İnsanlara hürriyət, millətlərə istiqlal!

“Son dəqiqə: vandalı qanqal kimi aşırdılar”

 

Dünən dostlar Feysbukda belə bir video paylaşmışdılar, görünürdü ki, İsveç polisləri eşşək boyda bir gədəni dövrələyib qoruyur, o da üzdəniraqlar kimi incə hərəkətlərlə bir kitabı ayağının üstünə atıb çiləyir, 3 dəfə vurandan sonra kitab yerə düşür, axmaq adam əyilib götürür, bir də təpikləyir.

Ölkənin adını çəkdimsə, kitabın nə kitabı olduğunu yazmasam da, təxmin edəcəksiniz. Deyəsən, son vədələr bu ölkəni idarə edənlərin başı xarab olub, dərviş Məstəli demişkən, ağıllarına rəxnə düşüb. Hər nədirsə, yeni iş tapıblar, kimə acıq edirlərsə, cumub kitab yandırırlar, təpikləyirlər.

Eşşəklikdir. Ayrı bir izahı, adı yoxdur, ola bilməz. İnsanların tapındığı, müqəddəs saydığı, əzbərlədiyi, öpüb gözünün üstünə qoyduğu istənilən kitaba təpik atmaq, od vurmaq qanmazlığın bariz nümunəsidir. Bu, kitab Quran da ola bilər, Tövrat da, Bibliya da, Konfutsinin təlimləri də, Robindranat Taqorun seçilmiş əsərləri də, Pablo Nerudanın şeirləri də. Fərqi yoxdur. İçində insanlar üçün faydalı söz yazılmış hər hansı mətni cırmaq, yandırmaq vandallıqdır.

vandal.JPG (52 KB)

Ayrıca bu, xalqlar, dini konfessiyalar arasında nifaq salmağa cəhddir, nifrətin qızışdırılmasıdır, cinayətdir. Bariz bir cinayət aktı olduğuna görə özünə hörmət edən heç bir dövlət belə hərəkətlərə icazə verməz, onu qanunsuz hesab edər, əsaslandırar və buna təşəbbüs edən cəzalandırar.

Zatən, heç kəsin hünəri çatmaz ki, icazə verilmədiyi, polis qüvvələrinin ətdən çəpər hörmədiyi bir ortamda belə gicbəsər hərəkətə yol versin. Dünənə qədər sakit adam kimi tanınan biri (və ya üç-dördü) kitabyandırma aksiyasını görəndə elə hövllənə bilər ki, adamı tutub cırıq-cırıq edər. Bir gün saytlarda belə bir başlıq görəcəyik: “SON DƏQİQƏ: Vandalı qanqal kimi aşırdılar”.

Bu da başqa şey deyil ki, fanatların əlindən gəlməsin, vallahi, adamı qara tuluğa döndərərlər, arvadı leşinə baxıb deyər, bu qaradərili kişi mənim ərim deyil.

16879796954596445489_1200x630.jpg (35 KB)

Bax, belə hərəkətlərinə görə artıq bir çox ölkələrdə İsveçin, Norveçin, Danimarkanın demokratiyasına, humanizminə, insan haqlarına dair prinsiplərinə dodaq büzənlər çoxdur.

Siz bu sətirləri oxuduğunuz vaxt 5 ulduzlu otellərin suit nömrələrindən də böyük, 3 otaqdan ibarət türmə kamerasında təkbaşına, krallar kimi yaşayan Breyvik gərnəşir və yuxarı instansiyalara yeni şikayət məktubu yazır: “Üzümü qırxanda gözətçilər açar dəliyindən mənə baxırlar”; “kərə yağı bərk olur, çörəyin üstünə sürtülmür”; “internetə qoşulu noutbuk istəyirəm”; “Stella yanımda çox qalsın” və sair.

Bu adam 12 il qabaq Utoya adasında heç nəyə görə 228 adamı güllələyib. Onlardan 77-si ölüb. Ölənlərin 70-dən çoxu yeniyetmə oğlan və qızlar olub. Ona 21 il iş kəsiblər, o da bu müddətin yarısını yatıb artıq və gileylənir ki, nəzarətçilər ona yaxşı baxmırlar.

İndi bu da humanizmdirmi? 77 günahsız yeniyetmənin qatilinə 3 otaqlı lüks mənzil vermək, nazıyla oynamaq nə dərəcədə yaxşı işdir? Başqaları buna baxıb örnək götürməzmi?

Ona qarşı əsl humanizm o olardı ki, şərait yaradardılar, 3-4 dəfə qan itirib can verməyin nə olduğunu anlayardı, öldürdüyü 77 insanın, yaraladığı 151 nəfərin hansı iztirablar çəkdiyini öz dərisində, canında hiss edərdi.

KMO_162543_30810_1_t222_175400.jpg (49 KB)

9 ildən sonra Breyvikin cəzası bitir, buraxsınlar, o da “Kalaşnikov”unu götürüb başqa bir adada yay məktəbinə getmiş şagirdləri ziyarətə getsin.

Breyviklə kitab yandıranları birləşdirən məqam, bilirsiniz, nədir? Bu yaramaz qatil də mühacirlərə, xüsusilə də müsəlmanlara nifrət edirmiş.

Qatillə bu cür davranmaq da, müqəddəs kitabları yandırmağa icazə vermək də insan haqları və azadlığı məsələsində ifrata, hətta absurda varmaqdır.

İsveç belə azadlıqsevər ölkədirsə, qoy bir adama da ya özünün, ya da ABŞ-ın konstitusiyasını yandırmağa icazə versin. Verərmi? Birinciyə icazə verməz, ikinciyə icazə versə də, sonra üzr istəyər.

5-6 gün əvvəl gicbəsəin biri də yəhudilərin müqəddəs kitabını yandırmaq üçün icazə istəmişdi, hökumət də fikirləşirdi ki, rüsxət versin. Amma İsrail dövləti necə təpindisə, deyəsən, hamısı geri verdi. Hər halda küçədə Tövrat yandıranın videosu paylaşılmadı, əvəzində Qurana qarşı yaramazlılar davam edir.

Yazıram, burda qalsın. Bu tendensiyanın bir zibili çıxacaq. Bir gün fanatiklər nəsə bir pəstəha çıxaracaqlar, ondan sonra politoloqlar və digər fikir babaları telekanallarda polemikaya çıxacaqlar ki, bu hadisə nəyə görə baş verdi, bunun qarşısını almaq olardımı.

Halbuki bu sualın üzərində indidən düşünmək, vandallıq etmək üçün icazə istəyənə demək lazımdır ki, gedin fas-farağat oturun yerinizdə, arı yuvasına çöp uzatmayın, bir “Allahu-əkbərlik” canınız var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR