İnsanlara hürriyət, millətlərə istiqlal!

Senat Azərbaycana sanksiya hazırlığında - “Total”ı Xəzərdən qovmalı...

Yeni ermənipərəst qətnamənin qarşısını necə almaq olar?; “Abşeron” yatağında öhdəliyini yerinə yetirməyən “Total”ı Bakıdan çıxarmaq mümkünmü?

Fransa-Azərbaycan münasibətləri Makronun məlum ittihamlarından sonra yenidən gərgin müstəviyə keçib. Əslində bu münasibətlər heç vaxt hamar olmayıb. Bunun da başlıca səbəbi Fransanın Minsk Qrupu həmsədri olmasına baxmayaraq, Ermənistanın işğalçı siyasətini açıq şəkildə dəstəkləməsi olub.

Bu siyasət müharibə bitəndən sonra da davam edib. Münasibətlərdəki soyuqluq ticarət dövriyyəsinə də ciddi təsir edib. Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyevin Emmanuel Makronun "France 2" telekanalına müsahibəsində söylədiyi fikirləri tənqid etməsini şərh edib. Əliyevin "Makron öz fikirləri ilə Fransanın Azərbaycanla dost və balanslı münasibətlərinin üstündən xətt çəkib" sözlərinə Parisin reaksiyası barədə sualın cavabında fransalı diplomat deyib: “Bu şərhlər Fransanın Ermənistan və Azərbaycan arasında sülhə doğru irəliləyişin olması üçün tam səfərbər olmasını heç bir şəkildə dəyişdirmir. Məhz Fransa Respublikası Prezidentinin öhdəliyi sayəsində oktyabrın 6-da Avropa Siyasi Birliyinin sammiti çərçivəsindən kənar Şarl Mişel, prezident Əliyev və baş nazir Paşinyanın dördtərəfli görüşü baş tutub. Bu münasibətlə qəbul edilmiş bəyannamənin ifadə etdiyi kimi, bu görüş məqsədə doğru irəliləməyə imkan verdi. Digər tərəfdən, Fransa iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlara imkan yaratmaq üçün Avropa İttifaqı ilə başlayan prosesi tam dəstəkləyir”.

Fransanın Bakıdakı səfirinin isə sülh paylaşımı münasibətdəki soyuqluğun aradan qaldırılması istiqamətində atılmış addım kimi qiymətləndirilir. “Bakı-xəbər” yazır ki, 2021-ci ildə Azərbaycanın 35 milyard 556,4 milyon dollar olan xarici ticarət dövriyyəsində Fransa birinci onluqdan çox uzaqda qalıb. Dünya ölkələrindən Azərbaycana ixrac olunmuş məhsulların cəmi 1.6 faizi bu dövlətin payına düşür. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Fransa ilə apardığı ticarət mübadiləsinin həcmi 387,55 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azalıb. Məsələ ondadır ki, 2009-cu ilin fevralında SOCAR-la “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsü sazişi imzalayan TOTAL şirkəti indiyə qədər qaz çıxarmayıb. Bu gedişlə heç gələn il də çıxara bilməyəcək. Sazişdə öhdəliyinə baxmayaraq, nə terminal tikir, nə qaz ixracı infrastrukturu yaradır, nə qazın marketinqi layihəsi üzərində çalışır. Bütün bunlar azmış kimi, cəmi bircə istismar quyusu qazmaq öhdəliyi götürüb, amma hələ də ortada bir nəticə yoxdur. Gələn ayın ortalarında isə Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə qəbul ediləcəyi gözlənilir ki, bunu Prezident İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib. Fransa Senatının qətnamə layihəsinin müəllifləri Azərbaycanı “çoxsaylı təcavüzkar hərəkətlərdə” ittiham edir, Laçın dəhlizindən çıxmaq tələb edilir, Fransa hakimiyyəti “Azərbaycandan idxal edilən qaz və neftin embarqo edilməsinin” Avropa İttifaqı miqyasında başladılmasına təşəbbüs planı qurur və Qarabağdakı Azərbaycan ərazilərində özünün “humanitar bürosunu” yaratmağa çağırış edir və sairə.

Yada salaq ki, 2020-ci ilin  noyabr ayında Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyinin” tanınması barədə qətnamə qəbul edib. Absurdluğu və həyasızlığı ilə təəccüb doğuran sənəd Azərbaycanı “son hərbi əməliyyatlar nəticəsində tutduğu ərazilərdən qoşunları dərhal çıxarmağa” çağırırdı. Amma Fransa hökuməti bu qərarı imzalamadı.

Yeni qətnamənin qarşısını necə almaq olar? Fransanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsi qətnamənin önlənməsində nə kimi effekt verə bilər? Onsuz da öhdəliyini yerinə yetirməyən “Total”ı Bakıdan çıxarmaq mümkünmü?

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşula bilər, bəs Azərbaycan...

Elşən Mustafayev 

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında narahatlığını bu cür ifadə etdi: “Müstəqilliyimizdən bu günə kimi Fransa-Azərbaycan münasibətlərində zaman-zaman gərginliklər olub və bu gərginliklər əsasən Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı olub. Təbii ki, burada Fransada fəaliyyət göstərən erməni lobbisinin, bu lobbinin maliyyələşdirdiyi ayrı-ayrı siyasətçilərin böyük rolu var. İstənilən halda Avropa ölkələri arasında Qarabağa görə Azərbaycanı hədəfə alan əsas ölkə Fransa olub. Yəni Makronun müsahibəsində səsləndirilən fikirlər əslində elə təəccüblü olmamalıdır. Çünki həm onun özü, həm də ki, özündən öncəki prezidentlərin zamanında ayrı-ayrı siyasətçilərin buna oxşar çıxışlarının, müsahibələrinin şahidi çox olmuşuq. Həmin zamanlar da etirazımızı və qəzəbimizi bildirmişik. O səbəbdən vaxtilə maraqlı tərəf olduğuna görə hamı Fransanı Minsk Qrupundan çıxarmağa çağırırdı. Məsələ ondadır ki, Fransa ilə Azərbaycan arasında gərginliklər vaxtaşırı demək olar ki, yalnız Qarabağ məsələsinə görə olur. Digər zamanlarda isə fərqli münasibətlərin şahidi olmuşuq. Məhz bu münasibətlərin nəticəsidir ki, Fransa dövləti Azərbaycanda həm humanitar, həm də müxtəlif şirkətlər vasitəsilə iqtisadi sahələrdə, o cümlədən neft-qaz kontraktlarında təmsil olunur. Təəssüf ki, Azərbaycanın rəsmi Parisə göstərdiyi bu cür jestlər onun Qarabağla bağlı qərəzi mövqeyində hər hansı dəyişiklik yaratmayıb. O səbəbdən hesab edirəm ki, artıq hər sahədə açıq oynamağın zamanı gəlib. Bunun üçün Fransanı ittiham edən tədbirlərin keçirilməsinə, səfirlik qarşısında piketlərin təşkil olunmasına ehtiyac görmürəm. Zatən ölkə əhalisinin münasibəti hər zaman açıq və aydın olub. Rəsmi Bakının əlində kifayət qədər imkanlar var ki, istədiyi zaman rahat şəkildə və qanunlar çərçivəsində Fransa ilə iqtisadi və mədəni münasibətlərə yenidən baxsın, sülh danışıqlarında istənilən ad altında Fransanın iştirakına imkan verməsin. İlk olaraq bunun anonsunu verib qarşı tərəfi qərəzli mövqelərini bir daha nəzərdən keçirməyə çağırsın. Əks halda, gələcəkdə bu cür müsahibələrin də şahidi olacağıq, Qarabağı Ermənistan ərazisi kimi tanıyan qərarları da görəcəyik və s”.ə

Ermənistanın KTMT hikkəsi -

Mətləb Aslanov

AĞ Partiya başqanının köməkçisi, siyasi şərhçi Mətləb Aslanov bu cür qətnamələrin əhəmiyyətsiz olduğunu söylədi: “Ali Baş Komandan son olaraq Makronun layiq olduğu cavabı diplomatik dildə verdi. Fransa hər zaman ölkəmizə qarşı qərəzli olub. Buna ən çox səbəb də erməni lobbisinin orada güclü olmasıdır. Düşünürəm ki, bundan narahat olmağa dəyməz. Biz II Qarabağ savaşında Makronun Azərbaycanın işğalçılıq müharibəsi aparması ilə bağlı sayıqlamasını görmüşük. Nə dəyişdi? Qoyun Makronun timsalında Fransa o cür mövqe nümayiş etdirsin, biz də Ərdoğanın Qarabağa tarixi səfərinə şahidlik edək”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

 Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı Makronun da bu qətnaməni dəstəkləyə biləcəyini ehtimal edir: “Əvvəlki təcrübəyə istinad etsək, senatın Azərbaycanla bağlı mümkün qətnaməsinin prezident tərəfindən imzalanmayacağını demək olardı, amma Makronun son müsahibəsində səsləndirdiyi fikirlər bu dəfə fərqli gözləntiləri ortaya çıxarır. Məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində rol oynayır, Ukrayna müharibəsindən sonra bu rolun əhəmiyyəti daha da artıb və belə bir məqamda Bakı ilə daha ehtiyatlı münasibət sərgilənməlidir. Makron isə açıq şəkildə elan etdi ki, Fransa Azərbaycandan qaz almır, buna görə enerji məsələsi həlledici olmayacaq. Bu açıqlama həm də Azərbaycana qarşı sanksiya məsələsinə qarşı çıxan Avropa İttifaqı rəhbərliyinə cavab idi. Görünür, Avropa İttifaqı daxilində ittifaqa sədrlik edən ölkə kimi Fransa ilə siyasi rəhbərlik arasında da fikir ayrılığı var. Fransa, ümumiyyətlə, Avropa İttifaqında bütün təşəbbüsləri ələ almaq və beynəlxalq güc kimi qəbul edilmək niyyətindədir, hərçənd Makronun apardığı siyasət nəticəsində bu ölkə təklənmiş vəziyyətə düşüb. Belə vəziyyətdə, Fransanın Azərbaycana qarşı daha aqressiv siyasət yürüdəcəyi gözləniləndir. Makronun son açıqlamaları və Prezident İlham Əliyevin cavabı da Bakı-Paris xəttində uzlaşmaq imkanlarının azaldığını deməyə əsas verir. Bu baxımdan, senatın Azərbaycana qarşı qərarını prezident Makron da dəstəkləyə bilər. Azərbaycan Fransanın bu siyasətinə qarşı Avropa İttifaqının rəhbərliyi ilə daha sıx işləməli və Makronu "ofsayt" vəziyyətinə salmalıdır. “Total” şirkətinin çıxarılması da rıçaqlardan biri ola bilər və bunun gündəmə gəlməsi şirkətin Makron Administrasiyasına daha ədalətli mövqe sərgiləməsi üçün təsir etməsinə şərait yarada bilər. Nəticələr bizim maraqlarımıza uyğun olmadığı halda “Total”ın Azərbaycan enerji resurslarındakı payının bizi dəstəkləyən ölkələrin şirkətləri arasında bölüşdürülməsi də mümkündür və bu gediş cəbhəmizi daha da gücləndirə bilər".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR