İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Vətən müharibəsi - Rusiya HİMARS-ın qisasını dinc əhalidən alır

Hərbi analitik: “Rusiyanın Sovetlər Birliyinin taleyini yaşadığı göz önündədir, Ukrayna bataqlığından o, geriyə dönüş edə bilməyəcək...”

ABŞ-ın Ukraynaya tədarük elədiyi HİMARS sistemləri artıq tarix yazmağa başlayıb. Hər gün Rusiyanın neçə-neçə silah-sursat anbarı, komanda məntəqələri yüksək dəqiqliklə darmadağın edilir. Rusiya isə hələlik buna yalnız dinc şəhərləri raket atəşinə  tutmaqla cavab verir.

O sırada Ukraynanın Vinnitsa şəhəri də Rusiya Silahlı Qüvvələrinin amansız raket zərbələrinə məruz qalıb. Nəticədə 22 nəfər ölüb. Ölənlərdən 3-ü uşaqdır. Raket hücumu nəticəsində 55 yaşayış binasına və 40-a yaxın avtomobilə ziyan dəyib. Şəhərdə birgünlük matəm elan olunub.

Bu arada Ukrayna müdafiəçiləri Xerson vilayətinin 44 yaşayış məntəqəsində artıq nəzarəti bərpa edib. Bununla yanaşı, vilayətin böyük bir hissəsi hələ də işğal altında qalmaqdadır. Fransa prezidenti Emmanuel Makron isə KİV-lərə müsahibəsində deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edəcək. “Yay və payızın əvvəli çətin keçəcək. Müharibənin davam edəcəyinə hazırlaşmaq lazımdır. Fransa daim Ukraynaya kömək edə biləcək”, - o bildirib. Öz növbəsində Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya qarşıya qoyulan hədəfə çatana qədər Ukraynada müharibəni davam etdirəcək. Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinin Ukraynanın müdafiəsinin gücləndirilməsi ilə bağlı çalışmaları əbəsdir.

Zaxarova nə dərəcədə haqlıdır, müharibədə Ukraynanın xeyrinə dönüş nə vaxt olacaq?

Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov bildirib ki, Ukraynaya verilən Qərb silahları sayəsində münaqişənin gedişində böyük dəyişiklik var. Onun sözlərinə görə, Ukraynaya ötürülən Qərb silahlarının dəqiqliyi Rusiya ordusunun Ukrayna qarşısındakı sayca üstünlüyünü heçə endirib. “Özü də hələ biz başlamamışıq”, - deyə Danilov bir neçə gün əvvəl Rusiya prezidenti Putinin oxşar çıxışına cavab verib.

Xatırladaq ki, Putin “Biz hələ heç başlamamışıq” deyə bildirmişdi. Söhbət ABŞ-ın Ukrayna ordusuna təqdim etdiyi reaktiv yaylım atəşi sistemləri HIMARS sistemlərindən gedir.

Ekspertlər bildirir ki, HIMARS sistemlərinin uzaq vurma qabiliyyəti və dəqiqliyi Rusiya ordusunun indiyədək Ukraynada malik olduğu üstünlükləri heçə endirmək imkanındadır. Son günlər bu sistem vasitəsilə endirilən zərbələr Rusiya ordusunun və onların müdafiə etdiyi separatçıların ən vacib hərbi obyektlərini və ordunun istifadə etdiyi infrastrukturu məhv etməkdədir. İyunun sonundan bəri - son 2 həftə ərzində Rusiya və separatçıların böyük dağıntılar barədə açıqlamaları kəsilmir. ABŞ tərəfi Ukraynaya bu HİMARS sistemlərinin veriləcəyini iyunun 1-də elan edib və indiyədək Ukrayna tərəfinə 8 HIMARS sistemi verib. Ötən həftə isə ABŞ hökuməti Ukraynaya 400 milyon dollarlıq hərbi yardım paketi verəcəyini açıqlayıb, bura daha 4 HİMARS sistemi də daxildir. Ukraynada belə sistemlərin sayı 12-yə çatacaq.

ABD, Rus ordusunu yıpratmak için Ukrayna'ya HIMARS sistemi veriyor

İlk baxışda Ukrayna və Rusiya kimi dövlətlər arasında müharibədə uzunluğu 100-lərlə kilometr olan cəbhə xətti olduğu vəziyyətdə cəmi 12 ədəd raket sistemi sayca kiçik görünə bilər, amma ötən bir neçə gün ərzində bu sistemlərin imkanları və qarşı tərəfə verdiyi zərər artıq ciddi miqyaslar almaqdadır. “HIMARS sistemləri ukraynalılara bu münaqişədə daha böyük imkanlar yaradacaq. ABŞ-ın Ukraynaya əvvəlcə verdiyi haubitsa topları cəmi 30 kilometri vurur, HIMARS-ların atəş uzaqlığı isə azı 2 dəfə artıqdır. Bu onlara imkan verəcək ki, hətta az sayda atəş qurğuları ilə Rusiya tərəfinə böyük zərər vursunlar”, - deyə ABŞ müdafiə nazirinin müavini Kolin Kal Pentaqondakı mətbuat konfransında bildirib.

Ukrayna prezidenti Zelenski bu sistemlərin ötürülməsinə görə ABŞ-a təşəkkür edib, sistemlər isə özünü ən yaxşı formada doğruldub. Son 2 həftə ərzində Rusiyanın işğal etdiyi Ukrayna əraziərindəki silah anbarları bir-birinin ardınca məhv edilməyə başlayıb. İlk baxışdan müharibədə bu adi haldır, amma məsələ ondadır ki, həmin anbarlar cəbhənin dərinliyində - cəbhə xəttindən 15-20, bəzən hətta 50-75 kilometr məsafədə yerləşir, hansı ki, indiyədək Ukrayna ordusu üçün əlçatan deyildi. Buna qədər Ukrayna tərəfi yalnız cəbhə xəttinin yaxınlığındakı anbarları partlada bilirdilər. Amma artilleriya sahəsindəki böyük üstünlüyü olan Rusiya belə “xırda” məsələlərə diqqət yetirmirdi. Sayca böyük üstünlüyə malik olan rus ordusu çətinliklə olsa da irəliləyə və Ukrayna şəhərlərini işğal etməyə davam edirdi. Artıq vəziyyət ciddiləşib - Ukraynanın ABŞ-dan aldığı HIMARS sistemləri sayca az olsa da, Rusiyanın elə obyektlərini vurur ki, bu, Rusiya ordusunun təminatına və hərəkətinə ciddi problemlər yaradır.

US to provide HIMARS to Ukraine: All you need to know about advanced  weapons system

Məsələ bundadır ki, Rusiya ordusu özünün əsas silah və ləvazimat anbarlarını cəbhə xəttindən 40-50 kilometr uzaqda saxlayır, əvvəllər bu məsafə obyektlərin təhlükəsizliyi üçün kifayət edirdi. İndi isə yeni HİMARS sistemləri üçün bu obyektlər asan hədəfdir. Son günlər baş verənlər göstərir ki, HİMARS-lar Rusiyanın cəbhə xəttindəki 40-50, hətta 65-75 kilometrlik hədəflərini - əsasən də silah anbarlarını asanlıqla məhv edir. İyulun 3-də Melitopolda cəbhə xəttindən 65-75 kilometr məsafədə silah və yanacaq bazası vurulub. İyulun 4-də Donetsk vilayətinin Snejniy şəhərində yerləşən silah anbarı məhv edilib - bura cəbhə xəttindən 70 kilometr məsafədə idi. İyulun 5-də oxşar hadisə Donetskdə “Kamaz Senter”də baş verib, cəbhə xəttindən 35-40 kilometr məsafədə baş verib, silah anbarı partladılıb. 

Eyni qayda ilə Rusiyanın işğal edilmiş ərazilərdəki silah anbarları, yanacaq bazaları, dəmiryol stansiyaları, körpülər və sair infrastruktur dağıdılır. Nəticədə ordunun təminatında ciddi çətinliklər yaranıb. İyulun 11-də isə bu sistemlər vasitəsilə Xerson vilayətinin Novaya Kaxovka şəhəri vurulub. Burada Kaxov Su Elektrik Stansiyası və Dnepr çayının suyunu Krıma ötürən Severokrımsk kanalı yerləşir. Ümumilikdə 14 gün ərzində bu sistemlər vasitəsilə Rusiyanın 14 vacib hədəfi vurulub.

Ekspertlər bildirir ki, bu vəziyyət rus hərbçiləri üçün ciddi psixoloji zərbədir, onlar artıq Ukrayna ərazisində heç bir yerdə özlərini təhlükəsizlikdə saya bilmirlər. Üstəlik, rus texnikasının sayca üstünlüyünü heçə endirir. “Atmağa mərmi yoxdursa, texnikanın çoxluğunun nə əhəmiyyəti var”, - deyə ukraynalı hərbi ekspert Pyotr Pyatakov bildirib.

HIMARS sistemlərinin Ukrayna üçün yaratdığı üstünlüklərin əsas səbəbi onun dəqiqliyidir. Məsələ bundadır ki, Rusiya tərəfi hər gün müharibədə təqribən 20 min raket və ya mərmi sərf edir. Ukraynada isə bu rəqəm 6 mindir. HİMARS-lar isə bir neçə mərmi ilə “işlərini bitirirlər”. Sistemlər o qədər dəqiqdir ki, birinci raketin binada açdığı deşikdən ikinci raket binanın daxilinə keçə bilir. Rusiya hərbiçiləri tərəfindən tərifi göylərə qaldırılan “S-400"lər HİMARS-ların qarşısını ala bilmir. Məsələ ondadır ki, Rusiyanın işğal etdiyi ərazilərdə “S-400"lər quraşdırılıb, amma onlar HİMARS-ların zərbələrinin qarşısını nəinki ala bilməyib, hətta “S-400"lərin özü də vurulub. 

HIMARS - Vikipedi

HIMARS (High Mobility Artillery Rocket System) - ABŞ istehsalı olan reaktiv yaylım atəş sistemidir, təkərli şassidə hərəkət edir. Bu - çox müasir silahdır: ABŞ onu 90-cı illərin ortalarında hazırlayıb, ABŞ ordusunda 2005-ci ildən istifadə edilir, ilk dəfə hərbi əməliyyatlarda 2007-ciildə İraqda istifadə edilib. Müqayisə üçün bildirək ki, Rusiyanın bu müharibədə müxtəlif adlarla istifadə etdiyi raketlərin əksəriyyəti 70-80-ci illərdən ordunun istifadəsindədir. HIMARS sistemi Rusiyanın yaxın göstəricilərə malik silahları - “Uraqan” və “Smerç” sistemləri üzərində böyük üstünlüklərə malikdir. Əsas üstünlük ABŞ silahının müasir olması, rus analoqlarını 10 illiklərlə qabaqlamasıdır. Məsələn, “Uraqan” və “Smerç” sistemlərində optik nişangahlardan istifadə edilir, əsgərlər bu sistemləri atəşə əllə hazırlamalıdırlar və buna əlavə 10-12 dəqiqə vaxt sərf edilir. Nişangahların köhnə olması isə dəqiqliyin azalması deməkdir. Məsələn, “Smerç” 12 raket atanda, burada dairəvi mümkün yayınma məsafəsi 170 metrdir. Yəni atılan 12 raketdən yalnız 6-sı hədəfdən 170 metrdən az məsafəyə düşə bilər, qalan silahlar daha uzağa düşür. HIMARS-da isə bu məsafə cəmi 5 metrdir, çünki onlar GPS-yönəltmə sistemini istifadə edir.

Başqa mühüm məqam yeni mərmilərin yüklənməsidir. “Smerç”lərdə bu 40 dəqiqə - 1 saat vaxt aparır, “HIMARS”da buna 10 dəqiqə vaxt sərf edilir. Sistem atəş açana qədər yük maşını mərmilər olan yeni model gətirir və o sistemə yüklənir.

Hərbi ekspertlər HIMARS-ın Rusiya analoqlarını at-araba ilə son model “Mercedes”lə müqayisə edirlər. Təqribən eyni göstəricilərə malik olan 9 ədəd “M-270" silahlarını isə Ukraynaya Britaniya, Norveç və Almaniya təqdim edəcək. Nəticədə yaxın vaxtlarda Ukrayna ordusunun sərəncamında 21 ədəd yüksək dəqiqliyə malik raket sistemi olacaq. Hazırda Ukraynada cəmi 8 belə sistemin olduğunu və onun Rusiya tərəfinə vurduğu zərbələri nəzərə alanda yeni silahlar münaqişənin gedişini daha ciddi şəkildə dəyişə biləcək.

9 may Qələbə Günü bizə XATIRLATDI

 Alp Arslan İmamqulu 

Hərbi analitik, “M5 Müdafiə və Strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu “Yeni Müsavat”a deyib ki, Rusiya hazırda bataqlığa girmiş durumdadır və geriyə çıxış yolu yoxdur: “Rusiya hakimiyyəti daxili auditoriyanı sakitləşdirmək adına müxtəlif dövrlərdə bəyanatlarla çıxış edirlər. Amma Rusiya Federasiyası artıq parçalanmaq üzrədir. Sovetlər birliyi 1979-89-cu illərdə Əfqanıstana saplandı və nəticə etibarı ilə Sovetlər Birliyinin dağıldı. Hazırki Rusiyanı Sovetlər Birliyinin taleyini yaşadığı göz önündədir. Rusiya Ukrayna bataqlığından geriyə dönüş edə bilməyəcək. Rusiyanın Ukraynaya təcavüzü bu ölkədə ciddi fəsadlar yaratsa da, insan faciələri yaşansa da, burada qalib olmayacaq. Ukraynaya Qərbi çox ciddi maddi və texniki dəstəyi var. HİMARS sistemləri Rusiyanın hərbi gücünə çox böyük zərbələr endirməkdədir. Bunun qarşısını almaq mümkün deyil. Dinc şəhərləri vurmaqla Rusiya düşdüyü bataqlıqda vəziyyətini daha da çətinləşdirir”.

Hərbi ekspert deyir ki, Ukraynaya qarşı müharibə Rusiyanın iqtisadi baxımdan çökməsinə gətirib çıxaracaq. Ukraynaya gəlincə isə postmüharibə dövründə Ukrayna Qərbin dəstəyi ilə hərtərəfli güclənəcək: “Ukrayna üzərindən Qərbin maraqları təmin edildikdən sonra bu dövlət müharibəyəqədərki iqtisadi vəziyyətindən çox-çox artıq güclü dövlətə çevriləcək”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR