İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Bakının fəaliyyəti göz qabağındadır

 
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sahib Alıyev Türk Dövlətləri Təşkilatının artan nüfuzundan bəhs edib.
 
Musavat.com xəbər verir ki, o bildirib:
 
“Yaşadığımız dövr Makkinderin hartlend nəzəriyyəsinin nəinki keçərliliyinin, eyni zamanda hartlendəkilərin  rollarının artdığını üzə çıxarır ki, burada söhbət ilk növbədə türklərdən gedir. Türklər yenidən yönəldiləndən yönəldənə, öz oyununu oynayanlara çevrilməkdədirilər ki, TDT-nin Avropanın Mərkəzində - Macarıstanda keçirilən qeyri-rəsmi zirvəsi məncə, elə həm də onun təsdiqi idi.
 
Həmin Macarıstanın xarici işlər naziri bir zamanlar türk dünyasına üz tutduqlarına görə Avropada onlara gülənlərin indi qibtə etdiyini söyləyir və tam haqlıdır. Mən qürurla bildirirəm ki, məhz dövlətimizin bir sıra hallarda hətta qabaqlayıcı xarakter daşıyan addımları belə bir reallığın yaranmasına səbəb oldu.
 
Bu gün türk dövlətlərinin təklikdə apardığı oyunun komanda oyununun bir parçasına çevrilməsində, onların arasında fikir ayrılıqlarının tənzimlənməsində, mühüm məsələlərdə ortaq mövqenin formalaşdırılmasında rəsmi Bakının fəaliyyəti göz qabağındadır. Yəni biz türk dövlətləri arasında təkcə coğrafi, mədəni, mənəvi, mental deyil, həm də diplomatik körpü rolunu da oynayırıq”.
 
Sahib Alıyev ölkəmizin Şimali Kipr məsələsində sərgilədiyi prinsipial mövqeyə də diqqət çəkib:
 
“Cənab İlham Əliyevin müstəqillik, suverenlik və Quzey Kiprə yanaşmada da olduğu kimi geniş anlamda milli təəssübkeşlik məsələsində sərgilədiyi qətiyyət heç şübhəsiz qardaş dövlətərdə yetişən gənc siyasətçilərə də təsirsiz ötüşməyəcək. Əminəm ki, dövlət başçımız tarixdə cənab Ərdoğanın sözləri ilə desək, təkcə sülh yardan deyil, türk dünyasının vahid ailəyə və güc mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayan lider kimi qalacaq. 
 
Burada böyük məmnunluqla vurğualyıram ki, Budapeştdə TDT zirvəsi ilə eyni gündə Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfransın keçirilməsində bir rəmzlik vardı və mən istərdim ki, digər türk dövlətləri də Türkiyənin bu məsələdə göstərdiyi həssaslığı bölüşsünlər.
 
Cənab İlham Əliyevin sözü gedən konfrans iştirakçılarına müraciətində vurğulandığı kimi, Qərbi azərbaycanlıların qayıdış istəyinin Ermənistana qarşı ərazi iddiası demək olmadığının və istəyimiz reallaşana qədər bu məsələnin Azərbaycanın gündəliyindən çıxmayacağının  əminəm ki, onlar da fərqindədirlər”.
 
Sonda  deputat bunları vurğulayıb:
 
“Avropa Siyasi Birliyinin Tirandakı zirvəsinə, orada kimlərin cənab Prezidentin ayağına getdiklərinə toxunaraq bildirmək istəyirəm ki, dövlət başçımızın bu regionda Azərbaycanla hesablaşmayanların  peşmançılıq çəkəcəkləri haqda fikirləri axır vaxtlar bizə çeşidli yollarla təzyiq göstərməyə çalışanlara, torpaqlarımızın  işğalında Ermənistana verdikləri hərtərəfli dəstəyi tam da olmasa, rəsmi şəkildə artıq açıq etiraf edənlərə də aiddir”.
 
E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR