Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş prezidenti, Azərbaycana qarşı çoxsaylı cinayətlərin iştirakçısı, Xocalı soyqırımında və digər insanlıq əleyhinə cinayətlərdə rəhbər şəxs kimi iştirak etmiş Robert Köçəryan öz xatirələrində Azərbaycan torpaqlarının necə işğal edildiyini, beynəlxalq təzyiqləri azaltmaq üçün hansı hiylələrə əl atdıqlarını və işğalın məqsədli şəkildə genişləndirildiyini açıq şəkildə etiraf edib. Musavat.com-un məlumatına görə, onun “Jizn i svoboda” adlı xatirə kitabında yazdıqlarından aydın olur ki, Ermənistan hökuməti Kəlbəcər işğal edildikdən sonra beynəlxalq təzyiqlə üzləşdiyi üçün diqqəti yayındırmaq məqsədilə Ağdamı da işğal etmək qərarına gəlib.
R.Köçəryan bildirir ki, Ağdamın işğalı Kəlbəcəri “arxa plana keçirmək” üçün həyata keçirilib. Onun sözlərinə görə, 1993-cü ilin iyul ayında Ağdama hücum planı Ermənistan hökumətindən gizlədilib və əməliyyat yalnız Qarabağdakı separatçı rəhbərlik tərəfindən təşkil olunub. Bildirilir ki, 1993-cü ilin aprelində BMT-nin 822 saylı qətnaməsi qəbul edildi. Bu qətnamə Kəlbəcərin işğaldan azad olunmasını tələb edirdi və bu, Ermənistan üzərində ciddi beynəlxalq təzyiqlər yaratmışdı. O dövrdə Ermənistanın prezidenti Levon Ter-Petrosyan və Rusiya prezidenti Boris Yeltsin də Kəlbəcərin qaytarılmasını tələb edirdi. Köçəryan etiraf edir ki, Ermənistanın həm hökumət, həm də Rusiya tərəfindən Kəlbəcəri qaytarmağa məcbur edilməsi separatçı rejimi çıxılmaz vəziyyətə salmışdı. Bu səbəbdən onlar Kəlbəcəri saxlamaq üçün diqqəti yayındırmaq qərarına gəldilər və Ağdama hücum etdilər.
R.Köçəryanın dediklərinə əsasən, Ağdama hücum iyulun ortalarında başlayıb: “Ermənistan hökumətindən gizli şəkildə həyata keçirilən əməliyyatda məqsəd şəhəri tamamilə boşaltmaq idi. Şəhər əvvəlcə cənub və şimaldan mühasirəyə alındı, sonra isə ermənilər əhaliyə xəbər göndərdilər ki, yaxın günlərdə hücum olacaq. Bu, yerli əhalidə təşviş yaratdı və şəhər sürətlə boşaldı. İyulun 23-də isə erməni qoşunları Ağdama daxil oldu”. Köçəryan qeyd edib ki, Ağdam işğal ediləndən sonra Ermənistan hökumətinə 2 gün yalan məlumat veriblər. O dövrdə Ermənistan parlamentinin sədri Babken Ararktsyan və digər rəsmilər dəfələrlə Ağdamda nə baş verdiyini soruşublar, lakin Köçəryan və komandası şəhəri ələ keçirdiklərini gizlədiblər.
Köçəryan yazıb: “Babken Ararktsyan mənə zəng edib əsəbi halda soruşurdu: "Qulaq as, bilmək istəyirəm, orada nə baş verir? Azərbaycan qəzetləri yazır ki, erməni separatçıları Ağdamı tutublar. Siz indi haradasınız?" Ona yalan danışdım: “Yox, elə bir şey baş verməyib, sadəcə bir-iki təpəni tutub şəhəri müşahidə edirik. Nəyə görəsə camaat Ağdamı tərk edir”. Bu açıqlamalar erməni işğalçı siyasətinin hiyləgərliyini və beynəlxalq ictimaiyyəti aldatmaq üçün tətbiq etdikləri manipulyasiya taktikasını açıq şəkildə sübut edir. Köçəryan Ağdam işğal edildikdən sonra Azərbaycan tərəfinin rus vasitəçi Kazimirov vasitəsilə onlardan əməliyyatları dayandırmağı xahiş etdiyini bildirir.
İyulun 25-dən 28-nə kimi atəşkəs elan edildi, lakin sonradan Ağdamın işğalı BMT-nin 853 saylı qətnaməsinin qəbul edilməsinə səbəb oldu. Lakin Ermənistanın işğalçılıq hərisliyi bununla dayanmadı. Ağdamın ardınca Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Horadiz də işğal edildi. Köçəryan etiraf edir ki, erməni qüvvələri bu rayonlara hücum edərkən, əsasən ələ keçirdikləri Azərbaycan silahlarından istifadə edirdilər. O yazır: “Hər dəfə tutduğumuz rayonlardan qalan silahlarla növbəti kəndlərə, rayonlara hücum edirdik. Əhali panikaya düşüb özləri kəndləri, şəhərləri tərk edirdi”.
R.Köçəryanın öz kitabında açıq şəkildə etiraf etdiyi bu faktlar Ermənistanın işğalçılıq siyasətinin əyani sübutudur. Onun dedikləri göstərir ki, işğallar beynəlxalq təzyiqləri yayındırmaq üçün ardıcıl şəkildə həyata keçirilib və Ermənistan hökuməti belə bu proseslərə tam nəzarət edə bilmirdi. Azərbaycan 2020-ci ildə Qarabağı işğaldan azad edərək, bu planları alt-üst etdi və regionda yeni reallıq yaratdı. “Yeni Müsavat” bildirir ki, Ermənistanın bu cür siyasəti isə regionda sabitliyi pozmaqdan başqa heç bir nəticə vermədi. Bu gün Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib və Qarabağda quruculuq işləri aparır. Ermənistan isə hələ də işğalçılıq siyasətinin ağır nəticələrini yaşamağa davam edir.
R.Köçəryanın əmin-arxayın şəkildə Ağdamın və digər ərazilərin işğalını öz üzərinə götürməsi suallar doğurur. Hər halda, onun bu etirafları hüquqi məsuliyyət yaradır, özü də anlamamış deyil. Ancaq "cani eks-prezident bu etirafları ilə nə demək istəyir" sualı da aktualdır.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquşünas Sahib Məmmədov qeyd etdi ki, Ter-Petrosyandan fərqli olaraq, Köçəryan yalnız işğaldan danışır: “Petrosyan isə müharibə cinayətləri törətməklə bağlı etiraflar da etmişdi. Əslində Azərbaycan dövləti və xalqı bilir ki, Ermənistana və Ermənistanın yaratdığı separaçı qüvvələrə siyasi və hərbi rəhbərliyi həyata keçirənlər, hərbçilər və hətta erməni mənşəli mülki şəxslər Azərbaycan əhalisinə qarşı bütün müharibə cinayətlərini, o cümlədən hazırda Ermənistanın tərəfdar olduğu Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda göstərilən 4 qrup müharibə cinayətlərinin - soyqırımı, insanlıq əleyhinə hərbi və təcavüz cinayətlərinin hamısını törədiblər”. S.Məmmədov qeyd etdi ki, bu cinayətlər işğal edilən bütün ərazilərdə törədilib, amma bu cinayətlərin eyni zamanda baş verdiyi və ən dəhşətlisi Xocalıda olub: “Xocalıda baş verən hadisələrin beynəlxalq cinayətlər kateqoriyasına aid edilən soyqırımı, insanlıq əleyhinə və hərbi cinayətlərin hər üçü iştirak edir. Xocalıda baş verən cinayət soyqırımı cinayəti idi. Çünki məqsəd konkret ərazidə yaşayan və konkret milli mənsubiyyətə məxsus olan əhali qrupunu məhv etmək olub. Əməliyyatı hazırlayanlar, onun həyata keçirilməsinə göstəriş verənlər və onu icra edənlər öz məqsədlərinə çatıb və əhalinin əhəmiyyətli hissəsini yaş, cins tərkibinə əhəmiyyət vermədən məhv ediblər. Xocalıda baş verənlər insanlıq əleyhinə cinayət idi. Çünki əməliyyatı həyata keçirən tərəf şəhər üzərində nəzarəti təmin edərək dinc əhaliyə qarşı amansız divan tutmuş, bütün yaş qrupuna daxil olan insanları qətlə yetirmiş, işgəncə vermiş, əsir götürmüş, uzun muddət psixoloji və fiziki təzyiqlər altında saxlamış, cinsi zorlama, zorla hamilə etmə, orqanların çıxarılması kimi qəddar və hərbi əməliyyatlara aidiyyəti olmayan və mülki əhaliyə yönələn vəhşiliklər törətmişlər. Məqsəd həmçinin Qarabağ və ətraf ərazilərdən bütün Azərbaycan mənşəli əhalinin zorla və qorxu altında deportasiyasına nail olmaq idi”. Hüquqşünas qeyd etdi ki, Xocalıda baş verənlər hərbi cinayət idi: “Çünki baş verən qətllər, digər zorakı hərəkətlər, şəhərin tamamilə yerlə yeksan edilməsi hərbi məqsədlərə çatmaq üçün zəruri olan hədlərdən çox kənara çıxırdı. Həyata keçirilən əməliyyatın məqsədi təkcə bir inzibati ərazi vahidinin işğal olunması deyildi, həm də bu şəhərin sakinlərinin və özünün məhvi idi. Əslində bu cinayətlərin baş verməsi ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarında kifayət qədər istintaq materialları toplanıb. Həmçinin bu cinayətlərdə iştirakda təqsirləndirilən bir qrup şəxs tutulub ədalət mühakiməsi qarşısına çıxarılıb”.
S.Məmmədov bildirdi ki, Birinci Qarabağ müharibəsi dövründə baş vermiş müharibə cinayətlərinin hamısına siyasi rəhbərliyi o zamankı prezident Ter-Petrosyan həyata keçirib: “İcraçılar sırasında sonrakı iki prezident Köçəryan və Sərkisyan bilavasitə iştirak edib və bunu sübut edən minlərlə material var. İndi bu şəxslərin həyasızlığı o qədərdir ki, hətta bu cinayətləri törətdiklərini etiraf etməkdən çəkinmirlər. Müharibə cinayətlərinə müddətlər tətbiq olunmur. Əslində bizimlə sülh danışıqları aparan Ermənistan hakimiyyəti bu şəxsləri Azərbaycan xalqına qarşı törətdikləri müharibə cinayətlərinə görə mühakimə etməlidir. Beynəlxalq Qırımızı Xaç Komitəsinin rəsmi veb səhifəsində 2015-ci il 15 dekabr tarixində yayılan press-relizdə 4,496 şəxsin girov, əsir və itkin düşməsinə dair məlumat var. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son məlumatlarında hazırda 3 979 nəfər barədə məlumatın olmadığı bildirilir. Bu şəxslərin bir çoxunun girov və əsirlikdə olması barədə məlumatlar var idi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri onlarla görüşmüşdü də. Amma o şəxslər barədə sonradan heç bir məlumat verilmədi. İndi işğaldan azad edilən ərazilərdə tapılan kütləvi məzarlıqlarda bu adamların qalıqları müəyyən edilir. Bu cinayətləri kim törədib? Əlbəttə, Ter-Petrosyan, Köçəryan və Sərkisyanın siyasi rəhbər olduğu Ermənistan hakimiyyətinin vəzifəli şəxsləri və icraçılar. İndiki rəhbər-baş nazir Paşinyanın dövründə, konkret olaraq İkinci Qarabağ müharibəsi dövründə də hərbi cinayətlər törədilib. Döyüş əməliyyatı zonalarından 50-100 km uzaqda olan şəhərlərə ballistik raketlərin atılması, qadağan olunmuş silahlardan istifadə, mina terroru və s. Xalqımıza qarşı müharibə cinayətləri törədənlər mütləq cəzalarını almalıdır. Bu cinayətlərə müddətlər tətbiq olunmur. Nə vaxt yaxalanmaqlarından asılı olmayaraq belə cinayət törətmiş şəxsləri mühakimə etmək mümkündür. Köçəryan canilərdən biridir, ölənə qədər bilməlidir ki, hər an yaxalana bilər”.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ