İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü

Cənubi Koreya Milli Assambleyasının (parlamentinin) "Toburo" Demokratik Partiyasından olan deputatı Pak Son Von ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin nəzərdən keçirilməsi üçün Norveç Nobel Komitəsinə müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə bazar ertəsi partiyanın rəsmi nümayəndəsi Ço Sın Re məlumat verib.

"Toburo" partiyası Cənubi Koreyanın əsas müxalifət qüvvəsidir və parlamentdə 300 yerdən 170-nə nəzarət edir. Ço Sın Re bildirib ki, Şimali Koreya ilə ABŞ arasında danışıqlar aparılan dövrdə deputat Pak Son Von Tramp administrasiyası ilə əlaqələr saxlayıb və bu təcrübəsinə əsaslanaraq Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək qərarına gəlib. Həmin vaxt Pak Son Von Cənubi Koreyanın Kəşfiyyat Xidmətinin direktor müavini vəzifəsində çalışıb.

Bildirilir ki, ərizə yanvarın 30-da verilib və ayın sonuna kimi qəbul edilib. Pak Son Von bu barədə bazar ertəsi parlament sessiyasında partiya sədri Li Cae Myon və partiyanın ali komitəsinin üzvü Kim Min Sok da daxil olmaqla partiyadaşlarını məlumatlandırıb. Jurnalistlərin çəkdiyi fotolardan birində onun qeyd dəftərində bu barədə yazılar əks olunub:

"Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi – Norveç Nobel Komitəsinə təqdim edilib – ABŞ tərəfi ilə razılaşdırılacaq (Ağ Evə bildiriş göndərilməsi gözlənilir)".

Bununla belə, Ço Sın Re vurğulayıb ki, bu təşəbbüs deputatın şəxsi qərarı olub və partiyanın rəsmi mövqeyi ilə bağlı deyil.

"Tramp prezidentliyi dövründə Koreya yarımadasında sülhün əldə olunması üçün mühüm bir dönüş nöqtəsinə yaxınlaşmışdı. Bu namizədlik, onun Koreya yarımadasında sülhün təmin olunması istiqamətində işini davam etdirəcəyinə ümidin ifadəsidir", – deyə partiya nümayəndəsi qeyd edib.

Norveç Nobel Komitəsinin rəsmi saytında qeyd olunur ki, milli parlamentlərin və hökumətlərin üzvləri Nobel Sülh Mükafatına namizədlər irəli sürmək hüququna malikdirlər. Bunun üçün xüsusi dəvət tələb olunmur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR