Onlayn ictimai-siyasi qəzet
2023-cü il yanvarın 4-ü Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində 1994-cü il təvəllüdlü Qənbər Qənbərov bıçaqlanır. Bu barədə onun qardaşı Əfrail Qənbərov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək məlumat verib. Səhərisi gün Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində toplanmış material üzrə CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən müəyyən olunub ki, cinayət Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu küçəsinin kəsişməsində yerləşən "Lukoil" YDM-nin qarşısında baş verib.
Yaralı xəstəxanaya yerləşdirilib. Lakin Beyləqan rayon sakini olan zərərçəkən yanvarın 6-sı səhər saatlarında özəl klinikada dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Sənan Hacıyev 1996-cı ildə Füzuli, Elvin Sadıqov 1990-cı ildə Bakı şəhərində, Məqsud Həsənov isə 1992-ci ildə Saatlı rayonunda anadan olublar.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, yanvarın 4-ü saat 22:15-də Sənan Hacıyev dostları Elvin Sadıqov və Məqsud Həsənovla birlikdə idarə etdiyi VAZ-2107 markalı avtomobillə Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən, qarşısında hərəkət edən "Toyota Prius" markalı maşın manevr edib, geriyə dönərkən qəza şəraiti yaradıb. Bu zaman arxadan gələn "Opel Astra" markalı nəqliyyat vasitəsini idarə edən Əfrail Qənbərov qəzanın qarşısını almaqdan ötrü onun sağ tərəfindən keçib. Bundan əsəbiləşən Sənan Hacıyev iradını bildirmək üçün maşını sürətlə idarə edərək Əfrail Qənbərovun avtomobilini sağ tərəfdən keçib, qarşısında əyləci basıb, sürətini azaldıb. Sonra o, Əfrail Qənbərova maşınını saxlamasını işarə edib, yolun sağ tərəfində, Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu küçəsinin kəsişməsində yerləşən "Lukoil" yanacaq doldurma məntəqəsinin qarşısında avtomobilini dayandırıb. Sonra Sənan Hacıyev dostları ilə nəqliyyat vasitəsindən çıxaraq, Əfrail Qənbərov və yanında olan qardaşı ilə mübahisə edib. Sənan Qənbər Qənbərovla əlbəyaxa olaraq ona yüngül dərəcəli xəsarətlər yetirib. Sonra bıçaqla döş qəfəsinin sol yarısına bir dəfə zərbə endirərək, onu öldürüb.
İş üzrə dindirilmiş Sənan Hacıyev bildirib ki, heç bir xuliqanlıq hərəkəti etməyib və zərərçəkmişi, özünü müdafiə etmək məqsədilə üzərindəki bıçaqla bir dəfə vurub. Uşaqlıq dostları Elvin Sadıqov və Məqsud Həsənovla yanvarın 4-ü saat 22 radələrində yaşadığı evin yaxınlığında görüşüb:
"Söhbət zamanı onlara dedim ki, idarə etdiyim VAZ-2107 markalı avtomobilimin qabaq sol təkərini təmir etdirmək üçün ustanın yanına gedək. Məqsud və Elvinlə birlikdə Keşlə bazarının yaxınlığında olan təkər təmiri sexinə yollandıq. Orada təkəri təmir etdirdikdən sonra yaşadığımız məhəlləyə qayıtmaqdan ötrü maşına əyləşdik. Elvin yanımda, Məqsud isə arxada əyləşmişdi. Ziya Bünyadov prospekti ilə metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olanda, irəlidə gedən qara rəngli "Toyota" markalı avtomobilin sürücüsü qəflətən əyləci sıxıb, sürəti azaltdı. Ara məsafə az olduğu üçün mən də sürəti azaldıb, sükanı sağa burmaq istədim. Lakin həmin an arxadan gələn qara rəngli "Opel" markalı maşının sürücüsü sağ tərəfə çıxmağa imkan verməyərək, maşınımı ötüb keçdi. Əsəbiləşib həmin maşının arxasınca hərəkət etdim və şadlıq sarayının yanında Əfrail Qənbərovun avtomobilini sağ tərəfdən ötüb keçdim. "Opel"in sürücüsü maşının işıqları və siqnalı ilə arxadan mənə işarə verdiyindən, sağ tərəfdə yerləşən yanacaq doldurma məntəqəsinin qarşısında, avtomobilimi saxladım.
Elvin və Məqsudla birlikdə maşından çıxdıq. Əfrail qardaşı Qənbərlə yaxınlaşaraq, nə üçün idarə etdiyi maşını sağdan keçdiyimi soruşdu. Aramızda sözlü mübahisə başladı. Qənbər qəflətən yumruqla üzümə zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Məqsudla Elvin məni yerdən qaldıraraq, mübahisənin qarşısını almağa çalışdılar. Əfrail sağ tərəfdən yumruqla Məqsudun üzünə zərbə vuran kimi dostum yerə yıxıldı. Ardınca qardaşlar üzərimə gəlib yumruq-təpiklə üzümə və bədənimin digər nahiyələrinə zərbələr endirdilər. Yenə müvazinətimi itirib arxası üstə yerə yıxıldım. Elvin mənə kömək etmək istəsə də, buna imkan verməyərək, onu da döydülər".
Özünü toparlayıb ayağa qalxmağa çalışanda, Qənbər onu döyüb, dizi ilə üzünə zərbə vurub. Qəzəblənərək, gödəkçəsinin cibində saxladığı bıçağı çıxarıb. Qənbəri sol qolundan vurmaq istəyəndə, bıçaq onun döş qəfəsinə dəyib:
Qardaşından qan gəldiyini görən Əfrail üstümə gələndə, ona "yaxınlaşma, yoxsa səni də vuraram" dedi. Baş vermiş davaya kənardan 10-15 nəfər tanımadığım şəxs baxsa da, heç kim yaxınlaşıb hadisəyə müdaxilə etmədi. Əfrailə qardaşını həkimə aparmasını dedim, avtomobilimə əyləşdim və oradan uzaqlaşdım. Bir az aralanan kimi Məqsudla Elvinin yolun kənarında olduqlarını görüb, dayandım. Dostlarım maşınıma əyləşəndən sonra onlara dedim ki, canımı qurtarmaqdan ötrü bıçaqla Qənbəri vurdum. Elvin mənə dedi ki, ayağa qalxarkən yerdən götürdüyü daşla Əfrailin başına xəsarət yetirib. Evə gedib başıma gələnləri ailə üzvlərimə danışdım".
Sənan Hacıyev əlavə edib ki, Qənbər Qənbərovu qorxutmaq məqsədilə vurub. Qənbər fiziki cəhətdən ondan güclü olduğundan, onun tərəfindən döyüldüyündən, çıxılmaz vəziyyətdə qalıb bıçaqdan istifadə edib. Alətin Qənbərin sinəsinə dəydiyini görüb geriyə çəkilib. Öldürmək istəsəydi, ona əlavə zərbələr vurmaq üçün maneə yox idi.
Elvin Sadıqov bildirib ki, hadisə dostu Sənanın danışdığı kimi baş verib:
"Sənan və Məqsudla 15 ildir ki, dostluq edirik. Əvvəllər qonşuluqda yaşamışıq. Sənanın üzərində bıçaq gəzdirməsindən xəbərim yox idi. Dava vaxtı özümü müdafiə etməkdən ötrü yerdən daşı götürüb Əfrailin başına zərbə vurdum. Hadisədən sonra ailə üzvlərimə hadisə haqqında heç nə danışmamışam. Polis bölməsinə könüllü gedib, təslim oldum".
Məqsud Həsənov bildirib ki, dava zamanı heç kimi vurmayıb və yalnız dalaşanları ayırmağa çalışıb. Dostu Sənanın Qənbəri bıçaqla vurduğunu görməyib.
Zərərçəkmiş Əfrail Qənbərov bildirib ki, yanvarın 4-də qardaşı Qənbərlə birlikdə Hökməli qəsəbəsindən metronun "20 Yanvar" stansiyasının yanına gəliblər, ordan da Ziya Bünyadov prospektinə dönüb, "Heydər Əliyev" prospekti istiqamətində hərəkət ediblər:
"Dairəyə çatanda "Toyota" markalı avtomobil anidən əyləcdən istifadə edərək, geri dönmə manevr hərəkətini etdi. Buna görə, qarşımda olan VAZ-2107 markalı nəqliyyat vasitəsinin sürücüsü də anidən sürəti azaltdı. Bunu görüb, qəzadan yayınmaq üçün avtomobili sağ tərəfə çəkdim və ötmə hərəkətini edərək, "Jiquli"ni keçdim.
Amma VAZ-2107 markalı maşın arxadan sürətlə gələrək, məni sağ tərəfdən keçdi və qarşımda 3 dəfə əyləcdən istifadə etdi. Maşının uzaqyanan işıqlarından istifadə edərək, həmin avtomobilin sürücüsünə bu hərəkəti ilə bağlı işarə verdim. Sükan arxasında olan şəxs məni sağa sıxışdıraraq, təkidlə idarə etdiyim nəqliyyat vasitəsini saxlamağımı tələb etdi.
Mən də məcbur qalaraq YDM-nin qarşısında maşını saxladım. VAZ markalı avtomobil sol tərəfimdə dayandı. 3 nəfərin bizə tərəf gəldiyini görüb, qardaşım Qənbərlə maşından çıxdıq. Sənan mənə dairədə nə üçün onu sağdan keçdiyimi soruşanda, qəza şəraitindən yayınmaq üçün onun sağından keçdiyimi dedim. Bildirdim ki, qəzadan yayınıb onları vurmadığım üçün mənə təşəkkür etməlidirlər. Sənan isə söyüşlə cavab verərək, onu sağdan keçməklə, səhv etdiyimi dedi. Qənbər hansı səbəbdən təhqirlə danışdığını soruşanda, Sənan qəflətən yumruqla qardaşımın üzünə zərbə vurdu. Ardınca Sənanın sağ tərəfində dayanan Elvin də Qənbərə yumruq atdı. Məqsud üstümə gələndə, onunla əlbəyaxa oldum. Daha sonra Elvin mən tərəfə gələrək, üzərində olan gödəkçəmi dartıb başıma keçirdi. Əllərindən çıxmağa çalışanda, Elvin hansısa alətlə başıma zərbə vurdu. Başımdan qan axdı. Qənbər mənə "məni vurublar" deyə, qışqırdı. Ətrafda toplaşan şəxslər, həmçinin yoldan keçən sürücülər də idarə etdikləri avtomobillərini saxlayaraq hadisəyə kənardan baxırdılar. Heç kim müdaxilə etmədi. Elvini özümdən kənarlaşdırıb Qənbərin yanına qaçdım. Sənan əlindəki bıçağı sağ-sola yellədərək, "yaxın gəlmə, səni də vuraram" dedi və sonra avtomobilinə əyləşərək, oradan uzaqlaşdı. Qənbərin rənginin ağardığını və sinəsindən qan axdığını gördüm. Qardaşımı maşına mindirərək, yaxınlıqda yerləşən klinikaya apardım. Növbəti gün o, aldığı bıçaq yarasından dünyasını dəyişdi".
Zərərçəkmiş şəxsin hüquqi varisi cavan övladının öldürüldüyünü, iki azyaşlı nəvəsinin atasız qaldığını bildirərək, Sənan Hacıyevə ömürlük, Elvin Sadıqov və Məqsud Həsənova isə yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş edib.
Son sözündə Sənan Hacıyev özünü qəsdən yox, ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilib. Elvin Sadıqov bildirib ki, heç bir xuliqanlıq hərəkəti etməyib, özünü Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bildiyini vurğulayıb. Məqsud Həsənov son sözü olmadığını deyib.
Məhkəmə hesab edib ki, ibtidai istintaq orqanı tərəfindən Sənan Hacıyevin əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə), Elvin Sadıqovun əməli CM-nin 221.3-cü, Məqsud Həsənovun əməli isə CM-nin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə düzgün tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Hacıyev 17 il, Elvin Sadıqov 3 il 6 ay, Məqsud Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ