İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Pakistan arasında mühüm anlaşma

Milli Məclis bugünkü iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin” təsdiqinə dair qanun layihəsini müzakirə edib.

Musavat.com-un məlumatına görə, deputat Elçin Mirzəbəyli layihə barədə həmkarlarını məlumatlandırıb:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdimatı ilə Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin” təsdiqinə dair qanun layihəsi üzvü olduğum Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

MİRZEBEYLİ.jpg (298 KB)

Sözügedən Saziş iki dost və qardaş ölkə arasında aqrar sahədə strateji əməkdaşlığın genişləndirilməsi baxımından önəm daşıyır və kənd təsərrüfatı sahəsində əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirir.

Sazişin predmeti kənd təsərrüfatı bitkiləri, bitki mənşəli məhsullar, torpaq və qablaşdırma materialları da daxil olmaqla zərərli orqanizmlərin daşınma riski daşıyan bütün obyektləridir”.

E.Mirzəbəyli qeyd edib ki, Sazişin əsas məqsədi bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparmaq, zərərli orqanizmlərin yayılmasının qarşısını almaqla kənd təsərrüfatı məhsullarının təhlükəsiz dövriyyəsini və ərzaq təhlükəsizliyini təmin etməkdir:

“Bu sənəd həm Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasına, həm də Dünya Ticarət Təşkilatının Sanitariya və Fitosanitariya Sazişinə tamamilə uyğundur. Eyni zamanda, Saziş beynəlxalq sənədlərin ikitərəfli səviyyədə tətbiqi üçün də etibarlı hüquqi baza yaradır.

Saziş idxal olunan məhsullarla ölkəyə zərərli orqanizmlərin daxilolma riskinin qarşısının alınması üçün hüquqi çərçivə formalaşdırır. Sənəd Azərbaycan ilə Pakistan arasında uzunmüddətli, etibarlı tərəfdaşlığın daha da möhkəmlənməsinə, siyasi və iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Saziş biosanitar təhlükəsizliyin təmin olunmasına xidmət edən mühüm normativ akt kimi də əhəmiyyətə malikdir”.

Deputat həmkarlarını qanun layihəsinin lehinə səs verməyə dəvət edib və layihə qəbul olunub.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR