İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunsuz onlayn lotereyada 81 nəfərə 1 milyon 232 min 559 manat “atıb”lar

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Tənzilə Adil qızı Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Musavat.com xəbər verir ki, Tənzilə Kərimova qanunsuz "Onlayn lotereya" adıyla internet üzərindən 1 milyon 232 min 559 manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

Müttəhim ifadəsində bildirib ki, bu biznesi idarə edən vaxt özünə aid 5 bank kartı olub. Həmin kartlar onun, qardaşının, yaxın qohumlarının adına olub.

Ödənişlər ancaq kart vasitəsilə olub, heç vaxt kimdənsə nağd pul almayıb. İlk olaraq bir neçə qrup rəhbərini özü cəlb edib, sonrakı qrup rəhbərlərinin heç birini şəxsən tanımayıb. Şəbəkədə 11 qrup rəhbəri, hər qrupda da 10-12 nəfər oyunçu olub. Hər qrup rəhbərinin özünün və yaxınlarının bank kartı olub. Qrup rəhbəri olan İlahə xanım deyirdi ki, elə vaxt olub 1 gün ərzində bank kartında 200 minlik dövriyyə olub.

İş üzrə zərərçəkən qismində tanınan Nigar Akif qızı Orucovanın sözlərinə görə, şəbəkəyə qoşulanda Tənzilə Kərimovaya deyib ki, uşağı qan xəstəsidir, ona görə bura qoşulur.

"Mən ancaq pul yatırmışam, heç vaxt pul çıxarmamışam. Bir gün Tənzilə mənə dedi ki, bu gün kartına pul yatıracam, ancaq bir qəpik də yatırmadı", - deyə zərərçəkən bildirib.

Zərərçəkən Rəxşəndə Özbək qızı Abdulxalıqova da bildirib ki, bütün pullar karta Tənzilə Kərimovanın razılığı ilə atılıb:

"Yəni şəxsən mən özü ilə danışıb sonra karta pul atmışam".

Qeyd edək ki, 2022-ci ilin aprel ayından başlayaraq Tənzilə Kərimova internet üzərindən qanunsuz "Onlayn lotereya" oyunları təşkil etməklə qruplar yaradaraq insanların etibarından sui-istifadə edərək 81 nəfərin 1 milyon 232 min 559 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Əvvəlcə oyunçu qoşulmaq üçün hər bir şəxsdən 180 manat pul qəbul olunurdu, 8 nəfəri ödənişi cəmi 1440 manat isə qalib gəlmək növbəsi olan şəxsə ödənilirdi. 2022-ci ilin iyul ayından "qat" sistemli oyun yaradıb.

Həmin sistemə əsasən, yatırım etmiş şəxs bir ayın tamamında yatırdığı pulun bir neçə qatı müqabilində gəlir əldə edirdi. Pul vəsaitləri onun və qrup rəhbərinin kartında toplanırdı. Daha sonra həmin kartlardan qalib gələn şəxsin kartına ödəniş edilirdi. Yəni iyul ayının 5-də 500 manat yatırım etmiş şəxs avqust ayının 5-də 2500 manat pul götürürdü. Bu məqsədlə iştirakçıların pulundan müəyyən qədərini kəsib depozit hesaba yatırırdı.

Depozit pullar onun bank kartı hesablarında yığılırdı. Misal üçün, iyul ayının 5-nə kimi qoşulmuş və 180 manat yatırım etmiş şəxs 1440 deyil, 900 manat ödəniş qəbul edirdi, qalan 540 manat isə depozit hesaba yatırılırdı. Depozit hesabdan iyul ayının 5-dən sonra 5 qat ödəniş qazanmaq adı ilə yatırım etmiş şəxsin ödənişi verilirdi.

Əsasən qadınlardan ibarət olan zərərçəkənlər məcbur qalaraq DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ediblər və Tənzilə Kərimova barədə Cinayət Məcəlləsinin 178.4-cü (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən ölkəmizdə qanunsuz lotereya və mərc oyunlarının təşkili, eləcə də Azərbaycanın ərazisində bu qanunsuz lotereyalar və mərc oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən bu oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 7 min manat məbləğində, hüquqi şəxslər 40 min manat məbləğində cərimə edilir.

Əgər qanunsuz lotereya və mərc oyunları onlayn üsulla keçirilirsə, onu keçirən şəxslər 10 min manatdan 15 min manatadək miqdarda cərimə və ya 2 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR