İnsanlara hürriyət, millətlərə istiqlal!

“Söyüldükcə baxılan” telekanallar - efiri necə düzəltməli?

Ötən həftəsonu Mir Şahin Ağayev efirdə bir sıra telekanalların ictimai zövqü korladığını, bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrildiyini bildirmişdi. O, ad çəkərək bəzi telekanallarda müsbət dəyişikliklərin olduğunu, ATV, ARB və SPACE-nin isə adını çəkməyərək “İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərbə vurduğunuzun fərqində olun” fikrini səsləndirmişdi.

Mir Şahin həmçinin əlavə edib ki, həmin kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara kəskin şəkildə iradlar bildirilib. ATV kanalının baş direktoru Azər Xəlilov feysbuk səhifəsində rəhbəri olduğu televiziyanı Azərbaycanda ən böyük izləyici auditoriyası olan media resursu kimi təqdim edib: “Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu. Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl telekanal. Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı. Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır! ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir”.

Bundan sonra ATV və ARB “Bizimləsən” (aparıcı Zaur Baxşəliyev) və ARB-nin “Səni axtarıram” (aparıcı Xoşqədəm Baxşəliyeva) verilişləri haqqında yayılan ittihamlara birgə cavab verib. Televiziyaların ən ciddi problemi nədir? Azərbaycanda zaman-zaman bu problem gündəmə gəlsə də, köklü dəyişikliklər yoxdur.

Teletənqidçi Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Bu gün televiziyalarda mövcud olan haqqında çox sayda problemlər haqqında danışmaq olar. Əgər bunu qruplaşdırsaq, əsasən bu problemlər üzərində dayanaram: birincisi - peşəkarlıq, ikincisi - yaradıcılıq sərbəstliyinin məhdudluğudur, üçüncüsü  - cəmiyyət, tamaşaçı qarşısında məsuliyyətin itməsi, etik qaydaların tez-tez pozulmasıdır. Deyərdim ki, televiziyalardakı problemlərin əksəriyyəti bu amillərə bağlı olur. Narazılıqlar, ciddi problemlər, tənqidlər, qarşıdurmalar da daha çox buradan  qaynaqlanır. Tamaşaçı dolğun, maraqlı, ifadəli proqramlara baxmaq istəyir. Bunu görməyəndə ya televizoru söndürür, ya da başqa kanala çevirir. Narazılıqlar həm də ona görə artıb ki, tamaşaçı televiziyadan heç nə öyrənmir, əksinə, proqramlar onun əsəblərinə toxunur. Bayağı şou proqramlar, onların aparıcıları, bu aparıcıların hədsiz, aşırı dərəcədə sərbəstliyi, qeyri-etik davranışları və sairə, bütün bunların hamısı ciddi narazılıq doğurur.

Onun Ustad dərsləri - Qulu Məhərrəmli yazır

Qulu Məhərrəmli: “Nə qədər internet resursları olsa da, televiziya yenə də bizim həyatımızın bir parçasıdır, amma... ”

Bəs bunun səbəbi nədir? Niyə vəziyyət bu hala gəlib çıxır? Məsələ yenə də peşəkarlıq, məsuliyyətin üzərinə gəlir. Biz nə qədər desək də ki, internet resusları var və sairə, televiziya yenə də bizim həyatımızın bir parçasıdır. Televiziyaya sosial şəbəkələrdən daha möhtəşəm mənbə kimi baxırıq. Ona görə də tamaşaçı nöqsanlara qıcıq olur".

Ekspert qeyd etdi ki, mövcud vəziyyətin aradan qaldırılması üçün televiziya proqramlarına, işçilərə, aparıcılara tələblər artırılmalıdır:

“Hər şeyin peşəkarcasına hazırlanması tələb olunmalıdır. Yoxsa başqa variant yoxdur”.

Qulu Məhərrəmli onu da bildirdi ki, hazırda bəzi televiziyalarda yaxşı layihələr də həyata keçirilir:

“Paradoksal hal ondan ibarətdir ki, televiziyalarda yaxşı layihələr də  gözə çarpır. Məsələn, İTV, AzTV, REAL TV-də maraqlı sənədli filmlər görürük. Həmçinin ARB-də yaxşı verilişlər, müsahibələr, süjetlər gözə dəyir. Bu yaxşılar haqqında biz çox az danışırıq. Niyə? Ona görə ki, onların sayı çox azdır və səviyyə göstəricisi kimi çıxış etmir. Çox təəssüf ki, şou proqramlar, onların bəsitliyi, etik normalardan yayınması yaxşı işləri də öz arxasında qoyur.

Bu səbəbdən yaxşı, universal televiziyalarımızın olmasına ehtiyac var. İstərdik ki, televiziyalarda həm ictimai müzakirələr, ciddi tənqidlər, həm də yaxşı əyləncəli, şou proqramlar, səviyyəli, intellektual, öyrədici verilişlər görək, uşaqlar da televiziyaya maraqla baxsın. Bunun üzərində konseptual olaraq işləmək lazımdır".

Arzu İsayeva: “Televiziyalar arasında konfliktlərin olması tamaşaçı üçün maraqlı deyil, tamaşaçı yalnız və yalnız yaxşı, səviyyəli, maraqlı proqram görmək istəyir”

Ekspert, filologiya elmləri namizədi Arzu İsayeva isə qeyd etdi: “Hesab  edirəm ki, bu gün Azərbaycan televiziyalarının bütövlükdə iki ciddi problemi var. Bunun birincisi televiziyalarda peşəkarlıq səviyyəsinin aşağı olması, ikincisi isə kadrların düzgün  seçilib, yerləşdirilməməsidir. Aparıcıların seçilməsi də bu kateqoriyalardandır. Bəzən həm xəbər, həm də  şou-proqram aparıcıları yerində olmur, onların davranışlarında peşəkarlıq səviyyəsi qaydasında olmur, bu da təbii ki, tamaşaçıları qıcıqlandırır. Bu səbəbdən televiziyaların rəhbərləri, prodüserlər məsələyə ciddi diqqət yetirməlidir”.

Arzu İsayeva televiziyalar arasındakı qalmaqala da mövqe bildirib: “Hazırda ARB, ATV və Real  televiziyası arasında olan qarşıdurmaları çox da məqbul saymıram. Hesab etmirəm ki, televiziyaların bir-birinə bu şəkildə yanaşması, ictimai qınağa  cəlb etməsi doğrudur. Əlbəttə ki, problemlər ola bilir, bunlar vacibdir, televiziyalar problemlərsiz ötüşə  bilmirlər. Bu səbəbdən arzuolunandır ki, bir-biriləri ilə fikir mübadiləsi aparılsın, problemləri yerindəcə çözsünlər, narazılıqlarla bağlı  bir-birilərinin fikirlərinə hörmətlə yanaşsınlar. Ümumiyyətlə, hansısa televiziyalar arasında konfliktlərin olması tamaşaçı üçün maraqlı deyil. Tamaşaçı yalnız və yalnız yaxşı, səviyyəli, maraqlı proqram görmək istəyir. Onun üçün əsas meyarlar bunlardır”.

Xalidə GƏRAY
“Yeni Müsavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR