İnsanlara hürriyət, millətlərə istiqlal!

Sertifikasiyadan keçə bilməyən müəllimlər yetişdirən ali məktəblər - adlar...

Kamran Əsədov: “Deputatın təklifini dəstəkləyir və hesab edirəm ki, təhlillər daha geniş aspektdə olmalıdır”

Ötən ay ibtidai sinif üzrə sertifikasiya imtahanından müəllimlərin 35 faizi 0-29 bal toplayıb. Yəni imtahandan keçməyib. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev deyib. 35 faiz müəllimin 30 bal toplaya bilməməsi ictimaiyyətdə geniş müzakirə obyektinə çevrilib.

“Sertifikasiya imtahanlarında iştirak edən 13 min 300 müəllimin və ya sinağa qatılanların 35 faizinin 30 balı toplaya bilməməsi yalnız orta deyil, eləcə də ali məktəblərində təhsilin keyfiyyətinin artırılması baxımdan bir siqnaldır”.

Vüqar Bayramov: “Minimum əməkhaqqının artırılması vahid tarif cədvəlinin  bütün pillələrinə təsir göstərəcək”

Vüqar Bayramov 

Bunu isə millət vəkili Vüqar Bayramov məsələyə münasibət bildirərkən deyib. O təklif edib ki, Elm və Təhsil Nazirliyi yetərli bal toplaya bilməyənlərin neçənci illərdə və hansı universitetlərin məzunları olmaları ilə bağlı məlumatları ictimaiyyətə təqdim etsin: “Bu, ali məktəblərdə pedaqoji fənlərin tədrisinin keyfiyyətinin qiymətləndirilməsinə əsas verə bilər. Yəni əgər həmin müəllimlər ali məktəbləri yeni bitiriblərsə, o zaman ali təhsilin keyfiyyətinin də monitorinq edilməsinə ciddi ehtiyac yarana bilər. Milli Məclisdə qəbul edilən dəyişikliklərə əsasən sertifikasiyada iştirak müddəti pedaqoji fəaliyyətə başladıqdan ilk 5 ildən 3 ilə endirilir və bu da yeni universitet məzunlarının aldıqları təhsilinin keyfiyyətini qiymətləndirməyə də imkan verə bilər”.

Vüqar Bayramov onu da qeyd edib ki, bütövlükdə, sertifikasiya imtahanları yalnız orta deyil, ali təhsildə də islahatların dərinləşdirilməsi mesajlarını aydın şəkildə gündəmə gətirib.

Bəs nazirlik və təhsil ekspertləri deputatın təklifini necə qiymətləndirir? Dəstəkləyirlərmi? Sertifikasiyadan keçə bilməyən, yəni təcrübəsiz müəllim buraxan universitetlərin adları açıqlanacaqmı? Onlar əsasən hansı universitetin “payına” düşür?

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, suallarımız cavabsız qaldı.

Təhsil haqqında qanunda dəyişikliklər (Elşən Qafarov) - ARB24 (Gündəm) -  YouTube

Elşən Qafarov 

Təhsil eksperti Elşən Qafarov məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib: “İbtidai sinif müəllimlərinin 35 faizinin  sertifikasiyada keçid balını keçə bilməməsi çox faciəvi bir haldır. Çünki ibtidai təhsil ümumtəhsilin birincin səviyyəsidir və burada müəllimlərin qeyri-peşəkarlığı nə qədər böyük problem yaradır, bu özünü göstərməkdədir.

Millət vəkili Vüqar Bayramovun dediyi kimi, aşağı bal toplayanların müəllimlərin hansı təhsil  müəssisələrinin məzunları olması ilə bağlı statistikanın açıqlanması doğru olardı və bu, ali təhsil müəssisələrində pedaqoji  sahədə kadr hazırlığı məsələsinə də müəyyən aydınlıq gətirərdi.

Qeyd edim ki, ibtidai sinif müəllimlərinin böyük əksəriyyəti orta ixtisaslıdır və vaxtilə regionlarda yerləşən kollecləri müxtəlif yollarla bitirənlərdir. Ümumilikdə hər bir pedaqoji sahədə kadr hazırlayan təhsil müəssisəsi yetişdirdiyi kadrlara görə cavabdeh olmalıdır. Bu gün bu kadrlar real olaraq təhsilin səviyyəsinə və yaxud təhsil prosesində müasir yanaşmaları olan müasir təlim metodları bilən yüksək səviyyəli kadrlar olmalıdır. Həmçinin müəllimlərin işə qəbulu pedaqoji sahədə kadr hazırlayan ali təhsil müəssisələrinin proqramların uyğunlaşdırılmalıdır.

Beləliklə, Vüqar Bayramovun universitetlərin monitorinqini aparılması ilə bağlı təklifini çox yüksək qiymətləndirirəm. Hər halda, cəmiyyətə aydın olar ki, aşağı bal toplayan müəllimlər hansı təhsil müəssisələrini bitiriblər. Eyni zamanda ali təhsil  müəssisələri və yaxud orta ixtisas təhsil müəssisələri üçün də aydın olacaq ki, onların hazırladıqları kadrlar sertifikasiyada necə nəticə göstəriblər".

Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib" - Kamran Əsədov »  Gundelik-Baku.Com

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib: “Hazırda ölkədə 4432 ümumtəhsil məktəblərində təhsil alan 1,6 milyon şagirdə 150 min nəfə müəllim dərs deyir. Etiraf edək ki, 2014-2018-ci ildə keçirilən müəllimlərin diaqnostik imtahanları  təhsil sistemi üçün ilk qiymətləndirmə idi və o zaman biz ciddi  təhlilləri görə bilmədik. Amma artıq sertifikasiya başlayıb və mahiyyət  etibarı ilə indiyə qədər bütün imtahanlardan fərqlənir. 

Azərbaycan müəllimləri 2009-cu ildən etibarən MİQ vasitəsilə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulunda iştirak edib, işə qəbul olunurlar və artıq yalnız bilik və bacarıqları yüksək olanlar işlə təmin olunur. Bu o  deməkdir ki, biz artıq müəllimlərin nə qədər bilib-bilmədikləri ilə bağlı ilkin informasiyanı ala bilirik. Lakin çox təəssüflər olsun ki, sonrakı mərhələlərdə bəzi müəllimlər öz üzərlərində çalışmır. Artıq Elm və təhsil Nazirliyi təhsilin inkişafı üçün məhz yeni bir üsuldan  istifadə edir. Bu da  sertifikasiyadır və sertifikasiya müəllimlərin əmək haqlarına da müsbət təsir edir.

2020-ci ildə keçirilən ilk sertifikasiya prosesi o qədər də ürəkaçan olmadı, belə ki, 11 min nəfər müəllimdən 208 nəfəri keçid  balını toplaya bilmədi . Eləcə də 2023-cü ildə də fərqli  bir nəticəni görmədik. Belə ki, müəllimlərin 35  faizə qədəri 0-29 bal toplayıb, hətta onların arasında 223 nəfər  müəllim, ümumiyyətlə, 0-9 bal toplayıb. Halbuki onlar bu cür savadsızlıqla orta məktəblərdə dərs deyir, buna görə dövlətdən pul alır. Bu çox ciddi məsələdir. Əlbəttə ki, mövcud qaydalara görə həmin müəllimlər bir il  ərzində işləyəcək, yəni onlara bir  il şans veriləcək, bir ildən sonra  yenidən sertifikasiyadan keçə, keçid balını toplaya bilməsələr, onlarla bağlanmış müqaviləyə xitam veriləcək və biz həmin müəllimləri  təhsil sistemində görməyəcəyik. Bu, vacib bir addımdır. Amma hesab edirəm ki, həmin müəllimlər hansı universitetlərin məzunlarıdır, onlara kim diplom verib, hansı yolla işə qəbul olunublar, kim onları işə qəbul edib, bu da araşdırılmalıdır. Düşünürəm ki, sertifikasiya nəticələri təkcə statistik təhlil deyil, həm də  universitetlərin akkreditasiyadan keçmə  səbəbi də olmalıdır, aydınlaşmalıdır ki, onların məzunları əmək bazarına nə qədər cavab verir.

Beləliklə, deputat Vüqar Bayramovun təklifini dəstəkləyir və hesab edirəm ki, təhlillər daha geniş aspektdə olmalıdır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR