Onlayn ictimai-siyasi qəzet
Türkiyə və Rusiya ilə müttəfiqlik münasibətləri, Gürcüstanla strateji tərəfdaşlıq, eləcə də İranla əlaqələrin dərinləşdirilməsi rəsmi Bakının bölgədə sabitlik və əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir.
İran prezidentinin Azərbaycana səfəri bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bu səfər iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə, strateji tərəfdaşlıq müstəvisinə keçməsi üçün tarixi fürsət kimi dəyərləndirilə bilər.
Səfər zamanı Azərbaycan və İran prezidentlərinin bir-birinə “əziz qardaşım” deyə müraciət etməsi iki ölkə liderləri arasında qarşılıqlı hörmət və inam mühitinin formalaşdığını göstərdi. Bu, təkcə diplomatik jest deyil, həm də qarşılıqlı etimada əsaslanan siyasətin rəmzidir.
İran-Azərbaycan münasibətlərinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulması və Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi və iqtisadi reallıqlar nəzərə alınaraq uğurla davam etdirilməsi bu gün yaranan yaxın əməkdaşlıq şəraitinin əsaslarını təşkil edir. Qonşuluq, ortaq tarix və mədəniyyət, dəyərlər, hətta qohumluq və qardaşlıq amili bu münasibətləri daha da dərinləşdirir.
Təəssüf ki, bu əməkdaşlığın inkişafına qarşı müəyyən xarici müdaxilə cəhdləri də müşahidə olunur.
Azərbaycanın rəsmi mövqeyi isə qəti və prinsipialdır: İranla münasibətlərin inkişafına üçüncü tərəflərin müdaxiləsi qəbuledilməzdir. Bu mövqe həm İran, həm də Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb.
Regionun təhlükəsizlik və sabitlik baxımından mühüm əhəmiyyət kəsb edən İranla sərhəd xətti də strateji üstünlük təşkil edir. İranın 12 ölkə ilə quru sərhədləri arasında ən etibarlısı Azərbaycanın sərhədidir. Prezident İlham Əliyevin 2020-ci ilin noyabrında işğaldan azad edilmiş Xudafərini ziyarət edərkən körpünü “Dostluq körpüsü” adlandırması bu münasibətlərin simvolik göstəricisi olub.
Azərbaycanın İrana münasibəti hər zaman xoşməramlılıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanıb. Azərbaycanın xarici siyasəti iki fərqli siyasi sistemin dinc yanaşı yaşamasına, suverenliyə hörmət və daxili işlərə qarışmamaq prinsipinə sadiqdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni regional düzən fonunda Azərbaycanın təşəbbüsü ilə formalaşan 3+3 əməkdaşlıq formatı (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) İranın regional inteqrasiyada fəal iştirakını da stimullaşdırır.
Eyni zamanda, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatları da davam etdirilir. Bu təşəbbüslərin əsas təşəbbüskarı Prezident İlham Əliyev olub. 2016-cı ildə Bakıda və 2017-ci ildə Tehranda keçirilmiş Azərbaycan, İran və Rusiya prezidentlərinin Zirvə görüşləri bu istiqamətdə ciddi addımlardır.
Azərbaycanın Avrasiya məkanında artan tranzit rolu da İranla əməkdaşlıqda yeni perspektivlər açır. Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Qusar istiqamətində infrastruktur layihələri və xüsusilə Kəlalə-Ağbənd marşrutu bu baxımdan strateji əhəmiyyət daşıyır. Bu yol Araz çayı üzərindən keçərək “Araz dəhlizi” anlayışını gündəmə gətirib. Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutu Fars körfəzi ilə Qara dənizi birləşdirən alternativ yol kimi çıxış edir.
Nəqliyyatla yanaşı, dəmiryolu infrastrukturunda da əməkdaşlıq genişlənməkdədir. Rəşt-Astara dəmiryolunun tikintisi, Azərbaycanın bu sahədə yenilənməsi region ölkələri arasında iqtisadi və logistik bağlılığı gücləndirir.
Energetika sahəsində əməkdaşlıq da ön plandadır. Azərbaycanın artan enerji potensialı, xüsusilə bərpaolunan enerji imkanları bu ölkəni enerji ixracatçısı kimi daha da gücləndirir. İran, Azərbaycan və Rusiya arasında enerji mübadiləsi üzrə regional enerji bazarının yaradılması bu istiqamətdə mühüm addım ola bilər.
Lakin ticarət dövriyyəsi baxımından İranla iqtisadi münasibətlərin potensialı hələ tam istifadə olunmayıb. Azərbaycanın Türkiyə və Rusiya ilə artan ticarət dövriyyəsi fonunda İranla dövriyyə həcmi hələlik arzuolunan səviyyədə deyil. Yaxın illərdə bu sahədə ciddi artım gözlənilir.
Nəhayət, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da iki ölkə arasındakı münasibətlərin mühüm sütunlarından biridir. İƏT, D-8, ŞƏT, AQEM və ECO kimi platformalarda Azərbaycan və İran arasında koordinasiya və əməkdaşlıq davam edir.
Bütün bunların fonunda deyə bilərik ki, İran prezidentinin Azərbaycana səfəri təkcə diplomatik hadisə deyil, iki ölkənin strateji maraqlarını uyğunlaşdıran, qarşılıqlı etimadı gücləndirən, bölgədə sülh, inkişaf və əməkdaşlığa xidmət edən əhəmiyyətli mərhələdir. Bu səfər İran-Azərbaycan münasibətlərində yeni bir səhifənin açıldığını nümayiş etdirir.
Əli Rais,
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ