Onlayn ictimai-siyasi qəzet
Məktəblilərin yay tətili valideynlər üçün ciddi problemə çevrilib. Bütün gün kompüter qarşısında oyun oynayan, ya da küçə-bacadan yığışmayan uşaqlar nə dərəcədə faydalı istirahətlə məşğuldular? Buna əlavə olaraq, bütün tətili hazırlıqlara, individual məşğələlərə həsr edən bir məktəbli modeli də var. Hansı model daha uyğundur? Qızıl ortanı necə tapmalı?
Yay tətilində uşaqların texnologiyadan uzaq durması onların təbii istirahətinə gətirib çıxardır. Yəni adi insanlar belə istirahətə gedərkən təbiət qoynunda, evdən kənarda olmağı və çəmənlikdə gəzməyi sevirlər. Bu, insanların sağlamlığına çox yaxşı təsir edir. Təbiət qoynunda dincəlmək uşaqlara da məsləhət görülür.
Onlar təbiət qoynunda müxtəlif oyunlar oynayar, velosiped sürər və gəzintiyə çıxarsa, bu, onlar üçün çox maraqlı olar. Eyni zamanda bütün bunlar valideyinlər üçün də əyləncəlidir. Onlar həm əylənər, həm də gümrah qalarlar. Hər kəsə texnologiya oyunlarındansa, təbiət qoynunda oynayaraq vaxtlarını daha səmərəli keçirmək tövsiyə olunur. Bundan başqa, valideynlər övladları ilə psixoloji oyunlar da oynaya bilər. Bu oyunlar sayəsində onlar həm əylənə, həm də idman edə bilərlər.
Ekspertlər hesab edir ki, günümüzdə telefonlar və kompüterlər istər böyüklərin, istərsə də uşaqların həyatında mühüm rol oynayır. Əgər istirahətə çıxırsınızsa, özünüzə telefon və kompüterdən istifadə qadağasını qoysanız çox yaxşı olar. Bununla siz bir növ özünüzə qayıda və özünüzə daha çox zaman ayıra bilərsiniz. Bunu edərək siz az müddət texnologiyasız bir həyat yaşayın.
Hər bir insanın içində bir uşaq vardır. Biz özümüzü necə tərbiyə ediriksə, uşaqlarımızı da o cür tərbiyə etməliyik. Biz necə davranırıqsa, onları da özümüzə bənzətməliyik. Məsələn, telefon və kompüterdən uzaq dururuqsa, onlara da bunu bildirməli və onlara da texnologiyadan istifadə qadağasını tətbiq etməliyik. Bu zaman uşağınızla çox vaxt keçirə, onların suallarını cavablandıra və müxtəlif oyunlar oynaya bilərsiniz. Belə halda həm övladınız, həm də özünüz istirahət edirsiniz. Sosial şəbəkələrdə də müxtəlif xəbərlər verilir ki, uşaqlar valideynləri ilə vaxt keçirmək istəyir, lakin çox təəssüflər olsun ki, onların buna vaxtı yoxdur. Çünki texnologiya onların həyatını bütünlüklə ələ alıb. Valideynlər uşaqlarının istəklərini təxirə salır və bu da uşaqların psixologiyasına mənfi təsir göstərir. Belə hallarda isə uşaqlar özünə qapanır. Bu da gələcəkdə onların həyat fəaliyyətində uğursuz olmalarına gətirib çıxarır. Bir sözlə, biz öz hərəkətlərimizlə övladlarımıza nümunə olmalıyıq.
Yay tətili uşaq üçün boş keçən vaxtdır?
Valideynlər isə yay tətilini uşaq üçün boş keçən vaxt, bir “boşluq” kimi qəbul edirlər. Düşünürlər ki, uşaqlar tətildə tapşırıq etmirlərsə, kitab oxumurlarsa, növbəti dərs proqramına aid heç bir çalışma etmirlərsə, vaxtları boş, səmərəsiz keçir" deyən psixoloqa görə, əslində valideynlər uşaqlarla yay tətilini keçirmək üçün özlərini psixoloji hazırlaşdırmalıdırlar. Uşaqları da tətil üçün hazırlıqlı etməlidirlər. Uşaqlar üçün yay tətilinin düzgün təşkili önəmlidir. Valideynlər bu məsuliyyəti anlamalıdırlar.
Bəzi insanlar elə başa düşürlər ki, uşaqlar mütləq tətildə dərs proqramları, müxtəlif çalışma və testlərlə yüklənməlidirlər. Əslində belə olmamalıdır. Uşaqlar tətil dönəmini mütləq şəkildə istirahət etməklə keçirməlidirlər. Düzdür, yay tətilində uşaqlar qiraət edə bilər. Lakin bu zaman valideynlər ya uşaqların xarakterinə uyğun kitabları seçməli, ya da seçimi onların özünə həvalə etməlidirlər. Amma bu, məcburi şəkildə yox, əyləncə kimi olmalıdır ki, uşaqlar bunu yorğunluq kimi qəbul etməsinlər.
Amma burada psixoloji məqamlar da var. Belə ki, yay vaxtı uşaqları dərslə çox yüklədikdə onlarda valideynlərinə qarşı aqressiya yaranır. Uşaq valideyndən küsür və düşünür ki, “anam məni tətildə belə oxumağa vadar edir”. Belə yanaşma düzgün deyil. Tətil boyu dərs hazırlayan uşaqlarda yeni dərs ilinə maraq olmur.
Ümumiyyətlə, tətil başlamazdan əvvəl uşağı gözəl, maraqlı və əyləncəli tətil keçirəcəyi ilə həvəsləndirmək lazımdır. Uşaqlarda müsbət əhval-ruhiyyə yaratmaq vacibdir. Uşaq psixoloqları hesab edir ki, “artıq tətil başlayır, birlikdə çox maraqlı vaxt keçirəcəyik, dincələcəksən, dərslərin də bitir” kimi mehriban tonda deyilmiş cümlələr uşaqlarda əsl tətil ab-havası yarada bilər. Valideynlər ümumilikdə, uşaqlarının tətili necə keçirəcəklərini proqramlaşdırmalıdırlar. Uşaqlar yay tətilində həvəsli olduqları üçün dərslərini də yaxşı oxuyacaqlar.
Bu arada məktəblilərə valideynlər tərəfindən verilən vədlər və onların həyata keçirilməməsi də ciddi problem yaradır. Valideynlərin boş vədlərinə görə uşaqlar travma alırlar. Valideynlər çalışmalıdırlar ki, uşaqda sözünün üstündə durmayan valideyn obrazı yaranmasın.
Psixoloqlar qeyd edirlər ki, yay tətili uşaqların istirahət etməsi və şən vaxt keçirməsi ilə yanaşı, həm də özünü inkişaf etdirməsi üçün də yaxşı fürsətdir. Uşağınıza təqdim edəcəyiniz yay tətili fəaliyyətləri planında getdiyiniz yerlərdəki tarixi və təbii zənginlikləri tanımasını təmin etmək, bunlarla əlaqədar söhbət etmək uşağınızın yaşayaraq bir çox şey öyrənməsini təmin edəcək.
Yay tətilində uşağınızdan kitab oxuma vərdişi inkişaf etdirmək üçün, birlikdə kitab oxuma saatları edə bilər, oxuduğu kitabı sizə izah etməsini istəyə bilərsiniz.
Məktəb vaxtında müəyyən təkrarlananlara (cəhd saatı, iş saatı və s.) alışmış uşaq üçün tətil zamanı necə keçirəcəyi ilə bağlı sıxıntı yarada bilər. Hobbilər uşağınızın boş zamanını qiymətləndirməsi üçün köməkçi olacaq əhəmiyyətli fəaliyyətlərdir. Tətil dövrlərində uşağınızın bir hobbi tapmasına, ya da var olan hobbisini dəstəkləyərək həm uşağınızın fərqli istiqamətlərini kəşf edər, həm də boş vaxtlarında nizamsız əylənməsini aradan qaldırmaqla fəal olmasını təmin edə bilərsiniz. Uşağınızın maraq sahələrini bilmirsinizsə, müəllimləri ilə danışmaq və onlardan uşağınızla əlaqədar müəyyən bildiriş almaq, uşağınızla danışmaq, onu müşahidə sizə bu mövzuda köməkçi olacaq.
Bir başqa yanaşma da heç şübhəsiz ki, tətil dövründə şagirdləri rayonlara göndərməklə bağlıdır. Belə ki, onlar açıq havada, təbiətdə vaxt keçirəcəkləri halda dərs ilinə daha hazır olurlar. Bu dövrdə onlara dərs materiallarının verilməsi isə yolverilməzdir. Çünki bu növbəti tədris ilində uşağın yorulmasına səbəb ola bilər. Bir vaxtlar şagirdlər üçün düşərgə funksiyasını daşıyan məkanlarda uzun illər keçmiş məcburi köçkünlər yaşayıblar. Buna görə də həmin düşərgələr yararsız hala düşüb. Bütün mövcud problemlərə baxmayaraq, yay düşərgələrinin təşkil olunması çox vacibdir. Düşərgələrin fəaliyyətinin bərpası ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələri də yayda fəaliyyət göstərsələr, şəxsi vəsait hesabına istirahətə gedə bilməyən şagirdlərin tətili də effektiv və səmərəli keçər.
Bundan başqa, uşaqların yay fəslində öyrənmə qabiliyyəti ilə bağlı araşdırmalar da var. Belə ki, bu dönəmdə uşaqların öyrənmə qabiliyyəti zəifləyir. Bu, həm havaların isti keçməsindən, həm də uzun keçən ağır dərs proqramından irəli gəlir. Ona görə də uşaqları tətil dövründə məcburi şəkildə təhsilə yönəltmək və istirahətinə şərait yaratmamaq onları yora və təhsildən uzaqlaşdıra bilər.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ