Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İrana səfəri çərçivəsində İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilməsi və ölkəmizə səfərə dəvət olunması iki ölkə arasında münasibətlərdə müsbət siqnalların olacağına dair fikirlər yaradıb. Bu da təsadüfi deyil.
Nəzərə alsaq ki, son 10 ildə iki ölkə arasında yüksək səviyyəli görüşlərin sayı o qədər də çox deyil, sözügedən səfər diqqət cəlb edir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran və Bakı arasındakı səfərlər iki ölkə arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək:
“Bu səfərlər ümumi narahatlıqlar və münasibətlərin yaxşılaşdırılması üçün mühüm başlanğıc olacaq. Qafqaz regionu, o cümlədən Azərbaycan və Ermənistanın təhlükəsizliyi İran üçün mühümdür. İranın hər iki ölkə ilə yaxşı münasibətləri mövcuddur və diplomatik səfərlər artmaqdadır. İran Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün hər bir dəstəyə hazırdır”.
Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlunun fikrincə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri hər şeydən öncə Azərbaycanın İranla münasibətləri yeni mərhələyə qaldırmaq niyyətinin göstəricisidir.
H.Babaoğlu Musavat.com-a şərhində vurğulayıb ki, Hikmət Hacıyev növbəti dəfə İran tərəfinə Azərbaycan Prezidentinin mövqeyini çatdırıb və bununla da əslində İranı yenidən əməkdaşlığa dəvət edib:
“Təəssüf ki, müharibədən dərhal sonra Azərbaycan eyni mövqedə olmasına, İranla sərhədləri “dost sərhədləri” adlandırmasına, 3+3 platformasında İranı görmək niyyətinə baxmayaraq, İrandan hələ də arzuolunan reaksiya yoxdur. Düşünürəm ki, hazırkı mərhələdə bunun üçün şans yaranıb. İranda keçirilən sonuncu prezident seçkisindən sonra xalqın iradəsi ilə hakimiyyətə gələn Məsud Pezeşkianın müəyyən addımlar atması mümkün görünür. Atılacaq addımlar əslində mövcud reallığa uyğun olardı.
Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində ciddi təmaslar olmadığı üçün Pezeşkianın fəaliyyəti ilə bağlı qiymətləndirmə aparmaq istəmədiyini bildirmişdi. Mənə elə gəlir ki, Pezeşkianın yenidən Azərbaycana dəvət olunması bununla bağlıdır. Bu görüş baş tutarsa, pozitiv ruhda keçəcəyinə heç bir şübhəm yoxdur. Bu, Azərbaycan-İran münasibətlərini yeni, tarixi mərhələyə qaldıra bilər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ