İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşıdır

Macarıstanın Milli Günü - 1956-cı il İnqilabının 68-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib. Tədbir Azərbaycan və Macarıstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ölkəsinin Milli Günündən, keçdiyi inkişaf yolundan bəhs edib, Macarıstanla Azərbaycanın əlaqələrinin ildən-ilə genişləndiyini vurğulayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında Birgə Komissiyanın ölkəmiz tərəfindən həmsədri Sahil Babayev səfiri və dost macar xalqını Macarıstanın Milli Günü münasibətilə Azərbaycan Respublikasının Hökuməti adından təbrik edib.

Macarıstan Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşı olduğunu vurğulayan nazir qeyd edib ki, xalqlarımız arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Dövlət başçılarımızın şəxsi dostluğu və qarşılıqlı etimadı, ali səviyyədə qarşılıqlı səfərlər əlaqələrin daha da güclənməsinə mühüm töhfə verir. 2023-cü ildə iki ölkə arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bir daha iki ölkənin strateji tərəfdaşlığını təsdiqləyib və əməkdaşlığımıza yeni məzmun qatıb.

Bu vaxtadək Azərbaycanla Macarıstan arasında 60-dan çox sənədin imzalandığını bildirən S.Babayev iki dövlətin iqtisadi əlaqələrində davamlı inkişafın olduğunu, bu ilin 8 ayında da Azərbaycan və Macarıstanın ticarət dövriyyəsinin 30 faizə yaxın artdığını diqqətə çatdırıb.

Nazir hökumətlərarası Komissiyanın fəaliyyətinin əlaqələrimizin inkişafında mühüm rolunu, bu günə qədər Komissiyanın 10 iclasının keçirildiyini, 11-ci iclasın gələn il Budapeşt şəhərində keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

O, Macarıstanın işğaldan azad edilmiş Azərbaycan ərazilərində bərpa-quruculuq işlərinin fəal iştirakçısı olduğunu, Macarıstanın “Wizz Air” şirkətinin birbaşa uçuşlarının sayının ildən-ilə artdığını, “Stipendium Hungaricum” təqaüd proqramı üzrə hazırda Macarıstanda 700-dən çox Azərbaycan gəncinin təhsil aldığını bildirib.

S.Babayev qeyd edib ki, ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına fəal hazırlaşır və Macarıstanın həmin tədbirdə aktiv iştirakını gözləyir. Nazir macar dostlarımızın bu konfransın uğurla keçirilməsinə böyük töhfə verəcəyinə və iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini bildirib və macar xalqına firavanlıq arzulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR