İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan boğazında hərbi eskalasiya təhlükəsi, qlobal iqtisadiyyatda böhran yarana bilər-ŞƏRH

 

Almaniya Çinin Tayvan boğazında dəniz tranzitinə elan etdiyi qadağaya etirazını bildirib. Almaniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot Pekinin getdikcə aqressiv hal alan mövqeyini tənqid edib.

Bu fikirləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq Rotun xəbərdarlığına diqqət çəkərək qeyd edib ki, yaxın zamanda Çin-Almaniya münasibətlərinin gərginləşmə ehtimalı var:

 “Biz Çinin Tayvan boğazında status-kvonun hər hansı birtərəfli və zorakı dəyişikliklərinə qarşıyıq” deyən almaniyalı deputat boğazda naviqasiya azadlığının qorunmasının regional sabitliyə xidmət etdiyini bildirib. O, beynəlxalq ictimaiyyətin Çinin ərazi ambisiyaları qarşısında passiv qalmamalı olduğunu söyləyib. Rot xəbərdarlıq edib ki, Tayvan boğazında hər hansı hərbi eskalasiya qlobal iqtisadiyyata fəlakətli təsir göstərə bilər və potensial olaraq COVID-19 pandemiyasının təsirini üstələyə bilər. Məsələ burasındadır ki, böyük iqtisadi gücə malik olan Almaniya Tayvan boğazından istifadənin məhdudlaşdırılmasını dünya ticarətinə mənfi təsir edəcəyindən narahatdır. Pekinin etirazına baxmayaraq, Almaniyanın "Baden-Württemberg" freqatı və “Frankfurt am Main” hərbi dəstək gəmisi Tayvan boğazından keçməyə hazırlaşır. Almaniyanın “Spiegel” nəşrində yayımlanan məqalədə beynəlxalq hüquqa görə, boğazdan sərbəst istifadənin vacibliyi əsaslandırılıb. Məqalədə bu məsələ ilə bağlı Almaniyanın Çinlə diplomatik mübahisəyə hazır olduğu vurğulanıb. Belə görünür ki, yaxın günlərdə Çin-Almaniya münasibətlərinin gərginləşməsinin şahidi olacağıq”.

E.Şahinoğlu vurğulayıb ki, Almaniya ilə yanaşı, ABŞ də Çinə növbəti həmləsini həyata keçirməyə hazırlaşır:

“ABŞ Nümayəndələr Palatası hökumətin ABŞ-nin tibbi təchizat zəncirində iştirak edən Çin biotexnoloji firmaları ilə müqavilə bağlamağı məhdudlaşdıran qanun layihəsi qəbul edib. Qanun layihəsinin məqsədi ABŞ şirkətlərini Çin istehsalına etibarlarını azaltmağa və Amerikanın sağlamlıq məlumatlarının Pekinə getməsi riskini məhdudlaşdırmaqdır. Qanun layihəsi ABŞ Prezidentinin imzasına göndərilmədən əvvəl Senatın komitəsində də müzakirə olunmalı və səsverməyə çıxarılmalıdır”.

 

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR