İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İranla əməkdaşlığa hazırdır, amma şərti var...

ABŞ-ın prezidentliyə namizədi Tehranla bağlı “qırmızı xətti”ni bəyan etdi və İsraili gözləyən təhlükəni açıqladı - şərh

ABŞ-da prezidentliyə namizəd Donald Trampın yenidən hakimiyyət gəlməsindən sonra Ağ Evin dünyadakı proseslərə münasibətinin dəyişəcəyi haqda proqnozlar verilir. Bunu şərtləndirən həm təcrübə, həm də Trampın öz baxışlarıdır. Hazırda Amerika üçün əsas məsələlərdən biri də İrandır.

Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, İranla düşmənçilik etmək niyyətində deyil. Bununla belə, o, sərt xəbərdarlıq edərək deyib ki, İranla razılaşmaq istəyir, ancaq bu hökumət nüvə silahı əldə etməyə can atır və o, buna icazə verə bilməz. “İranın nüvə silahı əldə etməsi İsrailin məhvi deməkdir. Tehranın nüvə silahına sahib olması mənim qırmızı xəttimdir”, - deyə Tramp əlavə edib. Trampın bu açıqlamasından çıxan nəticə nədir? Əgər o, prezident olarsa, İranı hansı şərtlər daxilində nüvə silahından çəkindirə bilər?

İran öz uran ehtiyatlarını artırmağa davam edir və bu, Tehrana nüvə silahı yaratmaq üçün kifayət edə bilər. MAQATE məlumat yayıb. Qeyd olunub ki, sözügedən ehtiyatlarla 4 atom bombası yaradıla bilər. “İran ABŞ və Avropa ölkələri ilə münasibətlərdəki gərginliyi azaltmağı hədəfləyir”. İranın yeni xarici işlər naziri Abbas Əraqçı bildirib. Nazir Qərbin sanksiyaları aradan qaldıracağını və nüvə sazişini bərpa edəcəyini gözlədiyini vurğulayıb: “Parlamentdəki çıxışımda söylədim ki, ölkənin fundamental prinsiplərinə hörmətlə yanaşılmaqla, ciddi, məqsədyönlü və zaman məhdudiyyətli danışıqlarla sanksiyaların, xüsusən də birtərəfli sanksiyaların ləğvinə nail olmaq çox vacibdir”.

İran parlamentinin 12-ci çağırış deputatı, milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı əldə etdiyini iddia edib. Siyasətçi İran hakimiyyətinin İsrailə və ABŞ-ın İraqdakı bazasına hücumundan sonra belə qənaətə gəlib. “Görünür, İran nüvə silahı əldə edib, buna görə də İsrail ərazisinə, ondan əvvəl isə İraqın Ayn əl-Əsəddəki Amerika bazasına hava hücumu həyata keçirə biləcəyinə belə əmin idi”, - deyə o bildirib.

“ABŞ və onun müttəfiqləri İranın sülhməramlı nüvə proqramı ətrafında uydurma böhran yaradıblar, Tehranın müdafiə doktrinası nüvə silahından istifadəni nəzərdə tutmur”. Bunu İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian deyib. “ABŞ və onun Qərb müttəfiqləri nüvə silahının yayılmaması rejimindən öz kəşfiyyat icmalarının qiymətləndirmələrinə zidd olaraq İranın dinc nüvə proqramı ilə bağlı böhran uydurmaq üçün qəsdən istifadə ediblər”, - Pezeşkianın “Tehran Times” qəzetində beynəlxalq ictimaiyyətə ünvanlanmış məqaləsində qeyd edilib.

M.Pezeşkian əlavə edib ki, ABŞ eyni zamanda İsrailin nüvə arsenalını dəstəkləməklə Tehrana qarşı belə bir siyasət yürüdür: “Vurğulamaq istəyirəm ki, İsrailin müdafiə doktrinasında nüvə silahı ilə bağlı müddəalar yoxdur. ABŞ-ı keçmiş səhvlərdən dərs almağa və öz siyasətini buna uyğun düzəltməyə çağırıram. Vaşinqtonda məsul şəxslər etiraf etməlidirlər ki, region ölkələrini bir-birinə qarşı qoymaq siyasəti uğurlu deyil və olmayacaq. Onlar bu reallıqla barışmalıdırlar”.

“Respublikaçılar iqtidara gələndə əsasən İran hədəf olur, Rusiya arxa plana keçir. Demokratlarda isə bunun əksini görmək olar. Amma nədənsə, Tramp yeni kurs götürmək niyyətindədir. Onun bundan əvvəlki prezidentliyi dövründə Rusiya ilə münasibətlər yumşaq, İranla isə müəyyən dərəcədə gərgin idi. Amma yaddaqalan bu oldu ki, Tramp İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşmasında rol oynadı. İndi isə hiss olunur ki, Tramp bütün rəqiblərlə ABŞ-ın arasını düzəltməyə həvəslidir: Ukraynada atəşkəsə nail olaraq Rusiya ilə danışıqlar aparmaq, Tehranla əlaqələri normallaşdırmaq... Yeri gəlmişkən, Pezeşkian da İranın Qərblə münasibətlərini sahmana salmaq fikrindədir. Bu mənada Tramp prezident olacağı halda, istisna deyil ki, Vaşinqtonla Tehran arasında müəyyən əməkdaşlıq olsun. Onsuz da İranın nüvə bombasına malik olması haqda iddialar hər iki tərəfdən blef edilir”, - bu sözləri “Yeni Müsavat”a siyasi ekspert Ramiyə Məmmədova deyib.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Onun sözlərinə görə, İran prezidenti Pezeşkian islahatçıdır və Qərblə münasibətlərdə gərginliyin azaldılması tərəfdarıdır: “İranın Haniyənin Tehranda sui-qəsdlə öldürülməsinə cavabının olmaması da göstərdi ki, ABŞ bu ölkəni sakitləşdirə və razı sala bilib. "Politico" nəşri də yazmışdı ki, amerikalılar iranlılara bu hücum zamanı ölkənin heç bir vətəndaşının zərər görmədiyini əsas gətiriblər və Tehranı qisas almamağa razılığını alıblar. O baxımdan gözləntilərim var ki, Pezeşkian ABŞ-la münasibətlərə yenidən nəzər yetirəcək. Əgər Tramp da qalib gəlsə, o zaman müəyyən işıqucu görünə bilər. Amma Baydenin qələbəsi ciddi dəyişikliklərə səbəb olmayacaq".

Siyasi təhlilçinin fikrincə, İranda nüvə bombası yoxdur və Trampın elan etdiyi “qırmızı xətt” elə ABŞ-ın çizdiyi sərhəddir: “Düşünmürəm ki, İran atom bombasına sahiblənəndə Vaşinqtonun cavabı təkrarsız olacaq. Ən pis halda İrana ağır sanksiyalar tətbiq oluna bilər. Lakin MAQATE heç nə aşkarlaya bilməyib. Vaxtaşırı isə bəzi iranlı siyasətçilər blef edirlər ki, guya nüvə bombası istehsal olunur, amma deyilmir. Bununla İranın nüfuzunu artırmaq məqsədi güdülür. Hərçənd İranın hərbi-sənaye kompleksinin nə vəziyyətdə olduğu göz qabağındadır”.

Analitikin sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) fövqəladə təhlükə yaranarsa, İranı ölkə hakimiyyətinin nüvə silahı hazırlamaq niyyətinə görə qınayan qətnamənin qəbulu imkanlarını nəzərdən keçirir: “Müxtəlif mənbələrə görə, AEBA-nın qətnamə layihəsi Tehranın bəyanatlarını pisləməklə yanaşı, İran hakimiyyətini uran hissəciklərinin mənşəyi ilə bağlı dərhal izahat verməyə çağırır. Sənədin müəllifləri həmçinin əvvəllər İranın nüvə fəaliyyətini izləyən videokameraların dərhal yenidən qoşulmasını tələb edirlər. Yəni İranın addımları tam diqqət mərkəzindədir. Tehran əlaqələrini yaxşılaşdırmaq imkanlarını əldən verməməlidir. Əslində bu şans Ukrayna böhranı başlayanda yaranmışdı. Amma İran Rusiyaya "Şahid" dronları verməklə Qərblə gərginliyi artırdı".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR