İnsanlara hürriyət, millətlərə istiqlal!

Məsim Məmmədov: "Laçında 1000-dən çox ev hazırdır, gələcəkdə isə..." - VİDEO

Laçın rayonu azad olunduqdan sonra burada aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri artıq öz bəhrəsini verməkdədir.

Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədovun verdiyi məlumata görə, indiyədək rayonda 1000-dən çox yaşayış evi tikilib və bərpa olunub. Artıq 847 ailə doğma torpaqlarına qayıdaraq yeni evlərində məskunlaşıb.

Məsim Məmmədov bildirib ki, təkcə Laçın şəhərinin özündə 626 fərdi ev və çoxmənzilli binalarda yerləşən 138 mənzil istifadəyə verilib:

"Eyni zamanda, 87 qeyri-yaşayış sahəsi də istifadəyə hazır vəziyyətə gətirilib. Tikinti prosesi isə davam etməkdədir – hazırda 89 fərdi ev, 28 çoxmənzilli bina və 26 qeyri-yaşayış obyektinin inşası və bərpası aparılır. Gələcək planlara əsasən, daha 237 fərdi ev və 29 çoxmənzilli binanın (ümumilikdə 436 mənzil) tikintisi nəzərdə tutulur.

Laçının kəndləri də diqqətdən kənarda qalmayıb. Sus kəndində 59 fərdi ev və 4 qeyri-yaşayış binası inşa olunub. Zabux kəndində isə 223 fərdi evlə yanaşı, 4 qeyri-yaşayış binası da istifadəyə verilib. Xüsusi olaraq vurğulanmalıdır ki, bu yaşayış məntəqələrində ekoloji davamlılıq prinsipləri də tətbiq olunub – fərdi evlərin və qeyri-yaşayış binalarının damlarında günəş panelləri quraşdırılıb. Eyni yanaşma Laçın şəhərində də müşahidə olunur. Burada mərkəzləşdirilmiş istilik sistemi ilə yanaşı, bir sıra fərdi evlərdə günəş enerjisi sistemləri mövcuddur".

Məsim Məmmədov eyni zamanda Laçın-Kəlbəcər avtomobil yolu boyunca tikilən infrastruktur layihələrindən də söz açıb.

Onun sözlərinə görə, bu mühüm yol xəttində ümumi uzunluğu 2793,21 metr olan 14 körpü və 5208,10 metr uzunluğa malik 11 tunel artıq inşa edilib. Bu isə regionun nəqliyyat əlaqələrinin bərpası və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Xalidə Gəray
Video, foto müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR