İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyanın milyonlara satın aldığı qanlı hekayələr

Bakı Məhkəmə Kompleksində bu günlərdə tarixi baxımdan ibrətamiz, haqlı olaraq “Nürnberq prosesi”nə bərabər tutulan məhkəmə dinləmələri keçirilir.

Musavat.com xəbər verir ki, müttəhimlər kürsüsündə Ruben Vardanyan oturdulub.

O, Qarabağ işğal altında olduğu müddətdə mina əkinçiliyinə milyonlar xərcləyib. Ağlına da gətirməyib ki, gün gələcək, cinayətkar əməllərinin qurbanları ilə üz-üzə, göz-gözə qalacaq. Onlar məhkəmə zalına qoltuqağacları, protezləri, bəzən də arabaları ilə gəlirlər.

Məhkəmə zalına gətirdikləri tək şey bədənlərindəki izlər deyil – Ruben Vardanyanın şəcərəsinə qanla yazılan taleləridir. Hər biri bir hekayədir, hər biri bir cinayətin canlı sübutudur.

Əllərində sənəd yoxdur, çıxış üçün kağız da. Amma hər birinin gözlərində bir faciənin izi, ürəyində bir ailənin ağrısı var. Müttəhimlər kürsüsünə çıxarılan Ruben Vardanyan, kürsü önündə mina qurbanlarıdır – həyatlarının bir hissəsi torpağın altına gömülüb, amma haqları yerin dərinliyində itib-batmayıb.

Zərərçəkmiş Həsənəli Əliyev 2024-cü il fevralın 4-də Tərtərin Qızıloba kəndində heyvan otararkən mina partlayışı nəticəsində sol ayağının aşağı hissəsini itirib. Bu, bir bədən hissəsinin yox, bir həyat tərzinin, bir gələcəyin itkisidir.

RUBEN YENİ.jpeg (632 KB)

Digər zərərçəkmiş Elnur Əsgərov da 2023-cü il aprelin 18-də Borsunlu kəndində oxşar aqibətlə üzləşib. Onların səssiz gəlişləri, kədərli baxışları məhkəmə zalında səsləndirdikləri faktları daha da ağırlaşdırır.

Ən sarsıdıcı ifadələrdən biri Akif Hüseynova aiddir. O, iki oğlunu – Razi və Bayramı mina partlayışında itirib. Özü, oğlu Anar və nəvəsi Hüseyn isə yaralanıblar.

“Bir gündə iki oğlumu itirdim”, – deyə Akif Hüseynov məhkəmədə sarsılmış halda söyləyib. Onların yaşadıqları faciə bir ailənin deyil, bütöv bir millətin yaddaşına həkk olunan yaradır.

ANAMA əməkdaşları – Yadigar Şükürov, Ələsgər Quliyev və digərləri isə peşə borcunu yerinə yetirərkən minaya düşüblər. Ələsgər Quliyev deyib:

“OZM-72 minalarını da çox görmüşəm. O, havada qəlpələrə bölünür, ən təhlükəlisidir”.

Bu ifadələr təkcə texniki izahat deyil, bizə düşmən kəsilənləri torpaqlarımızda mina əkinçiliyinin, bundan dolayı ölümün və qorxunun gündəlik həyat tərzinə çevrildiyinin sübutudur.

Zərərçəkmiş İlham Salmanovun, İlknur Əliyevin, Nicat Cabbarovun, Rafael Bayramovun və digərlərinin ifadələri isə göstərir ki, Ermənistan tərəfindən basdırılmış minalar yalnız bir bölgənin deyil, bütöv Azərbaycanın bədəninə vurulmuş yaradır.

Məhkəmə zalında Ruben Vardanyan isə sanki başqa bir reallıqda oturur.

Baş verənləri başa düşmürmüş kimi davranır. Sanki Azərbaycanın işğal olunmuş ərazilərində min bir cinayət törətmiş yan-yörəsinə milyonlar xərcləməsi də bir yuxu olub. Halbuki, həmin milyonlara heç bir günahı olmayan insanları öldürməkçün silah-sursat, mina alınmasından xəbəri olub. Bu isə terroru, soyqırımı maliyyələşdirməkdir. Ruben Vardanyan bir sistemin, bir dağıdıcı maşının, müharibə cinayətlərinin simvolu kimi bu gün müttəhimlər kürsüsündədir.

Bu gün Bakı Məhkəmə Kompleksində baş tutan proses sadəcə bir hüquqi prosedur deyil – bu, yaddaşın dirçəlişi, ədalətin ayaqsız, amma dik dayanan şahidlərinin hayqırtısıdır. Hər amputasiya olunmuş ayaq bir sübutdur. Hər qoltuqağacı – bir şahiddir.

Ruben Vardanyan bu gün təkcə minalara görə deyil –illərlə əzəli torpaqlarımızda törədilən müharibə cinayətlərinə görə mühakimə olunur. Onun qarşısında duranlar – ayaqları yoxdur, amma haqları var. Onlar bu haqları almaq üçün ayaqdadırlar.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR