Onlayn ictimai-siyasi qəzet
“Dünyanın hər yerində yol-nəqliyyat hadisələri baş verir. Ancaq əsas məsələ qəzanın baş verməsi deyil, onun nəticələridir. Bu baxımdan "Vision Zero" adlı məşhur konsepsiya diqqətəlayiqdir. Konsepsiyanın əsas ideyası budur: insan səhv edə bilər, lakin bu səhvin nəticəsində insan həyatını itirməməlidir”.
Bu fikirləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib. O, paytaxt ərazisində baş verən qəzalara diqqət çəkib:
“Hər bir qəzanın səbəbi və nəticəsi ciddi şəkildə araşdırılmalı, qəza ocaqları müəyyən edilməli və aradan qaldırılmalıdır. Bu səbəblər arasında avtomobilin texniki nasazlığı, mövsümə uyğun olmayan təkərlər, sürət tələblərinə əməl olunmaması, sürücünün yuxusuzluğu və ya diqqətsizliyi kimi amillər yer ala bilər.
Son illərdə Bakı və Abşeron yarımadasında yol təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlər görülüb. Sürət həddi azaldılıb, eyni zamanda bu həddi aşanlara qarşı cərimələr artırılıb. Lakin bu tədbirlərlə yanaşı, tıxacın qarşısını alan və sürətə nəzarət edən infrastruktur elementlərinin – küçələri sakitləşdirən vasitələrin - də artırılması vacibdir. Əgər yüksək sürətə imkan verən yollar yaşayış məntəqələrinin yaxınlığından keçirsə, bu ərazilərdə daha az sürətli, iki zolaqlı alternativ yolların salınmasına ehtiyac var. Həmin yollar ictimai nəqliyyatın daha təhlükəsiz hərəkətini təmin edir”.
Ekspert qeyd edib ki, yaşayış məntəqələrinə yaxın ərazilərdə piyadaların təhlükəsiz keçidi üçün daha müasir, müxtəlif səviyyəli, bariyersiz keçidlərin sayı artırılmalıdır:
Yolun bir tərəfindən digərinə keçmək insanların zəruri ehtiyacıdır. Bütün bunlarla yanaşı, belə ərazilərdə yerləşən səkilərin vəziyyəti də mütəmadi yoxlanmalı və təkmilləşdirilməlidir. Yol təhlükəsizliyi bir-biri ilə bağlı sistemlərin fəaliyyətindən asılıdır. Əgər yolda dayanacaq mövcuddursa, həmin dayanacağa aparan səki də müvafiq şəkildə rahat və təhlükəsiz olmalıdır. İnsanlara rahat hərəkət imkanları yaradıldıqca qəza riski də azalır.
Nəhayət, qoyulmuş sürət həddinə riayət etmək hər bir sürücünün borcudur. Xüsusilə küləkli, yağışlı və qarlı hava şəraitində sürətə nəzarət daha böyük əhəmiyyət kəsb edir”.
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ