Onlayn ictimai-siyasi qəzet
Son 20 ildə Azərbaycanın bütün sahələr üzrə qazandığı nailiyyətlər beynəlxalq aləmdə də etiraf olunur. Xüsusilə, 3 il əvvəl Ermənistan üzərindəki tarixi Qələbəmiz ölkəmizin dünya birliyindəki reytinqini daha da yüksəltdi. Bu şanlı Zəfərdən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli artıb. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma, abadlıq və tikinti- bərpa işlərində dünyanın bir sıra dövlətlərinin də iştirakı tarixi Qələbəmizin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin təsdiqidir. Bir ay öncə Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünü tamamilə bərpa etdi. Separatçı rejim yenilməz Azərbaycan Ordusu qarşısında cəmi 24 saat davam gətirə bildi. Günahsız insanların ölümünə bais olmuş separatçı xunta rejiminin üzvləri bir-birinin ardınca qolları qandallı ölkəmizə gətirilir. Onlar törətdikləri vəhşiliyə görə qanun qarşısında cavab verəcəklər. Təəssüf edirəm ki, sapı özümüzdən olan “baltalar”- radikal müxalifət, xaricdə oturan bəzi sosial şəbəkə “qəhrəmanları” bu uğurlarımza kölgə salmağa cəhd edir, bəzi hallarda erməni quldurlarına haqq qazandırmağa çalışırlar. İstər müharibə , istərsə də sonrakı dövrdə radikalların ucuz demaqogiyası, əsl reallıqları “görməmələri” yalnız təəssüf doğurur. Bütün regiona sülh, rifah və barış gətirmiş Azərbaycanın quruculuq işlərinə kölgə salmaq cəhdlərinin isə bir adı var: xainlik.
Demokrat.az xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, hər bir cəmiyyətdə və dövlətdə sağlam müxalifətin olması bütün sahələrdə inkişafa zəmin yaradır. Düzü-düz, əyrini-əyri görmək cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, sağlam təfəkkürlü insanlara məxsusdur. Siyasətdə isə hər şeyi əyri görənlərin təfəkkürü və məntiqi qərəzçilik üzərində köklənib. Bu ədalətsiz yanaşma və paxılıq yalnız radikal müxalifətə xas olan xüsusiyyətdir. Məsələn, radikal müxalifət nümayəndələri öz ucuz ritorikaları vasitəsilə ölkəmizi Ermənistanla qərəzli şəkildə müqayisə edərək, əldə olunmuş uğurları Azərbaycan xalqının əlindən “oğurlamağa” çalışır, qazandığımız tarixi Qələbəni qısqanclıqla qarşılamalarını ört- basdır edə bilmirlər. Hesab edirəm ki, iqtidarın qazandğ uğurlara sevinməmək xəbislik və xainlikdir. Real siyasi rəqiblər qarşısındakının qazandığı qələbəni ən azı əl uzatmaqla təbrik etməli, müxtəlif yollarla öz tərəfdaşlarna çatdrmalı və gələcəkdə müxalifət olaraq qalacaqlarını bildirməklə, eyni zamanda, dövlətin və xalqın milli maraqlarına söykənən bütün ideyaların ətrafında birləşəcəyini qeyd etməlidirlər. Biz bunu qardaş Türkiyənin timsalında da tez-tez görürük. Hətta seçkilərdə iştirak edən və etməyən müxalifət partiyalarının nümayəndələri də rəqiblərinin qələbəsini, uğurlarını sevinclə qarşılayırlar.
Ç.Qənizadə bildirib ki, bizdə isə tamamilə fərqlidir. Azərbaycan cəmiyyəti tarixin bütün dövrlərində radikal müxalifətin-xainlərin düşmənin yanında olmalarına şahidlik edib. Bir faktı diqqətə çatdırmaq yerinə düşərdi. Ölkəmizə qarşı açıq düşmənçilik mövqedə olan və erməni lobbisinin yuvası hesab edilən Fransanın danışıqlar prosesində vasitəçilik etməyini arzu edən AXCP heç bir halda milli siyasi qüvvə sayıla bilməz. Siyasi mədəniyyətdən məhrum olmuş radikal müxalifət- xaricdə oturan bəzi sosial şəbəkə “qəhrəmanları” öz mövcudluğunun mənasını yalnız düşmənçilikdə görür. Nifrət, düşmənçilik və cəmiyyətdə total şübhə toxumunun yayılması, tarixi uğurlarımza sevinməyən radikalların siyasi mübarizə metodlarıdır. Xəstə təfəkkürlü, hakimiyyətə qarşı düşmənçilik edən, bəzi əməlləri ilə ermənilərə dəstək verən radikal müxalifətin hətta şanlı Qələbəni belə şübhəyə salmaları heç də təəccüblü və təsadüfi deyil. Çünki onlar xarici ağalarının, radikallara çirkli pullar ötürənlərin sifarişlərini yerinə yetirir və çaldıqları hər havaya oynayırlar.
Hüquq müdafiəçisi qeyd edib ki, sapı özümüzdən olan “baltalar” uzun müddətdir ki, hakimiyyətin qazandığı bütün uğurlara qısqanclqla yanaşırlar. Son hadisələrdə, xüsusilə, 44 günlük Vətən müharibəsində, şanlı Zəfərin qazanlımasında, ondan sonrakı proseslərdə, lokal xarakterli antiterror əməliyyatlarında xalqmız və ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar Prezidentin, Ali Baş Komandanın ətrafında birləşəndə radikal müxalifət “zavallı ermənilər”in yanında idi. Onlar döyüşçülərimizi ruhlandrmaq əvəzinə, “Qarabağı heç vaxt azad edə bilməyəcəklər”- deməklə xalqın iradəsini sarsıtmaq istəyirdilər. Qələbədən sonra müxtəlif yalan və böhtanlara, məsələn,”Xankəndiyə, Xocalıya, Əsgərana girməyəcəyik”, “Ərazi bütövlüyümüzü bərpa edə bilməyəcəyik”, “Qarabağ azad olunarsa, qulağımı kəsərəm”- deyənlər, görəsən, bu möhtəşəm Qələbədən və cənab Prezidentin adı çəkilən şəhərlərdə Azərbaycanın Bayrağını qaldırandan sonra heç utanıb xəcalət çəkirlərmi?
Komitə sədri deyib ki, indi də belə müxalifət liderləri cənab Prezidentin oktyabrın 15- də Xankəndi, Xocalı, Əsgəran, Ağdərədə Dövlət Bayrağımızın qaldırılmasını öz prizmalarından yozmağa çalışaraq, iddia edirlər ki, niyə Prezident həmin ərazilərə bir aydan sonra getdi? Onların iddialarına görə, gərək Prezident antiterror tədbirlərindən dərhal sonra gedəydi. Amma bu adamlar dərk etmirlər ki, bölgədə təhlükəsizlik tədbirləri tam həyata keçirilmədən, Prezidentin həyatının təhlükəsizliyinə təminat verilmədən dövlət başçısının həmin ərazilərə səfər etməsi mümkün deyil. Bununla yanaşı, Azərbaycan bayrağının həmin ərazilərdə qaldırılmasına hazrlıq işləri görülməli idi. Göründüyü kimi, radikal müxalifət yenə su bulandırmaq istəyir. Ancaq bu dəfə də istəkləri ürəklərində qaldı.
“Bu uğurlarımızı və tarixi nailiyyətlərimizi görməyən radikal müxalifətin gözündəki eynəklərin və ya linzaların Ermənistan istehsalı olmasına heç bir şübhəmiz yoxdur. Çünki onların siyasi baxışları Ermənistanın siyasi hakimiyyəti və Avropada ələ alınmış satqın parlamentarilərin fikirləri ilə üst-üstə düşür” – deyə Ç.Qənizadə bildirib.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ