Onlayn ictimai-siyasi qəzet
Ferdinand Valdo Demara sıradan bir fırıldaqçı olmayıb. Onu pul yox, sosial status və başqalarının hörməti maraqlandırıb. Ona görə də o, qiymətli kağızları deyil, öz şəxsiyyətini saxtalaşdırmağa üstünlük verib.
İlk dələduzluq və rahibliyə gedən yol
Pulu olmadığı üçün doğma şəhərindəki şokolad mağazasının sahibini aldadaraq bütün sinif yoldaşlarına şokolad alan Demara 16 yaşında olarkən ailəsi “Böyük depressiya” səbəbindən sərvətinin bir hissəsini itirib. Bundan sonra o, evdən qaçıb və Massaçusets ştatının kasıb bölgəsinə köçmək məcburiyyətində qalıb.
Demara zahidanə həyat tərzi ilə tanınan Trappist rahiblərə qoşulub. Lakin rəhbərlik Ferdinandın monastır həyatına uyğun olmadığına qərar verib. O, “Mərhəmət qardaşları” sığınacağına göndərilib və dördüncü siniflər üçün dərs deməyə başlayıb.
1941-ci ildə Demara orduya çağırılsa da, hərbi hisədə qalmaq istəməyib və bölükdən qaçaraq özünü ordu yazıçısı Entoni İqnoliya kimi təqdim edib. Tezliklə bundan bezən Ferdinand yenidən Trappist rahiblərinə qoşulmağa cəhd etmək qərarına gəlib. Lakin yenidən bəxti gətirməyib. Rahiblərdən biri köhnə dostunu tanıdğı üçün o, yaşayış yerini dəyişmək məcburiyyətində qalıb.
Bu dəfə evinə qayıdan Demaranı atası hərbi polisə təslim olmağa razı salmağa çalışsa da, əziyyəti nəticəsiz qalıb. Oğlan başqa bir yol seçib. Başqa adla dəniz komandiri kimi təlim keçib, sonra özünü zabit kimi təqdim etməyə çalışsa da, saxtakarlığı üzə çıxıb. Məsuliyyətdən yayınamq üçün intiharını səhnələşdirib.
Bundan sonra, Luisvilldə dini psixoloq Robert Linton Frenç adı altında yerli bir monastırda işə düzəlib. Onun saxta sənədlərlə dələduzluğu ifşa olunduğu üçün orada uzun müddət işləyə bilməyib. Bundan sonra Ferdinand müxtəlif monastırlarda çalışıb.
Saxta dekan və 16 nəfəri xilas edən “cərrah”
Demara psixoloq adı altında bir sıra əsərlər çap etdirib və fəlsəfə məktəbinin dekanı olub, ümumi psixologiya, sənaye psixologiyası və anormal psixologiyadan dərs deyib. Hədəf auditoriyası tərəfindən rəğbətlə qarşılandığı üçün “Uşağı necə tərbiyə etməli” adlı kitabça yazıb. Bundan bezəndə o, Los-Anceles sanatoriyalarından birində sifarişçi kimi işə düzəlib.
Bir müddət sonra Demara FTB tərəfindən həbs edilib və məhkəmə qərarı ilə fərariliyə görə 18 ay müddətinə həbsxanaya göndərilib.
Həbs müddəti Ferdinandı doğru yola gətirməyib. Azadlığa çıxdqıdan sonra o, yenidən keşiş qiyafəsi geyinib Men ştatındakı “Xristian təlimat qardaşları”na qoşulub. Demara hətta bu gün də mövcud olan bir kollec yaradıb. Tezliklə o, Cozef adlı gənc kanadalı cərrahla tanış olub.
Tanışının adından istifadə edən dələduz “HMCS Cayuga” esminesində cərrah kimi işə düzəlib. Məhz o zaman Demaranın həyatında qeyri-adi və çox əlamətdar bir hadisə baş verib. Fakt budur ki, gəmi Koreya müharibəsində iştirak edib.
Bir gün gəmiyə on altı yaralı əsgər gətirilib, onların arasında bir neçəsinin vəziyyəti ağır olub. Ferdinand düşünmədən kabinəsinə qaçıb, dərsliyi vərəqləyib və bir-birinin ardınca əməliyyatlar icra edib. On altı əməliyyatın hamısı uğurlu alınıb. Kanada qəzetləri əməliyyat masasından heç vaxt ayrılmayan və on altı əsgərin həyatını xilas edən ecazkar cərrahın xəbərini dərhal dərc ediblər.
Əsl Cozefin anası oğlunun ümumiyyətlə esminesdə xidmət etmədiyini bildirib. Nəticədə hər şey gün kimi aydın olub. Amma Kanada hərbi dəniz qüvvələri bundan böyük qalmaqal yaratmayıb və onu ABŞ-yə deportasiya edib. Ölkəsində Demara hekayəsini “Life” jurnalına sata bilib. Ancaq şöhrət ona heç sərf etməyib.
Çünki insanlar onu tanımağa başlayıblar. Bir dəfə Texas ştatının Hantsvill şəhərindəki həbsxanada başqa adla gözətçi kimi işləyərkən, bu jurnalı oxuyan bir məhbus onu tanıyıb.
Əsl keşiş
Bir müddət şouda çıxış edən Demara filmlərdə bir neçə kiçik rol alıb və hətta Vaşinqton ştatındakı Müqəddəs Kitab kilsəsində əsl pastor olub. Artıq əsl adı ilə normal işə düzəlməkdə çətinlik çəkib. Onun keçmiş nailiyyətləri üzə çıxanda rəisləri “fırıldaqçı”dan qurtulmağa üstünlük veriblər. Sonda yaxın dostluq münasibətləri qurduğu doktor Filip Cifarelli Ferdinanda kömək edib. Beləliklə, Ferdinand Valdo Demara keşiş kimi işini davam etdirib.
Demara xəstəxanada yaralılara xidmət göstərib, Cifarelli ilə şəxsi tanışlığı səbəbindən ona müəssisədə yaşamağa icazə verilib. O, 1982-ci ildə vəfat edənə qədər xəstəxanada keşiş işləyib.
Demara fırıldaqçı olsa da belə, o, zərərdən çox xeyir verib. Bir neçə elmi məqalə yazıb, bu gün də fəaliyyət göstərən kollec yaradıb, on altı əsgərin həyatını xilas edib və daha çox. O, özünü başqa insanlar kimi göstərərkən uğurunu belə təsvir edib: “İstənilən təşkilatda həmişə heç kimlə münaqişə yaratmadan istifadə edilə bilən çoxlu açıq imkanlar var. Və ikinci qayda: Biznesinizi genişləndirmək istəyirsinizsə, heç vaxt başqalarının əmlakına qəsd etməyin. Yeni kəşflər edin.. Öz qaydalarınızı və standartlarınızı yaradın və başqasının sahəsində rəqabət aparmayın”. Bu qaydaların nə dərəcədə effektiv olduğunu söyləmək çətindir, lakin qeyd etmək lazımdır ki, Demara onlara əməl etməyi bacarıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ