Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam ölkəmizdə söz və ifadə azadlığına, medianın inkişafına, jurnalistlərə verilən yüksək dəyərin növbəti təzahürüdür. Bu Sərəncam, ümumilikdə, həm keçmişə ehtiram, həm bu günün dəyərləndirilməsi, həm də gələcəyə inamlı baxışın ifadəsidir".
Bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.
O qeyd edib ki, Prezident hər zaman jurnalistlərin əməyinə yüksək qiymət verib:
"Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin fəaliyyətini hər zaman yüksək qiymətləndirib, dövlətimiz hər zaman media nümayəndələrinə diqqət göstərib. Prezident dəfələrlə çıxışlarında "jurnalistlər mənim dostumdur” cümləsini işlədib. Düşünürəm ki, bu Azərbaycan jurnalistlərinə verilən ən böyük qiymətdir".
Hacıbəy Heydərli sərəncamın jurnalistlər üçün yol xəritəsi olacağını da qeyd edib:
"Xüsusən, beynəlxalq aləmdə Azərbaycanla bağlı həqiqətlərin yayılmasında jurnalistlərin üzərinə böyük yük düşür. Sərəncamda qeyd edilən qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.
Düşünürəm ki, media subyektləri sosial mediada aktivliyini artırmalı, sosial mediada yayılan dezinformasiya ve feyk nyuslara qarşı birgə mübarizə aparmalıdır. Çünki günümüzdə medianın etik prinsiplərinin, dezinformasiyaların, saxta xəbərlərin ən çox pozulduğu məkan sosial şəbəkələrdir. Peşəkar media subyektləri sosial mediada fəal olsa, burada baş qaldıran neqativ halların qarşısını ala bilərik".
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ