Onlayn ictimai-siyasi qəzet
“Kiyevdə müharibə başlayandan bəri ilk dəfə olaraq Rusiyaya ərazi güzəştləri müzakirə olunmağa başlayib”.
Bu barədə Almaniyanın nüfuzlu “Spiegel” nəşri yüksək vəzifəli ukraynalı məmura istinadən xəbər verir.
Nəşrin mənbəsinin bildirdiyinə görə, onlar əvvəllər Kiyevdə Rusiya rəhbərliyinin “şərtsiz təslim olmasını” istəyirdilərsə, indi etiraf edirlər ki, “sövdələşmə Rusiya üçün də faydalı olmalıdır”.
Spiegel-in adını açıqlamayan həmsöhbətinə görə, proqnoz “yaxşı” deyil. “İnsanlar artıq döyüşmək istəmirlər. Müharibənin ədalətsizliyi cəmiyyəti parçalaya bilər”, - iddia edib.
Rusiyada keçirilən yeni ictimai rəy sorğusu isə rusların Ukraynadakı müharibədən yorulduğunu üzə çıxarıb. Levada Mərkəzinin keçirdiyi sorğuya görə, Ukraynadakı müharibənin Rusiyaya xeyirdən çox ziyan vurduğuna inanan rusların sayı 47%-ə yüksəlib. Eyni zamanda, bu təcavüzün fayda gətirdiyinə inanan Rusiya sakinlərinin sayı 10 faiz azalıb və 28%-ə düşüb. Qadınlar (respondentlərin 55%-i), gənclər (55%-i), kiçik şəhərlərin sakinləri (52%-i) müharibədən xüsusi narazılıqlarını bildiriblər, ölkənin yanlış yolda olduğuna inananların sayı isə 77% faizə qalxıb.
Hər iki tərəf yorulubsa, o zaman müharibə necə bitəcək, yoxsa bu, sadəcə, atəşkəs olacaq, təxminən “Bişkek protokolu” kimi?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, hər bir situasiya özünün şərtləri daxilində diplomatik sənəd imzalamağı tələb edir: “Bişkek protokolu 1994-cü ildəki Azərbaycan-Ermənistan münaqişəsinin şərtlərinə uyğun idi. O dövrdə Azərbaycanın vəziyyəti hədsiz dərəcədə ağır idi. Bir tərəfdən torpaqlarımız işğal olunmuş, ölkədə daxili bölünmələr başlamış, sərhəd bölgələrimizdə separatçı hərəkatlar baş qaldırmışdı. Ən pisi isə odur ki, xarici dəstək baxımından da Azərbaycanınkı gətirməmişdi. Rusiya açıq şəkildə erməniləri dəstəkləyir, İran onlara altdan-altdan yardımlar göstərir, ABŞ və Avropa da erməni lobbilərinin təsiri altında ölkəmizə qarşı antimilli qətnamələr qəbul edirdi. 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəliş rəsmi Bakının arxadan belinə sancılmış xəncər kimi idi. Türkiyə belə, digər NATO müttəfiqlərinin razılığını almadan Azərbaycanı dəstəkləməkdən çəkinirdi. Ümidimizi yerdən-göydən üzdüyümüz bir zamanda qarşımıza Bişkek protokolu qoyuldu. Rəsmi Bakı məcburən müharibəni dondurub iqtisadi və hərbi quruculuğa başladı. Nəticədə neft-qaz ehtiyatlarımızdan faydalanıb Qərb dövlətləri ilə iqtisadi-strateji əməkdaşlığımızı gücləndirdik. Təbii sərvətlərimizdən əldə etdiyimiz gəlirlərlə ordumuzu qurub müasirləşdirə bildik. Və 26 ildən sonra işğal olunmuş ərazilərimizi qurtarma savaşına başladıq.
Heydər Oğuzun fikrincə, Ukraynada isə situasiya fərqlidir: “Əvvəla, bizim 1990-cü illərdəki vəziyyətimizdən fərqli olaraq, Ukrayna pis-yaxşı beynəlxalq dəstəyə sahibdir. Baxmayaraq ki, tərəfdaşları Kiyevi arzuedilən səviyyədə dəstəkləmirlər. Bununla belə, tək də buraxmır, tam məğlub olmasını istəmirlər. Müharibəni qəsdən uzadıb tükəndirmə savaşına çevirirlər. Burada məqsəd Rusiyanı zəiflətmək olsa da, Ukrayna da bu kirli taktika və strategiyalardan öz nəsibini alır. Onminlərlə, bəlkə yüzminlərlə gənc övladını itirir, iqtisadi cəhətdən çökür. Amma bizim 1994-cü ildəki durumumuzdan fərqli olaraq ümidini də itirmir və savaşa davam edir.
İkincisi, Ukrayna Qərb tərəfdaşlarının yardımı ilə ehtiyac duyduğu silahları özü istehsal etməyə başlayıb və bu da ona gələcək döyüşlərdə üstünlük qazanma imkanı verir.
Üçüncüsü, Rusiyaya tətbiq olunan sanksiyalar artıq öz işini görür. Rusiya get-gedə zəifləyir ki, bu da Kiyevin döyüş ruhunu gücləndirir.
Ən əsası isə, beynəlxalq güc mərkəzləri də Rusiya-Ukrayna arasında atəşkəs və ya sülh sazişi bağlanmasını istəmir. Onlara nəticəsi olmayan uzunmüddətli savaş lazımdır”.
Heydər Oğuzun fikrincə, bütün bu amillər Ukrayna-Rusiya arasında Bişkek protokoluna bənzər saziş imzalamalarını istisna edir.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ