Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 22-də Çin Xalq Respublikasına etdiyi dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini rəsmən təsdiqlədi. Çin Sədri Si Cinpinin dəvəti ilə həyata keçirilən bu səfər nəticəsində imzalanan sənədlər və razılaşdırılan təşəbbüslər Azərbaycan–Çin əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini nümayiş etdirdi. Səfər çərçivəsində ümumilikdə 21 mühüm sənəd imzalandı.
Ən vacib sənədlərdən biri Prezident İlham Əliyev və Sədr Si Cinpin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” oldu. Əlavə olaraq, viza rejiminin ləğvi və mina təmizlənməsi sahəsində əməkdaşlıq haqqında razılaşmalar da əldə olundu.
Elm və texnologiya sahəsində əməkdaşlığa dair protokol da diqqət çəkdi. Bu sənəd Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Çin Elm və Texnologiya Nazirliyi arasında imzalanıb və iki ölkə arasında innovasiya və texnoloji inkişafı təşviq etməyi hədəfləyir.
Səfər həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Prezident İlham Əliyevin Çin kimi qlobal güc tərəfindən dövlət səfəri səviyyəsində qarşılanması Azərbaycanın beynəlxalq sistemdə artan rolunun və balanslı xarici siyasətinin təsdiqidir.
Rusiyalı politoloq Mixail Belyayev səfəri geosiyasi və geo-iqtisadi baxımdan son dərəcə əhəmiyyətli adlandırıb. O qeyd edir ki, bu, Azərbaycanın son illərdə Çinlə münasibətləri strateji səviyyəyə yüksəltmək istiqamətində atdığı uzaqgörən addımların nəticəsidir. Belyayevə görə, bu münasibətlər ikitərəfli əlaqələrin tarixində ən yüksək nöqtəyə çatıb.
“Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsündə ilk iştirak edən ölkələrdən biri olub. Bu təşəbbüsə daxil olan Orta Dəhliz vasitəsilə Azərbaycan Çinlə mühüm nəqliyyat-logistika tərəfdaşlığı qurub. Alternativ enerji sahəsində əməkdaşlıq isə daha da genişlənir. Azərbaycanın günəş və külək enerjisi potensialı bu sahədə əməkdaşlığı perspektivli edir”.
Eyni zamanda, Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir. Aprelin 23-də imzalanan birgə bəyanatda tərəflər bir-birinin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar. Azərbaycan Tayvan məsələsində Çin mövqeyini açıq şəkildə dəstəkləyərək “vahid Çin” prinsipinə sadiqliyini bir daha ifadə edib.
Bütün bu məqamlar sübut edir ki, Azərbaycan–Çin münasibətləri təkcə ikitərəfli əlaqələr deyil, eyni zamanda regional və qlobal sabitlik üçün strateji əhəmiyyət daşıyan tərəfdaşlıq modelidir. Bu əməkdaşlıq hər iki ölkənin sülh, bərabərlik və beynəlxalq hüququn aliliyinə sadiqliyini əks etdirir.
Şahanə Rəhimli,
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ