İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib, yaxın günlərdə...” - SENSASİYA

Xəbər verdiyimiz kimi, İkinci ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb, general-mayor Quliyev Vilayət Bərxuda oğlu isə 2-ci ordu korpusuna komandir təyin olunub.

Bir neçə gündür ki, Mayis Bərxudarovun vəzifədən getməsi barədə ictimaiyyət arasında müxtəlif fikirlər səsləndirilir. Bəziləri bu hadisəni “Tərtər işi” ilə bağlı onun adının hallandırılması, bəziləri də mediada şərti olaraq "Beyləqan İşi" adlandırılan faciəvi olayda adının hallandırılması ilə əlaqələndirirlər.

Yeri gəlmişkən, bu gün Mayis Bərxudarov mediaya açıqlamasında (gununsesi.info) vəzifədən azad olunması barədə suallara cavab verib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam".

"Orduda yeni yüksək təyinat gözləyirsinizmi" sualına isə, general-leytenant belə deyib: "Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”.

Qeyd edək ki, Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Mayis Bərxudarov "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.

Bundan əvvəl isə 2016-cı il, aprelin 1–5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mayis Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa savaşa qatılıb, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib, erməni silahlı qüvvələrinin çox sayda qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib, sıradan çıxarıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mayis Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mayis Bərxudarova Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsi verilib.

Müdafiə Nazirliyi sistemində baş verən bu dəyişikliklər yeni ordu modelinin formalaşması ilə bağlıdırmı?  Deyilənlər nə dərəcədə həqiqəti əks etdirir?

Hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a mövzu ilə bağlı deyib ki, bu məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir:

“Çünki mətbuatda, xüsusilə sosial şəbəkələrdə bəzi lazımsız müzakirələr gedir. Bu gün generallardan biri Mayis Bərxudarov özü də açıqlama verib ki, sərəncamdadır, yeni təyinatın olub-olmamasına da münasibət bildirməyib.  Əslində, tək Mayis Bərxudarovla bağlı deyil, 4-5 generalla bağlı qərar verilib. Bir neçə general sərəncama götürülüb, bir neçəsi yeni vəzifəyə təyin olunub. Bu, məndə olan çox ciddi məlumatlardır. Gözləyirəm ki, Müdafiə Nazirliyi bununla bağlı öz mövqeyini bildirsin, sonra fikir bildirim. Quru qoşunlarında da müəyyən təyinatlar həyata keçirilib. Amma Mayis Bərxudarov yaşına, rütbəsinə görə ordudan tərxis olunmaq üçün uyğun deyil. Həm yaşı, həm də rütbəsi imkan verir ki,  general-leytenant kimi bir neçə il xidmət etsin.  Sərəncama götürülüb, ola bilsin ya quru qoşunlarında, ya da Müdafiə Nazirliyində vəzifəyə təyin olunsun. Amma bu günə qədər mətbuatda adı çəkilən generallarla bağlı qərarlar verilib, yəqin ki, Müdafiə Nazirliyi açıqlayacaq. Hər halda gələn ilə qədər orduda xeyli yeni ştatlar, strukturlar yaradılmalıdır. O istiqamətdə Müdafiə Nazirliyi sistemində yeni adlar, yeni simalar görəcəyik. Ümumiyyətlə, Bərxudarovu uzun illərdir izləyirəm, o, Tovuz istiqamətində briqada komandiri olub, sonra isə döyüşlərin iştirakçısı olub, 44 günlük Vətən müharibəsində iştirak edib.  “Tərtər işi” ilə əlaqədar həm Bakı Apelyasiya Məhkəməsində, həm də Sumqayıt Məhkəməsində zərərçəkənlər, təqsirləndirilən şəxslər bir neçə dəfə onun adını hallandırıblar. Onun fəaliyyəti ilə bağlı səsləndirilən fikirlərə Baş Prokurorluq, yaxud da İstintaq Komissiyasının qiymət verib-vermədiyini bilmirəm. Bununla belə, orada yalnız Bərxudarovun adı hallanmayıb, başqa generallar da var. Onu da deyim ki, “Tərtər işi”ndə adı hallanan generallardan bir neçəsi artıq yerdəyişməyə məruz qalıb. Onlar arasında polkovniklər də var. Düşünürəm ki, yaxın saatlarda Müdafiə Nazirliyi bununla bağlı öz mövqeyini açıqlayacaq. Ümumiyyətlə, Müdafiə Nazirliyi sistemində çox ciddi işlər görüləcək, yaxın aylarda biz bunu görəcəyik. Çünki hər şey ona doğru gedir”.  

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov da mövzu ilə bağlı Musavat.com-la fikirlərini bölüşüb:

 “Son günlər ictimaiyyətdə bu xəbərlər rezonansla qəbul olunur. Amma bunu normal qəbul etmək lazımdır. Quru qoşunlara yeni komandan təyin olundu, Hikmət Mirzəyev. Orduda müəyyən islahatlar aparılır. NATO standartına uyğun türk modelinə keçid prosesi başlayıb. Bərxudarovun yeri dəyişdirildi o, leytenant olan vaxtdan general rütbəsinə qədər, ömrünün bütün hissəsini döyüş bölgəsində keçirib. Türkiyədə təhsil almış zabitdir.

Aprel döyüşləri, 44 günlük müharibədə və antiterror əməliyyatında döyüşüb. Uzun illərdir mərkəzdən uzaqda xidmət aparır. Prezident tərəfindən ona general-leytenant hərbi rütbəsi verildi. “Qarabağ” ordeninə və sair adlara layiq görülüb. Onu hələlik sərəncama götürüblər, gələcəkdə hansı vəzifəyə təyin olunacaq, bunu Ali Baş Komandan bilər. Rotasiya ilə vəzifədən uzaqlaşan, general rütbəsi olan bir vəzifəli şəxslə bağlı qərarı Prezident verir. Mən  Bərxudarov haqqında yalnız müsbət fikirlər bildirirəm. Çünki o, öz gücü ilə səngərlərdə yata-yata, əzab-əziyyət çəkə-çəkə general-leytenant rütbəsinə qalxıb. Bu, ali bir rütbədir. Hər zabitə də bu qismət olmur. 

Üç korpus komandirini də rotasiya ediblər. Rotasiya prosesi olmalıdır. Bu ,ajiotajla qəbul olunmamalıdır. Çünki biz türk modelinə keçirik. Türkiyədə təhsil almış komandirlərimiz var. Yeni  komandanın islahatları gedir. Bunu islahat kimi qəbul etmək lazımdır. Kiminsə vəzifədən çıxarılması kimi qəbul etmək lazım deyil. Güman edirəm ki, bu dəyişikliklər ordu islahatları ilə bağlı həyata keçirilir”.

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR