İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada 100 mindən çox insana daşqın xəbərdarlığı göndərilib

Yaponiyanın Hönşyu adasının şimalında və şimal-şərqində yerləşən bir neçə prefekturanın 100 mindən çox sakininə güclü yağışlar səbəbindən yarana biləcək daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar təxliyə xəbərdarlığı göndərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 4-də NHK telekanalı məlumat yayıb. Bildirilir ki, Niiqata, Yamaqata, Aomori və Fukuşima prefekturalarının bir neçə rayonunun əhalisinə təxliyə mərkəzlərinə yerləşmək tövsiyə olunub. Qeyd edilir ki, həmin ərazilərdə güclü yağışlar nəticəsində bir neçə çay məcrasından çıxıb.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno həmin gün keçirilən mətbuat konfransında təbii fəlakətlə əlaqədar Baş nazirin dəftərxanası yanında fövqəladə vəziyyət qərargahının yaradıldığını bildirib. Əlavə edib ki, hökumət zərərçəkən rayonlara yardım göstərilməsi üçün özünümüdafiə qüvvələrinin hərbiçilərinin göndərilməsi barədə qərar qəbul edib.

Hazırda Yamaqata prefekturasında yüksək sürətli “Shinkansen” qatarlarının hərəkətinin dayandırıldığı, bəzi şose yollarının hərəkət üçün bağlandığı da bildirilir. Qeyd edilir ki, təqribən 100 evin su altında qalıb. Niiqata prefekturasında isə 2 minədək evə elektrik enerjisinin verilişi kəsilib.

Təbii fəlakət nəticəsində zərərçəkənlər barədə hələlik məlumat verilmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR