İşə peşəkar münasibətlə yanaşanda görürük ki, məğlubiyyətlərə görə 3 tərəf məsuliyyət daşıyır: rəhbərlik, məşqçi və futbolçular. Rəhbərlik ona görə günahkardır ki, ehtiyac olmadığı halda Santuşu gətirib, yüksək məvacib verib, uzunmüddətli müqavilə imzalayıb. Hərçənd portuqaliyalının bura gətirilməsi prosesi də şəffaf deyil. Amma bu, nəticəni dəyişmir. Cavabdeh yenə də bu rəhbərlikdir. Məşqçi ona görə cavab verməlidir ki, bu qədər müddət ərzində bir dənə də olsun qələbə qazana bilmədi. 50 cür taktika qurdu, sxem dəyişdi, amma bir nəticə hasil edə bilmədi. Üstəlik, komanda ilə də ünsiyyəti qaydasına sala bilmədi. Məşqçilik təkcə sxemlər yox, həm də müəllimlik, böyüklük edə bilmək deməkdir. Santuş bunu bacarmadı. Ona görə də getməlidir. Özü etməli idi bunu, etmədi. Biz edək.
Futbolçular da cavab verməlidir ki, meydanda ardıcıl 3 pası verə bilmədilər, 90 dəqiqə ərzində düz-əməlli bir işi ortaya qoya bilmədilər. Lap məşqçi səhv taktika qurub, sənə səhv tapşırıq verib. Adi şeyləri etməyi də qadağan etməyib ki? Futboldan başqa bir şey bacarmırsan, ömrün boyu ancaq futbol oynamısan, ancaq top qovmusan. Bu müddət ərzində dəfələrlə məğlub duruma düşmüsən, ondan çıxmağı da bacarmısan.
Bəs niyə İslandiya kimi dəxlisiz komandaya qarşı iki top buraxan kimi dağılırsan? Meydanda nə mən jurnalist oynayıram, nə məşqçi, nə prezident, nə baş katib oynayır, nə də azarkeş. Futbolu sən oynayırsan və bir zəhmət, işinin öhdəsindən yaxşı gəl. Gəlmirsənsə, çəkil qırağa, qoy yerinə başqaları, gənclər gəlsin, onlar oynasın".
K.Məstəliyev sərt çağırış da edib:
"Millinin futbolçuları ciddi şəkildə sorğu-sual edilməlidir. Nə dərdləri varsa, açıq desinlər. Kiminsə rəhbərliyi altında oynamaq istəmirlərsə, kimdənsə narazıdırlarsa, açıq şəkildə bunu bəyan etsinlər, səbəblərini desinlər, bilək. Yoxsa naməlum səbəbdən, naməlum məqsədlə bu qədər ruhsuz olmalarının, top uğrunda mübarizə aparmamalarının niyəsini başqa şeylərdə axtaracağıq, ağlımıza başqa-başqa fikirlər gələcək, işə müvafiq orqanların qarışmasını istəyəcəyik.
Bu milli bizimdir. Onu bu vəziyyətə qoymağa heç kimin ixtiyarı yoxdur. Peşəsindən, vəzifəsindən, işindən asılı olmayaraq".
Cavanşir ABBASLI
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ