Onlayn ictimai-siyasi qəzet
Hər iki tərəfin və vasitəçilərin razılaşacağı ünvan haqda fikirlər müxtəlifdir; politoloq Qazaxıstanın daha optimal olduğunu deyir
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması məsələsi ilə bağlı müzakirələr intensivləşib. Son məlumatlara görə, təklif olunan, daha dəqiqi, iki ölkə arasında müzakirəsi aparılan, üzərində işlənilən layihə üzrə 16 bənddən 13-ü üzrə tam, 3-ü üzrə isə qismən razılaşma əldə olunub.
COP29-dək ən azı çərçivə sazişinin imzalana biləcəyi və Nikol Paşinyanın Bakıda keçiriləcək qlobal tədbirdə iştirakı barədə də fikirlərə rast gəlinir.
Bu arada sülh müqaviləsinin harada imzalanması məsələsi gündəmə gəlir. Bununla bağlı indiyədək çox ünvanlar göstərilib - Moskva, Qazaxıstan, Gürcüstanla yanaşı, daha çox danışılan məkanlardan biri də Macarıstandır.
Macarıstanın xarici işlər naziri Peter Siyarto sentyabrın 10-da Ermənistanda səfərdə olarkən İrəvanla Bakı arasında sülh müqaviləsinin Budapeştdə imzalanmasını təklif edib.
O, bunu “İrəvan dialoqu” forumu çərçivəsində söyləyib. Siyarto bunu ölkəsinin göstərə biləcəyi mühüm kömək kimi dəyərləndirib.
Budapeşt variantı məntiqlidirmi? Tərəflərin buna münasibəti necədir?
Aydın Hüseynov
Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan tərəfi sülh sazişinin imzalanması üçün konstruktiv mövqedədir. Ermənistan isə vaxt udmaq üçün sülh müqaviləsinin imzalanmasını mümkün qədər uzatmaq xəttini seçib: “Hər dəfə bir absurd bəhanələr ortaya atırlar və sülh sənədinin tam olaraq hazırlanıb imzalanmaq üçün hazır vəziyyətə gətirilməsini bu şəkildə ləngidirlər. Ermənistan bu cür yanlış mövqedə deyil, səmimi sülh tərəfdarı kimi çıxış etsəydi, sülh sazişi indiyə qədər imzalanmış olardı. Aydın məsələdir ki, sülh sazişi sənədi tam razılaşdırıldıqdan sonra onun harada imzalanması məsələsi rəsmi şəkildə gündəmə gələcək. Hələlik yekun razılaşma olmadığı və sənəd tam hazır vəziyyətə gətirilmədiyi üçün imzalanacaq ünvan haqda danışmaq bir qədər tezdir. Nəzəri cəhətdən isə söyləmək olar ki, sülh sazişinin harada imzalanması mərhələsi gəlib çatanda Ermənistan bir müddət də bu məsələ üzərində manipulyasiyalar edəcək, bəhanələr irəli sürəcək. Məsələn, ünvan kimi Macarıstanın paytaxtı variantını böyük ehtimal qəbul etməyəcək. Çünki Macarıstana Ermənistanın münasibəti dost münasibət səviyyəsindən çox aşağıdır. İrəvan sülh sazişinin Azərbaycanla yaxın dostluq münasibətlərində olan, Ermənistanla isə soyuq münasibətləri olan ölkənin ərazisində imzalanmasına çətin ki, razılaşsın. Azərbaycanın əsas istəyi isə sülh müqaviləsinin imzalanmasıdır, çünki biz sülh tərəfdarıyıq. Sənədin hansı ünvanda imzalanması sonrakı məsələdir. Azərbaycan Macarıstanın bugünlərdə sülh sazişinin imzalanması üçün irəli sürdüyü təklifi müsbət dəyərləndirir. Macarıstan Azərbaycanın yaxın dostudur”.
Oqtay Qasımov
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, üzərində işlənilən 16 bənddən ibarət sülh sazişi layihəsinin 13 bəndinin tam, 3 bəndinin isə qismən razılaşdırıldığı barədə açıqlama COP29 tədbirinə qədər Azərbaycanla Ermənistan arasında çərçivə sənədinin imzalana biləcəyinə ümid yaradır. Təxminən iki ay öncə Azərbaycan Prezidenti belə bir təşəbbüslə çıxış etmişdi ki, tərəflər razılaşdırılmış məsələlər üzrə sənədi paraflaya bilərlər, qalan məsələlər üzrə müzakirələr davam edər və Ermənistan Konstitusiyasında dəyişikliklər həyata keçiriləndən sonra yekun sülh müqaviləsi imzalana bilər: “Çünki hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə əngəl törədən bir neçə məsələ var ki, onların başında Ermənistan Konstitusiyası və digər qanunvericilik aktları dayanır. Bu iddiaların ləğvi mütləqdir. Təbii ki, digər məsələ ATƏT-in Minsk Qrupu ilə bağlı olan məsələdir. Azərbaycan Ermənistana təklif edir ki, artıq öz missiyasını başa vurmuş və fəaliyyət göstərməyən ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciət etsinlər. Ermənistan isə hələlik bu məsələyə müsbət yanaşmır. Digər bir məsələ kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizinin açılması məsələsidir. Azərbaycan artıq bunu sülh gündəmindən kənara qoyub, ancaq bu o demək deyil ki, bu məsələ də öz həllini tapmamalıdır. Tərəflər arasında əgər çərçivə sənədi, sonra isə sülh sazişi imzalanacaqsa, hansı ünvanda imzalanacağı ilə bağlı çox müxtəlif fikirlər var. Xüsusilə nəzərə alsaq ki, bu prosesdə vasitəçilik etmək istəyən dövlətlərin marağı ondan ibarətdir ki, sülh sənədi onların təklif etdiyi yerdə imzalansın, bu da məsələ barədə qərara öz təsirini göstərən amillərdəndir”.
Politoloqun sözlərinə görə, elə bu ünvan olmalıdır ki, Azərbaycan və Ermənistan bunu qəbul edə bilsinlər: “Hazırda Moskva variantını Ermənistan qəbul etmir, Brüssel, Paris ünvanları Azərbaycan tərəfindən isti qarşılanmır. Gündəmdə Qazaxıstan və Gürcüstan variantlarıdır. İndi isə Macarıstan variantı gündəmə gətirilir. Elə bir ünvan seçilməlidir ki, vasitəçilik iddiasında olan və vasitəçilik etmiş güclər də həmin ünvana etiraz etməsinlər. Gürcüstan variantı ən real və hər iki tərəfə, yəni Azərbaycana və Ermənistana məqbul ünvan sayılsa da düşünürəm ki, hazırda Qərbin Gürcüstanla münasibətləri çox da yaxşı olmadığından Qərb bu formata razılıq verməz. Qazaxıstan variantı, məncə, tərəflərin qəbul edə biləcəyi variant olar və buna nə Rusiya, nə də Qərb ciddi etiraz etməz. Macarıstan variantını isə Ermənistan qəbul etməz. Ermənistan cəmiyyətində Macarıstana mənfi münasibət var. Xristian ölkəsi olan Macarıstanın Azərbaycanla çox yaxın münasibətləri Ermənistan hakimiyyətinin sülh sazişinin Budapeştə imzalanmasına razılaşacağını istisna edir. Ramil Səfərov məsələsindən sonra Ermənistanla Macarıstan arasında diplomatik əlaqələr kəsilmişdi və bu əlaqələr bir neçə il öncə bərpa olundu. Bununla belə, soyuqluq hələ də qalır. Ermənistan bu variantı qəbul etməyəcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ