İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideynlərdən “keçid balları aşağı salınsın” müraciəti

Kamran Əsədov: “Haqlıdırlar, imtahan sualları arasından...”

22-23 iyul tarixlərində I və IV qruplar üzrə keçiriləcək ikinci cəhd imtahanlarından sonra ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul mərhələsi yekunlaşacaq. Qəbul mərhələsi tam yekunlaşmasa da, artıq əksər tələbələr və valideynlər bu il keçirilən imtahanlardan narazı olduqlarını bildirirlər.

Xüsusən də bu il martın 5-də, 12-də baş tutan orta məktəblərin buraxılış imtahanları ilə bağlı çoxsaylı şikayətlər oldu. Hətta valideynlər etiraz aksiyası da keçirdilər. Abituriyentlərin əsas narazılığı imtahan suallarının qəliz olması ilə bağlıdır. Onlar bildirirlər ki, buraxılışla yanaşı, builki qəbul imtahanları da çox çətin olub.

Bir qrup valideynin Azpolitika.info saytı vasitəsilə Prezident İlham Əliyevə ünvanladığı müraciətdə də elə imtahanların çətinliyindən və qəbul şərtlərinin ağır olmasından söz açılır. Həmin müraciəti kiçik ixtisarlarla təqdim edirik: “Bu il baş tutan imtahanlarda istifadə olunan suallar ötən illərlə müqayisədə olduqca çətin və qəliz idi. Ona görə də bu il heç bir tələbə maksimum - 700 bal nəticə göstərə bilmədi. Niyə başqa ölkələrdə təhsil səviyyəsi yüksəkdir, Azərbaycanda isə yox? Çünki təhsili təhsil alana uyğun şəkildə sistemləşdirirlər. Suallar yaxşı bilənin, ya da zəif bilənin səviyyəsinə görə yox, ümumi orta səviyyəyə uyğun qoyulmalıdır ki, hamı yaza bilsin.

Qəbul prosesi çətin və stresli olduğundan, bu gün əksər gənclərimiz attestatla xarici ölkələrə üz tutmağa məcbur olurlar. Məhz bu səbəbdən hər il universitetlərdə yüzlərlə yer boş qalır, ölkədən milyonlarla manat vəsait xaricə axır, yüzlərlə müəllim isə işini itirir. Belə olan halda müsabiqə şərtlərini nisbətən yüngülləşdirərək, keçid ballarını aşağı salaraq bu gənclərin ölkəmizdə təhsil almalarına niyə şərait yaratmırıq? Axı, niyə tələbənin illər ərzində çəkdiyi bu əziyyət kimlərinsə müəyyən etdiyi normalara uyğun olmadığından boşa getməlidir? Biz valideynlər səlahiyyətli qurumların bu nüansları nəzərə almalarını istəyirik. Bu gün minlərlə tələbənin əsas istəyi və gözləntisi keçid ballarının aşağı salınmasından yanadır".

Valideynlər müraciətlərində ümumi keçid balının 150-yə endirilməsini xahiş edirlər. Məlumat üçün qeyd edək ki, 5 və 12 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarında iştirak edən 100330 nəfər arasında 1 nəfər də olsun maksimum nəticə - 300 bal toplaya bilməyib. Ən yüksək nəticə isə 297 bal olub. Əslində təkcə bu faktın özü belə imtahanların çətinlik dərəcəsindən xəbər verir.

Onu da qeyd edək ki, hazırda müsabiqə şərtlərinə əsasən, abituriyentdən bütün qruplar üzrə ümumi 200 bal tələb olunur. Abituriyent bunun 100 balını blok imtahanından əldə etməlidir. Əgər abituriyent 100 bal həddini toplayarsa, bu zaman o, dövlət sifarişli və ya ödənişli bütün ixtisasların müsabiqəsində iştirak etmək hüququ qazanır. Yox, əgər abituriyent blok imtahanında 50-100 bal nəticə göstərirsə, o zaman hər bir ixtisas üçün 150 ballıq yerlərin müsabiqəsində iştirak edə bilər.

Bu il keçid balları aşağı salına bilərmi?

Kamran Əsədov: “Müəllimləri alçatmaqdansa...” Pravda.az

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a dedi ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin sayı əvvəlki illərdən elə də ciddi fərqlənmir: “Bu il ali təhsil müəssisələrinə qəbul plan yeri ciddi şəkildə artıb. Xüsusən ödənişsiz dövlət sifarişli plan yerlərinin sayının kəskin artması ödənişsiz əsaslarla Azərbaycanda bakalavr pilləsinə qəbul olanların sayının artmasına gətirib çıxaracaq. Müqayisə üçün qeyd edim ki, 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul plan yerlərinin 31 faizi dövlət sifarişli, yəni pulsuz idi. Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2020-ci ildə ödənişsiz dövlət sifarişli plan yerlərinin sayı ümumi plan yerinin 45 faizinə, 2021-ci ildə 50 faizə çatdırıldı. Bu il isə daha da çoxalıb. Ali təhsil müəssisələrinin bakalavr pilləsində ödənişsiz dövlət sifarişli plan yerləri var. Yəni artıq Azərbaycanda ali təhsilin əlçatanlığı təmin olunub. Ümumi plan yeri 60 minə qədərdir. Bu il xüsusilə I ixtisas qrupunda hətta 200 balla pulsuz ixtisaslara qəbul olmaq mümkün olacaq. III qrup daha şanslıdır. Düzdür, təhsilı sistemimiz pandemiya dövründə bir sıra problemlər yaşadı, nəzərə alınmalıdır ki, bu il imtahan verən uşaqlar iki il əziyyət çəkiblər. Bu amil əlbəttə qəbul imtahanlarına öz təsirini göstərəcəkdir. Suallara biz baxanda görürük ki, xüsusilə riyaziyyat, kimya, fizika fənlərindən suallar abituriyentlərə çətinlik yaradıb. Bunun əsas səbəbi pandemiya dövründə texniki və təbiət fənlərinin tədrisindəki çətinliklərlə bilavasitə bağlı idi. Hətta bu il biz gördük ki, istər buraxılış, istər qəbul imtahanında yüksək nəticələr o qədər də çox deyil. Əsasən Azərbaycan təhsil sistemi artıq 700 bal verə bilmir. Halbuki 100 min abituriyent var, onlar 700 balı toplaya bilmirlər”.

Ekspert əlavə edib ki, bütün hallarda biz bu il ali təhsil müəssisələrində I və III ixtisas qrupunda kəskin bal enmələri müşahidə edə biləcəyik: “IV qrup ən ağır qrup hesab olunur. Ona görə ki, digər qruplardan fərqli olaraq IV qrupun abituriyentləri 6 fəndən imtahan verirlər və orada təkrarlanan fənn yoxdur. Misal üçün, I, II, III qruplarda təkrarlanan fənlər var. Onlar buraxılış imtahanlarından, yaxud da Azərbaycan dilindən imtahan verməlidir. Onların yükləri az olur. Amma IV ixtisas qrupunun abituriyentləri tamamilə bir-birindən fərqli 6 fəndən imtahan verirlər. Orada nəzərə alsaq ki, əsas ixtisas kimi tibb ixtisası götürülür, buna görə başa düşmək olar. I ixtisas qrupuna bu il informatika fənninin əlavə edilməsi İKT ixtisaslarının balının aşağı düşməsinə gətirib çıxaracaq. Ümumilikdə IV ixtisas qrupunda hətta 150 balla ali məktəblərə qəbul mümkün olacaq. Təbii ki, söhbət prestijli ixtisaslardan getmir. Məhz qəbul imtahanlarında iki test tapşırıq modelləri, eyni zamanda onun qiymətləndirilməsindəki problemlər  abituriyentlər və valideynlərin haqlı narazılığına gətirib çıxarıb. Cavabların çıxması üçün də uzun vaxt gedir. Hesab edirəm ki, imtahan modelində dəyişiklik etməliyik. İmtahan sualları arasından situasiya tipli suallar çıxarılmalıdır. Çünki onun yoxlanmasında insan faktoru var və uşaqlar bu sualları tapmaqda çətinlik çəkirlər. Cavabların daha uzunmüddətli, gec çıxmasına səbəb olur. Fikrimcə, bu amillər nəzərə alınmalıdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR