Onlayn ictimai-siyasi qəzet
Qış fəslinə sayılı günlər qalıb. Bu, meyvə-tərəvəzlərin qiymətlərində baş verəcək dəyişikliklə bağlıdır. Yenidən qiymət artımı gözləniləndirmi?
Mövzunu “Yeni Sabah”a şərh edən iqtisadçı Vahid Məhərrəmov bir sıra məqamlara toxunub:
“Azərbaycan yeganə ölkədir ki, meyvə-tərəvəz sektoruna uzun illərdir maliyyə resursu ayırır, bu sahəyə diqqət yetirir. Ölkəmizdə həm açıq, həm də qapalı təsərrüfatlarda meyvə-tərəvəz istehsal olunur. İdxalın artmasına səbəb isə istehsal prosesindəki problemdir. Baxmayaraq ki, Dövlət Statistika Komitəsinin məlumatlarında istehsalda artım göstərilir, lakin əslində, idxal artıb.
İxracın azalmasına gəlincə, bu, istehsalda problemin mövcudluğunun göstəricisidir. Bir müddət əvvəl buğdanın 2 milyon 200 min tona yaxın istehsal olunduğunu göstərmişdilər. Bu il isə 1 milyon 650 min ton buğda istehsal olunub. Bu rəqəmlər arasında böyük fərq var. Bu o demək idi ki, o buğda yox idi. Rəqəmləri şişirdiblər.
Tərəvəzlərdə də, həmçinin, rəqəmləri şişirdiblər. İstehsal azaldığı üçün tərəvəz və meyvənin qiyməti son 3 ildə çox yüksəkdir və artmaqda da davam edir”.
Ekspert bildirib ki, qiymətlərin aşağı düşmə ehtimalı çox az, bahalaşma isə qaçılmazdır:
“Qiymətlərdəki dəyişikliklər isə təkcə idxaldan yox, eyni zamanda, istehsaldan, məhsulun maya dəyərindən, tələb və təklifdən asılıdır. Bazarda tələb çoxalacaqsa, qiymət artacaq, təklif artacaqsa, azalacaq.
Qış fəslində isə hər il bütün meyvə-tərəvəzlərin qiymətində artım müşahidə olunur. Təəssüf ki, yeni ildə də qiymətlərdə ucuzlaşma olacağını demək mümkün deyil. Amma artım olacağına şübhə yoxdur”.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ