Onlayn ictimai-siyasi qəzet
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
General-mayor Nizami Məmmədov müttəhimlər kürsüsündə tək deyil. Onunla bərabər Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə mühakimə olunurlar. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Musavat.com xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Vüsal Əlizadənin adına ipoteka yolu ilə götürülmüş Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində olan mənzilinin ipoteka yüklü olub-olmaması ilə bağlı verilmiş sorğunun cavabı açıqlanıb.
Hakim Fikrət Əliyev bildirib ki, məhkəmənin sorğusuna bank cavab verib. Cavabdan məlum olur ki, bankın mənzilə qarşı heç bir iddiası yoxdur, iddiadan imtina olunması ilə bağlı Laçın Rayon Məhkəməsinə ərizə də göndərilib.
Daha sonra Vüsal Əlizadənin vəkilinin mənzilin üzərindən həbsin götürülməsi və əmlakın dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi üçün satılması barədə vəsatəti müzakirə edilib.
Müzakirələrdən sonra vəsatət təmin olunub. Mənzilin üzərinə qoyulmuş həbs götürülüb. Dövlət Təhlükəsizliyi Xidmətinin iştirakı ilə əmlakın satılması, əldə olunan vəsaitin dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi üçün dövlət depozit hesabına köçürülməsi barədə qərar qəbul edilib.
Daha sonra digər təqsirləndirilən Bayram Bayramov ifadəsinə əlavələr olduğunu bildirib. Hakimlər ona əlavə ifadə verməsi üçün şərait yaradıb. O, yeni ifadəsində göstərib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən 2022-ci ilin fevral ayında başladılan məlum cinayət işinin istintaqı zamanı verdiyi ifadəsinə bəzi əlavələr etmək istəyir:
“Bildirmək istəyirəm ki, 2018-ci ilin fevral ayından 2019-cu ilin noyabr ayınadək olun müddətdə “N” saylı hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində xidmət etmişəm. Xidmət etdiyim müddət ərzində, yəni 2018-ci ildə 270482 manat, 2019-cu ildə isə 253702 manat vəsait kənarlaşdırılıb. Maliyyə Nazirliyinin yoxlama aktında bu məbləğlərdən əlavə 24 min manat qanuni ödənilən məbləğ kənarlaşdırılan məbləğ kimi göstərilib ki, bu da qeyri-mümkündür. Həmin dövrdə bu məbləğin mənimsənilmədiyini 2019-cu ildə maliyyə fəaliyyətimizi yoxlamış Süleyman Abbasov da öz ifadələrin də təsdiq edibdir”.
Bayram Bayramov deyib ki, 2019-cu ildən 2021-ci ilin oktyabr ayınadək digər hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində işləyib və həmin dövrdə 3 milyon 787 min 341 manat vəsait kənarlaşdırılıb: “Bundan əlavə Maliyyə Nazirliyinin yoxlama aktında 7 milyon 193 min 28 manat qanuni ödənilən məbləğ kənarlaşdırılan məbləğ kimi göstərilib ki, bu da mümkün deyil. Bu məbləğin kənarlaşdırılmadığını əvvəlki ifadələrimdə qeyd etmişəm. Bunu həmçinin maliyyələşmə şöbəsinin rəisi Sadıq Sadıqov və maliyyə hissə rəisi Elmin Bəyəndikli də məhkəmədə verdiyi ifadəsində təsdiqləyiblər. Hərbi hissədə kənarlaşdırılan məbləğin bölgüsünə əsasən xüsusi tapşırıq adı altında 1 milyon 558 manat ödəniş edilib”.
Bayram Bayramov əlavə edib ki, hərbi hissə komandirinin yeməkxana xərcləri, hərbi hissəyə gələn qonaqların və hərbi hissənin digər xərclərinin ödənilməsi üçün hər ay 2 min manat olmaqla Beyləqan rayonunda yerləşən “Real market” ərzaq mağazası və “Zirvə” hədiyyələr və dəftərxana ləvazimatları mağazasına 24 ay ərzində 48 min manat vəsait ödənilib.
Onun ifadəsinə görə, mağazadan məhsulları sürücülər, aşpazlar və hərbi hissənin mühasibi Rüfət Quliyev götürürdü: "Vəsait açılanda pulu çatdırmaq üçün Rüfət Quliyevə mən vermişəm. Bundan əlavə Beyləqanda yaşayan və kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan Hamlet Allahverdiyevə 24 ay ərzində hər ay 5 min manat olmaqla ümumilikdə 120 min manat ödəmişəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ilin fevral, mart, aprel aylarında hərbi hissə komandiri olmuş polkovnik Xalid Məmmədovun xərclərinə hər ay 6 min manat olmaqla ümumilikdə 18 min manat verilib.
Bayram Bayramov deyib ki, 2018-ci ilin may ayından 2019-cu ilin oktyabr ayı da daxil olmaqla hərbi hissə komandiri olmuş polkovnik Rəşad Salmanovun xərclərinə hər ay ən azı 6 min manat olmaqla 18 ayda cəmi 108 min manat verilib. Onun sözlərinə görə, 2019-cu ilin noyabrından 2020-ci ilin sentyabr ayınadək olan müddətdə Hamlet adlı şəxsi tanıyıb: “Bu dövrdə Hamlet adlı şəxsə çatası pulu hər ay korpus komandirinin yavəri Ülfət Abbasquliyevə vermişəm. Çünki Hamleti o, tanıyırdı. 2020-ci ilin sentyabr ayından sonra isə bu vəsaitləri Hamlet adlı şəxsə özüm ödəmişəm".
Bayram Bayramov bildirib ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayınadək Gəncə şəhərindəki hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində xidmət edib: “Bu müddət ərzində kənarlaşdırılan 33 min manatın 25 min manatı hərbi hissənin ərazisinə asfalt döşənməsinə və ilin yekunlarına görə seçilmiş hərbi qulluqçulara veriləcək hədiyyələrin alınmasına sərf etmişəm. Bunu hərbi hissənin mənzil istismar xidməti rəisi, onun köməkçisi və tərbiyəvi iş üzrə bölmənin zabitləri təsdiq edə bilər. Bildirmək istəyirəm ki, hərbi hissəyə abadlaşdırma aparmaq üçün vəsait ayrılmayıb”.
Bayram Bayramov ifadəsinin sonunda adını çəkdiyi şəxslərin məhkəmədə əlavə şahid qismində dindirilməsinin vacib olduğunu deyib. O, əvvəlcə ifadəsində qeyd etdiyi məbləğlərin ona verilən ittihamdan çıxarılmasına köməklik göstərilməsini hakimlərdən xahiş edib.
Bayram Bayramov vəsatətində Ülfət Abbasquliyev, Xalid Məmmədov, Rəşad Salmanov, Bəxtiyar Əliyev, Orxan Cavadlı, Hamlet Allahverdiyev, Rüfət Quliyev, Namiq Məmmədov, Əli Hümbətzadə, Cavid Eyvazov, Fərrux Xəlilov, Xəyal, Ələmdar, Bəhruz və Gəncədə yerləşən “N” saylı hərbi hissənin mənzil istismar xidmətinin rəisinin dindirilməsini istəyib.
Dövlət ittihamçısı Fuad Musayev vəsatətlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Hakimlər dövlət ittihamçısının istəyini nəzərə alıblar.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Növbəti proses oktyabrın 25-də davam edəcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ