İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu təşkilata üzvlük Azərbaycan üçün fürsət yaradır

Fevralın 3-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İqtisadi Əməkdaşlıq Təşkilatının islahatlar üzrə yüksək səviyyəli komitəsinin ilk iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasında səfərdə olub.

Tədbirin keçirilməsində əsas məqsəd İƏT-in institusional effektivliyini artırmaq, təşkilatda islahatlar və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparmaq olub.
Yalçın Rəfiyev İƏT-də islahatlar və regionda gələcək əməkdaşlıq perspektivləri ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdıraraq, “İƏT Baxışı 2035” sənədinin regionda çağırışların səmərəli həllinə və əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Səfər çərçivəsində Yalçın Rəfiyev İƏT-in baş katibi Əsəd Məcid Xan, İƏT-ə ev sahibliyi edən ölkə qismində İranın Xarici işlər nazirinin müavini Seyed Rəsul Mohacer, eləcə də üzv ölkələrdən olan tərəf müqabilləri ilə görüşərək, çoxtərəfli əməkdaşlıqla bağlı məsləhətləşmələr aparıb.

Qeyd edək ki, sözügedən Komitənin fəaliyyəti cari ildə ölkəmizdə keçiriləcək İƏT-in 17-ci Zirvə Toplantısı çərçivəsində digər mövzularla yanaşı baxılacaq İƏT-in növbəti 10 il üzrə strateji sənədinin müzakirəsində təməl rolunu oynayacaq.

İqtisadçı Eldəniz Əmirov Musavat.com-a açıqlamasında bildirib ki, İƏT-ə üzvlük ölkələrin hər biri üçün bu və ya digər formada effektiv platformalar yaradır.

ELDENİZ YENİ.jpeg (56 KB)

İqtisadçı qeyd edib ki, təşkilata üzvlük hər ölkənin regional inkişafda öz payının olmasını zərurətə çevirir:

“İƏT ticarət, investisiya, enerji, nəqliyyat, o cümlədən iqtisadiyyatın ayrı-ayrı sahələrində əməkdaşlığı təşviq edən platformadır. Onu da qeyd etmək lazımdır ki, təşkilatın fəaliyyəti təkcə iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Eyni zamanda İƏT siyasi, sosial, mədəni və digər kontekstlərdə də ölkələr üçün faydalı platformadır. O ki qaldı Azərbaycana, ölkəmiz əməkdaşlığın möhkəmləndirilməsi, sərbəst ticarət zonalarının yaradılması, birgə layihələrin həyata keçirilməsi, perspektivli investisiya fondlarının yaradılması kimi fürsətlər əldə edə bilər. Təşkilata üzv ölkələr, eyni zamanda regional təhlükəsizlik və sabitliyin təmin olunmasında da bir-birinə dəstək olmağa söz verdiyi üçün İƏT Azərbaycan üçün effektiv platforma hesab edilə bilər. Hesab edirəm ki, İƏT-lə əməkdaşlıq ölkəmizin iqtisadi inkişafının sürətlənməsinə töhfə verəcək”.

Xatırladaq ki, İƏT-in 17-ci Zirvə Toplantısı bu il Azərbaycanda təşkil ediləcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR