İnsanlara hürriyət, millətlərə istiqlal!

Binadan atılan Ayşən tualetdə saxlanılırmış - Qətli törədən 23 yaşlı Hüseynin ŞOK İFADƏSİ

23 yaşlı arvadını əlləri bağlı vəziyyətdə 8-ci mərtəbədən ataraq ölümünə səbəb olan 23 yaşlı Hüseynin cinayət işinin təfərrüatı məlum olub. Hüseyn dəhşətli qətli törətmədən əvvəl arvadının saçlarını kəsib, onu döyərək telefonla çəkib.

Musavat.com xəbər verir ki, Hüseyn Kazımov arvadı Ayşən Kazımovanı köməksiz vəziyyətdə qətlə yetirib.

Hüseyn aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüseyn ifadəsində qətli xəyanətə görə törətdiyini deyib. Onun sözlərinə görə, Ayşənlə bir neçə ay imiş ki, ər-arvad kimi bir evdə yaşayırmışlar. Hüseyn deyib ki, Ayşənin 4 aylıq hamilə olduğunu biliblər. Ayşən universitetdə oxuduğu üçün uşağı abort etdirmək istəyib. Hüseyn də bununla razılaşıb.

Qeyri-rəsmi şəkildə Ayşənin uşağını abort etdiriblər. Abortdan bir neçə ay sonra Hüseyn həkimə müraciət edən zaman səhhətində problem olduğunu, müalicə olunmayacağı təqdirdə uşağının olmayacağını öyrənib. Bundan sonra Ayşənin necə hamilə qalması ilə bağlı onda suallar yaranıb. Buna görə Ayşəni döyüb və ondan xəyanət edib-etməməsini soruşub. Ayşən ona xəyanət etmədiyini deyib.

HUSEYİN.jpeg (34 KB)

Hüseyn ifadəsində bildirib ki, bir müddət sonra Ayşənin gizli şəkildə evdən çıxdığını bilib və buna görə də mübahisə ediblər. O, Ayşənin xəyanət etdiyini yenidən düşünməyə başlayıb.

Buna görə də Ayşəni yenə döyüb. Onun əllərini skoçla bağlayaraq saçını kəsib. Ayşənə işgəncə verərək ondan xəyanəti etiraf etməsini istəyib. “Bu gün son gündür” deyərək onu öldürəcəyini bildirən Hüseyn istədiyi “etiraf” videosunu çəkib. Həmin videoda Aygün başqa bir şəxslə münasibətinin olduğunu etiraf edib.

Ayşənin bu “etirafı” qorxudan edib-etməməsi bilinmir. Amma Hüseynin bu videonu çəkməkdə məqsədi özünü haqlı çıxarmaq olub. Həmin videonu da ilk olaraq öz anasına göndərib.

İstintaq zamanı Hüseyn Ayşəni əlləri bağlı şəkildə binadan atdığını etiraf edib. Lakin məhkəmədəki ifadəsində deyib ki, Ayşən pəncərədən özü tullanıb.

“Videonu çəkəndə dedi ki, qohumlar içinə çıxa bilməyəcək. Mənə yalvardı ki, videonu paylaşmayım. Sonra məndən su istədi. Su gətirməyə getdim. Qayıdanda gördüm ki, özünü atıb. Həyətə düşüb ona baxdım. Sonra evə qayıtdım”, - deyə Hüseyn ifadəsində bildirib.

Araşdırma zamanı məlum olub ki, Ayşən binadan yıxılandan sonra sağ olub. Hüseynin ona yaxınlaşdığını görüb və kömək istəyib. Hüseyn əlində olan qayçı ilə Ayşənin əlindəki skoçu açıb və evə gedib. Ayşənin binadan yıxılması ərazidəki marketin kameralarına da düşüb.

Ayşənin anasının ifadəsindən məlum olub ki, qızı Sumqayıt Dövlət Universitetində təhsil alırmış:

“Bir gün Ayşən mənə mesaj yazdı ki, sevdiyi adamla qaçıb. Amma Ayşən mənə deyirdi ki, diplomunu almadan ailə həyatı qurmayacaq. Polisə məlumat verməyimizi istəməmişdi. Amma biz polisə xəbər verdik. Ayşəni tapandan sonra izahat yazdı ki, könüllü qaçıb. Hüseyn qızıma işgəncə edirdi. Evdən çıxmağa imkan vermirdi. Universitetə getməsinə də icazə vermədi. Biz qızımızı görə bilmirdik. Hüseyn onu tualetdə bağlı şəkildə saxlayırdı.

Onlar icazə verəndə qızımı görürdüm, onunla danışırdım. Bircə dəfə qızımdan “ana, məni apar” deməsini gözləyirdim. Amma bizimlə danışanda tək olmurdu”.

Hüseynin anasının ifadəsindən isə hadisənin daha dəhşətli təfərrüatı məlum olub. Hüseyn narkotik vasitə istifadəçisi imiş. Onun psixi problemlərinin də olduğu üzə çıxıb.

Hüseyn uzun müddət 1 Saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə də alıbmış. Hüseynin qardaşı vəfat etdikdən sonra psixoloji problemləri artıb. Hətta qardaşının otağında ocaq da qalayıbmış.

Hüseynin anasının ifadəsindən məlum olub ki, onlar Ayşəni abort etdirməyə aparanda bunu qeyri-rəsmi şəkildə ediblər. Bunun üçün 120 manat pul veriblər.

Xatırladaq ki, Hüseynin Ayşənə işgəncə verərək çəkdiyi video sosial şəbəkələrdə də yayılmışdı. Məhkəmədə məlum olub ki, həmin videonu sosial şəbəkələrdə yayan şəxs müəyyən edilərək 10 sutka azadlıqdan məhrum edilib.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR