Onlayn ictimai-siyasi qəzet
Qarabağdakı quldurlardan biri Samvel Babayanın “mübarizə imitasiyasından imtina etməliyik” başlıqlı açıqlamasını görəndə ani olaraq düşündüm ki, nəhayət, adam olmağa başlayırlar. Məntiq deyir ki, olmalıdırlar. Çünki bu ölkənin rəhbərinin Xocalıda, bir gün sonra Şuşada olması, yeni layihələrə start verilməsi həm də ovuc içindəki bir ovuclu ermənilərə də ciddi mesajdır.
Amma özünə “vahid vətən” adlı "partiya"cıq düzəltmiş cani Babayanın açıqlamasını tam şəkildə oxuduqdan sonra bir daha yəqin elədim ki, bunlardan “adam olmayıb, olmayacaq da!” Həmin bu cani “mübarizə imitasiyasından əl çəkməyi və praktik müstəviyə keçməyi” təklif edirmiş. “Qarşılıqlı etimad mühiti yaratmaq üçün Stepanakert-Bakı dialoqu”nu təklif edib. Soyadının Azərbaycana aid olduğunu qanmayan Samvel başından böyük danışdığının fərqində deyil. Stepan çoxdan gorbagor olub, “kert”i də “ker aşağı” yuvarlanıb! XANKƏNDİ var! Xankəndi ilə Bakı arasında dialoqu isə sarsaq toplusu ancaq yuxusunda görər! Bunların öldüyü elə Bakı ilə Xankəndidəki separatçılar arasında dialoqun başlamasına nail olmaqdır: desinlər “biz bərabərhüquqlu tərəfik”, sonra da “müstəqilik”, daha nə sərsəmləmələr...
Azərbaycan dövləti mövqeyini aydın bəyan edib: “miatsum” kitabı bağlandı, müstəqillik nağılı bitdi, Azərbaycan vətəndaşları olaraq Qarabağda yaşamaq istəyirsinizsə, qanunlarımıza əməl edin, reinteqrasiya məsələlərini oturub danışmaq olar! Başqa variant olmayacaq! Hətta Azərbaycan əraziləri işğal altında olarkən hansısa güzəştləri qəbul etməmişiksə, bundan sonra sarsaq iddialarla zəhləmizi aparmasınlar!
Lakin görünür ki, Samvel Babayan kimi boynuyoğunlar hələ də ağıllanmayıb. Əks təqdirdə “beynəlxalq zəmanətli sülhməramlı mandatın təmin edilməsi üçün BMT-yə müraciət etmək”dən, “Azərbaycanın BMT-yə qəbul edildiyi ərazidə üzvlüyünə yenidən baxılması xahişi ilə BMT-yə müraciət etmək”dən, “artsax ətrafındakı vəziyyəti həll etmək üçün SSRİ-nin hüquqi varisi kimi Rusiyaya müraciət” olunmasından dəm vurmazdı.
Bəli, təsadüfi deyil, babayanları danışdıran, sarsaqların bir dəstəsini Xankəndi küçələrində çadırlara yığan, qalan hissəsini Xocalı hava limanı qarşısına toplayan, əski parçalarının altında şivən salmağa təşkilatlandıran, həmçinin Ağdam-Xankəndi yolunun açılmasına qarşı çıxışlara sövq edən çevrələr var.
Budur, Babayanın sayıqlamasından çox keçmədi ki, “sarsaq parlamenti” Ermənistana müraciət edərək BMT-yə müraciət ünvanlanması təşəbbüsünü qaldırıb. Əslində iki ələ oynayırlar: həm Rusiyanın, həm də Qərbdəki havadarlarının çaldığına. Qarabağdakı Rusiya sülhməramlı kontingentinin “beynəlxalq mandatı”nın olmadığı indi yadlarına düşüb. 2 ildən sonra çıxıb gedəcək rus hərbçilərinə “mandat” almağa çalışırlar. Həyasız tayfa! 2020-ci ilin 10 noyabr bəyannaməsinin heç bir bəndini vaxtında icra etməyənlər, 2 bəndini isə ümumiyyətlə, görməzdən gələnlər, Naxçıvanla quru əlaqəyə imkan verməyənlər, Qarabağdakı minlərlə erməni quldurları gizlədənlər Azərbaycanı üçtərəfli bəyanatı “pozmaqda”, regional təhlükəsizlik və sabitliyə “təhdidlərə yaşıl işıq yandırmaqda” ittiham edirlər. Hələ üstəlik BMT Təhlükəsizlik Şurasına və BMT Baş Assambleyasına müraciət etmək üçün hərəkətə keçiblər. BMT Təhlükəsizlik Şurasının qətnamələrini, Baş Assambleyanın çağırışlarını 30 il ərzində eşitməzliyə vuranlar bu gün sırtıqcasına həmin qurumların adını dilə gətirirlər.
İyulun ilk həftəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin (SBM) qurulmasının guya qanunsuz olduğuna dair və Azərbaycan Respublikasının bütün Silahlı Qüvvələrinin Laçın yolundan çıxarılması tələbi ilə bağlı qaldırdığı vəsatətləri rədd etdi. Neçə ay idi ki, zəhlətökənlik edirdilər, nəhayət, qulaqlarının dibindən şillə vuruldu. Amma yenə də həyasızcasına əl çəkmək istəmirlər. Azərbaycan bunlara Ağdamdan humanitar yardım təklif edir, hətta bəzi ermənilər də deyir ki, ağlınızı başınıza yığın, qəbul edin bu yardımları! Di gəl, separatçı-terrorçu dəstələr girov saxladıqları mülki ermənilərin taleyi ilə oynamaqdan zövq alırlar. Odur ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını davam etdirmək üçün hər an hərəkətə keçə bilər.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ