İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaz sayğacları harada və necə hazırlanır?- Gəncə Cihazqayırma Zavodundan REPORTAJ, VİDEO  

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı ilə Gəncə Cihazqayırma Zavoduna media tur təşkil edilib.

Musavat.com xəbər verir ki, media turda “Azəriqaz”ın əməkdaşları, zavodun nümayəndələri və media nümayəndələri iştirak ediblər.

Media nümayəndələri Gəncə Cihazqayırma Zavodunun istehsalı ilə yaxından tanış olublar. Burada istehsal olunan qaz və su sayğacları, həmçinin onlara məişət cihazları haqqında ətraflı məlumat verilib. Daha sonra jurnalistlərə zavodun fəaliyyətindən danışılıb.

Xatırladaq ki, məişət tipli qaz sayğaclarının yerli istehsalın hesabına təmin olunması məqsədi ilə 2021-ci ilin noyabr ayının 4-də “Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında memorandum imzalanıb. Memoranduma əsasən zavod tərəfindən texniki tələblərə, eyni zamanda meteoroloji parametrləri və texniki xüsusiyyətləri standartlara uyğun olan məişət tipli qaz sayğaclarının istehsal olunması və istehsal olunan qaz sayğaclarının “Azəriqaz”  tərəfindən xidməti sahələrdə quraşdırılması nəzərdə tutulub. Memorandum çərçivəsində ilkin olaraq 2 000 ədəd qaz sayğacının “Azəriqaz”a təqdim olunması təmin edilib. Həmin qaz sayğacları sınaq qurğularında yoxlanılıb və eyni zamanda  “Azəriqaz”ın qaz şəbəkəsində quraşdırılması həyata keçirilib. Sözügedən yoxlama və sınaqlar zamanı heç bir qüsur aşkar edilməyib. Artıq 2023-cü ilin may ayında “Azəriqaz”ın məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə “Gəncə Cihazqayırma Zavodu” ilə müqavilə bağlanıb. “Azəriqaz” ilə “Gəncə Cihazqayırma Zavodu”  arasında əməkdaşlıq çərçivəsində sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığının azalması; yəni qaz sayğaclarının alqı-satqısının yerli istehsalla həyata keçirilməsi, yerli sahibkarlığın inkişafına dəstəyin verilməsi, xarici valyutanın ölkədən kənara çıxmasının qarşısının alınması, şəffaflığın təmin edilməsi və qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılmasının təmin edilməsi nəzərdə tutulub.

Hazırda Gəncə Cihazqayırma Zavodunda illik 500 min ədədə yaxın qaz sayğacı istehsal olunur.  Zavodun baş mühəndisinin müavini Vasif Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, zavod fəaliyyətə başlayarkən illik istehsal 300 min ədəd idi:

“Bundan sonra da ehtiyac olarsa, lazımi tələbata uyğun istehsal üçün bütün resurslar mövcuddur. Hazırda zavodun 250-270 nəfər işçi sayı mövcuddur”.

O qeyd edib ki, Gəncə Cihazqayırma Zavodunun istehsal etdiyi qaz sayğacları daxili tələbatı ödəmək üçün zavod tərəfindən istehsal edilən su sayğacları isə Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya kimi xaric ölkələrə ixrac olunur: “Zavod enerji resurslarının həcminin ölçülməsi istehsalı sahəsində ixtisaslaşıb.

 Zavod 2022-ci ildə su sayğaclarının istehsalı ilə fəaliyyətə başlayıb. Bu gün bu sayğaclar respublikanın su təchizatında geniş istifadə  olunur və etibarını əyanişəkildə sübut edib”.

E. Rəhimov qeyd edib ki, 2023-cü ildə SOCAR rəhbərliyinə müasir düşüncəli kadrların gəlməsi ilə Azərbaycana əvvəllər idxal olunan məhsulların yerli istehsalının inkişafı üçün yüksək diqqət yetirilib:

 “Bu mühüm təşəbbüsün həyata keçirilməsi Gəncə Cihazqayırma Zavoduna da həvalə olunub. Zavodda bu etimadı doğrultmaq üçün öz ərazisində məişət qaz sayğaclarının, o cümlədən qaz sayğaclarının montaj hissələrinin, o cümlədən elektron modul, qaz sayğaclarının qoruyucu qutuları, müxtəlif təyinatlı blomblar və digər hissələrinin istehsalını təşkil etdik”.

O bildirib ki, bununla yanaşı, Azərbaycanda ilk dəfə olaraq qazpaylayıcı şəbəkələrdə qaz ölçmə qovşaqlarının istehsalına başlanılıb: “Qısa müddət ərzində yeni sexlər inşa edilib. Müasir texnoloji avadanlıqlar alınaraq quraşdırılıb, qaz  sayğaclarının hissələrinin mexaniki emalı, yığımı və test olunması sahələri yaradılıb. Bu gün bu sahədə çalışacaq mütəxəssislər zavod tərəfindən yetişdirilir”.

İndiyə qədər Gəncə Cihazqayırma Zavodunun istehsal etdiyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin tətbiq etdiyi qaz sayğaclarında heç bir ciddi problem yaşanmayıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev jurnalistlərə açıqlamasında bildirib ki, xırda istisnalar hər zaman mövcuddur:

 “Biz “Azəriqaz” İstehsalat Birliyi olaraq Gəncə Cihazqayırma Zavodunun istehsal etdiyi məhsullarla hələki heç bir ciddi problem yaşamamışıq. Ümid edirik ki, bundan sonra da problem yaşamayacağıq. Bundan sonrakı addımlarımız da Gəncə Cihazqayırma Zavodunun digər məhsulların istehsalına bir rəvac verəcək”.

O qeyd edib ki, bu günə qədər Gəncə Cihazqayırma Zavodunun istehsal etdiyi 500 minə yaxın qaz sayğacı və 300-ə yaxın ölçü qovşağı “Azəriqaz”a təhvil verilib və İstehsal Birliyi tərəfindən tətbiq edilir:

“Artıq Bakı və Abşeron daxil olmaqla, Azərbaycanın istənilən regionunda Gəncə Cihazqayırma Zavodunun sayğacları tətbiq olunur. Hələki bu sayğaclarla heç bir ciddi problem yaşamırıq.  Burada  beynəlxalq standartlara uyğun  məhsullar istehsal olunur. Ölkədə qaz sayğaclarına tələbatın artmasını nəzərə alaraq, Gəncə Cihazqayırma Zavodunun istehsal gücünü gələcəkdə artırması məsələsi gündəmdədir”.

 E. Vəliyev bildirib ki, “Azəriqaz” Gəncə Cihazqayırma Zavodunun istehsal etdiyi sayğaclara ona görə üstünlük verir ki, ilk növbədə ölkə başçısı da yerli sahibkarlığın stimullaşdırılması ilə bağlı dövlət qurumlarına göstərişlər verir:

“Azəriqaz” da yerli istehsalın stimullaşdırılmasını nəzərə alaraq, məhz Gəncə Cihazqayırma Zavodu Ilə əməkdaşlığa start verib. Bu da “Azəriqaz”a çox böyük üstünlüklər verib. Üstünlüklərdən biri də odur ki, İstehsalat Birliyi xaricdən idxal olunan cihazlarla bağlı hər hansısa problem yarananda bu sayğacların təmirini həyata keçirə bilmirdi. Burada logistik məsələ çox böyük önəm daşıyır. Təbii ki, belə sayğacların ölkəyə qaytarılması, təmiri və yenidən istismara buraxılması böyük bir proses və maliyyə imkanlarına bağlanan məsələdir. Bu baxımdan Gəncə Cihazqayırma Zavodu ilə bir problem yaşanmır. Çünki Azərbaycanda bu prosesin reallaşması zaman baxımından daha tez, maliyyə baxımından daha uyğun bir məsələdir”.

O qeyd edib ki, bu, eyni zamanda valyutanın ölkədən  çıxmasının qarşısını alır: “Bu baxımdan  da güman edirik ki, “Azəriqaz”ın Gəncə Cihazqayırma Zavodu ilə əməkdaşlığı çox böyük bir avantajdır. Zavodda eyni zamanda xeyli sayda insan çalışır ki, bu da işsizlik probleminin aradan qaldırılmasına prioritet hesab olunur”.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR