Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq. Bununla bağlı açıqlama verən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə davamlı tədbirlər görülür:
“Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən, məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müəddəaların və sair məsələləri nəzərdə tutur”.
Bəs Azərbaycanda saatlıq əməkhaqqı necə tənzimlənəcək? Bu, işçilərin güzəranına necə təsir göstərəcək?
Məsələ ilə bağlı hüquqşünas Sahib Məmmədov Bakupost.az -a açıqlamasında bildirib ki, bu sistem ciddi heç nəyi dəyişməyəcək:
"Bizdə əməkhaqqının minimum ödənişinin aylıq həddi müəyyən olunur. O da bu ildən 400 manatdır. Bir çox Avropa ölkələrində saatlıq tariflər var. İndi ona keçid etmək istəyirlər, yaxud qarışıq etmək istəyirlər. Bu, mahiyyətcə heç nəyi dəyişməyəcək. İxtisassız fəhləyə 1 gün üçün, 8 saat üçün nə qədər ödənilirsə, onu böləcəklər saatlara. Məsələn, ABŞ-da 1 saatı 8 dollardır, yaxud 11 dollardır, Almaniyada 15 avrodur, elə ölkə var ki, 45 avrodur. Bizdə də 400 manatı 22 iş gününə, onu da 8-ə böləndə, hardasa 2 manat neçə qəpik pul eləyir. Yəni hədd müəyyən ediləcək ki ixtisassız, peşəsi olmayan fəhləyə 1 saat işləsə, ondan aşağı əmək haqqı vermək olmaz".
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ