Onlayn ictimai-siyasi qəzet
Məqsəd Orta dəhlizin passiv olan cənub qanadında yerləşən ölkələrin aktiv fəaliyyətə cəlb edilməsi ilə daha da genişləndirilməsidir
Son bir ildə Asiya ilə Avropanı ənənəvi marşrutlardan kənar ərazilərlə birləşdirən əsas ticarət yoluna iddia edən Orta dəhlizin əhatə dairəsinin genişlənməsi prosesi müşahidə olunur. Dəhlizin ana xətti Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa istiqamətidir. Yükdaşımaların mühüm hissəsinin məhz bu marşrutla həyata keçirilməsi nəzərdə tutulur. Lakin Mərkəzi Asiyanın digər ölkələri də dəhlizə qoşulmaq, Asiya-Avropa nəhəng yükdaşımalarından pay almağa çalışırlar. Bu baxımdan, Çinlə ortaq sərhədi olan Qırğızıstan və Tacikistan xüsusilə fəallıq göstərirlər. Onlar Çindən malların daşınmasında aktiv iştirak etmək, yüklərin bir qismini öz ərazilərindən ötürmək üçün fəaliyyətlərini ciddi şəkildə artırıblar.
Tacikistan bilavasitə Çin şirkətlərinin investisiyaları hesabına dəmiryol və avtomobil yolları sistemini sürətlə təkmilləşdirir. Sürətli sərmayə qoyuluşları Tacikistan dəmir yollarının yükötürmə qabiliyyətinin 1,5 dəfə artmasına gətirib çıxarıb. Hazırda Çin şirkətləri ölkə dəmiryollarının yenidənqurulmasını nəzərdə tutan iki mühüm layihəni icra edirlər.
Qırğızıstan da Çindən malların daşınmasında iştirakda maraqlıdır. Xüsusilə avtomobil daşımaları sahəsində qırğız tərəfinin maraqları genişdir. Lakin on ilə yaxındır Qazaxıstanla Qırğızıstan sərhədindəki gömrük keçid məntəqələrinin işinin təkmilləşdirilməməsi Qırğızıstan üçün ciddi problemlərə səbəb olmaqdadır. Son illərdə Qırğızıstan yük avtomobillərinin Qazaxıstan gömrük məntəqələrində bir neçə kilometrlik növbələrinin yaranması adi hala çevrilib: ildə ən azı 4-5 dəfə belə problem meydana çıxır. Qazaxıstan bunu texniki problem kimi qiymətləndirsə də, artıq Qırğızıstanda Astananı Çindən yükdaşımalarda monopoliya yaratmaqda ittiham edirlər. Qırğız tərəfində çoxları əmindir ki, Qazaxıstan Qırğızıstan daşıyıcılarını Çindəki tərəfdaşların nəzərində etibarsız hala gətirmək üçün yük maşınlarını vaxtında buraxmır. İllər boyu ölkələr arasında ciddi gərginliklərə səbəb olan problemi aydın məsələdir ki, Rusiya da görür. Ukraynadakı işğalçı müharibəyə görə Avropanın Rusiya ərazisi ilə ticarətdən imtina etdiyi bir şəraitdə Rusiya çox mühüm ticarət yollarında öz mövqeyini az da olsa, qoruyub saxlamağa çalışır. Ötən ilin sonlarında Qırğızıstan, Özbəkistan və Rusiya Qazaxıstan ərazisindən yan keçən nəqliyyat dəhlizinin yaradılması və inkişafı barədə razılığa gəliblər. Müvafiq memorandum Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı nəqliyyat forumunun yekunlarına görə üç ölkənin müvafiq nazirliklərinin rəhbərləri tərəfindən imzalanıb. Alternativ marşrut Özbəkistan və Türkmənistandan keçir. Daha sonra Xəzər dənizi boyunca yük maşınlarını Türkmənbaşı limanından bərə ilə həm Bakıya, həm də Rusiyanın Mahaçqala və Həştərxan limanlarına daşımaq olar. Bişkekdəkilər bu marşruta Qırğızıstandan Rusiyaya və Avropaya yüklərin çatdırılması üçün yeganə yola - Qazaxıstan üzərindən keçən marşruta alternativ kimi baxırlar. Yeni marşrutla yükdaşımalar Qazaxıstandan keçən yolla müqayisədə baha başa gələcək, lakin Bişkekdə Türkmənistan və Azərbaycanın onlara müəyyən güzəştlər tətbiq edəcəklərinə inam böyükdür. Eyni zamanda Qırğızıstan tərəfi bahalı dəniz daşımalarından qaçmaq üçün yüklərin İran üzərindən Azərbaycana, buradan isə Rusiya və Avropaya daşınması variantını müzakirə edir. Çünki Xəzərin Şimal əraziləri çox dayazdır, ağır gəmi-bərələrlə yükdaşımaların təmin olunması üçün Rusiya və Qazaxıstan limanlarında yüksək maliyyə tutumlu və uzunmüddətli işlərə ehtiyac var. Buna görə də yüklərin Türkmənistan və İrandan Azərbaycan üzərindən daşınması ən əlverişli variant hesab olunur. Buna baxmayaraq, bu ilin yanvarında Mahaçqalada əldə olunan razılaşmaya əsasən Rusiya tərəfi artıq Xəzərlə daşımaları həyata keçirmək üçün “Bəstəkar Rahmaninov” və “Bəstəkar Elza İbrahimova” adlı avtobərələri ayırıb. Qırğızıstan tərəfi ilkin mərhələdə gündəlik 40 iri yük maşını ayırdığını, növbəti mərhələlərdə onların sayının 200-dək çatdırmağın mümkün olduğunu açıqlayıb. Türkmənistan isə Qırğızıstandan Rusiyaya gedəcək malların müvəqqəti saxlanması üçün anbarları təqdim edəcəyini bildirib. Aşqabad həmçinin xüsusi liman təsərrüfatının ərazisində yeni anbarların tikintisinə də başlayıb.
Daha bir ticarət yolunun əsasının qoyulmasına sentyabrın 19-20-də Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında başlanılıb.
Açıqlanan rəsmi məlumata görə, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələrinin iştirak etdiyi tədbirdə ANM Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edilib, bu marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun verdiyi məlumata görə, qlobal logistika bazarlarının dinamikası dəyişir, Çindən Avropaya və əks istiqamətə yük axınlarında artımın olduğu müşahidə edilir və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır. Bu da yeni infrastrukturlara ehtiyac yaradır, daşınma yollarının şaxələndirilməsini tələb edir: “Xəzərin Şərq tərəfində Orta dəhlizin daha bir qolu formalaşır. Marşrut Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir. Bu multimodal marşrutun cəlbediciliyinin və rəqabətqabiliyyətinin artırılması, marşrut boyu koordinasiyanın və ümumilikdə marşrutun inkişafının səmərəli təşkili məqsədilə kollegial orqanın - assosiasiyanın təsis edilməsi ehtiyacı yaranıb”.
ADY sədri bildirib ki, Xəzərin Qərb tərəfində BTQ xətti ilə yanaşı, Orta dəhlizin daha bir qolu olaraq Bakı-Naxçıvan-Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür, paralel olaraq, Orta dəhlizlə Şimal-Cənub dəhlizinin əlaqələndirilməsi nəticəsində Azərbaycanın həm özü, həm də tərəfdaşları üçün tranzit imkanlarını genişləndirəcəyi gözlənilir: “Xəzərin Şərq tərəfinə gəldikdə isə Çinin Qaşqar əyalətindən avtomobil yolu vasitəsilə Qırğızıstandan keçərək Özbəkistanın Əndican şəhərində dəmir yoluna qoşulmaqla yüklər daşınır ki, bu yaxınlarda Çin, Qırğızıstan və Özbəkistan arasında bu hissədə dəmir yolu xəttinin tikilməsi ilə bağlı razılıq əldə edilib və işlərin yaxın illərdə yekunlaşacağı planlaşdırılır. Bu yeni dəmir yolu xətti regionda yerləşən digər ölkələr, Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açacaq. Burada Orta dəhlizlə Trans-Əfqan dəhlizi arasında əlaqənin yaradılması kimi potensial imkanlar da vardır”.
Qeyd edək ki, Özbəkistan hökuməti “Tərmiz-Məzari-Şərif-Kabil-Pişəvər” Trans-Əfqan dəmir yolunun tikintisi layihəsinin həyata keçirilməsi istiqamətində fəaliyyətlərini aktivləşdirib. Özbəkistan, Əfqanıstan və Pakistan Daşkənddə Termiz-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolunun tikintisi üzrə yol xəritəsini 2021-ci ilin əvvəlində imzalayıb. Layihənin dəyəri 5 milyard dollar həcmində qiymətləndirilir. Avropa İttifaqı, Rusiya, Özbəkistan, Əfqanıstan, Pakistan, Hindistan və Cənub-Şərqi Asiya ölkələrini birləşdirəcək yeni nəqliyyat dəhlizinin tranzit potensialı, ekspertlərin hesablamalarına görə, təxminən ildə 20 milyon ton yük təşkil edir.
Özbəkistan layihəyə ərəb sərmayələrini cəlb etməyə çalışır, ötən ilin oktyabrında onun Qətər investorları üçün təqdimatı keçirilib. Bundan əlavə, Daşkənd Avropa İttifaqının da layihəyə maraq göstərdiyini açıqlayıb. Bu ilin fevralında Avropa İttifaqının maliyyə strukturları Özbəkistan ərazisində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə 1,5 milyard avro vəsait ayırıblar. Brüssel Mərkəzi Asiya ölkələrinin hamısının Orta dəhliz layihəsində iştirakına nail olmağa çalışır.
Yeni marşrutun nisbətən zəif həlqəsi Türkmənistan hesab oluna bilər. Aşqabad hətta Bakıda keçirilən təsbirə də videobağlantı yolu ilə qatıldı. Halbuki Xəzərin Türkmənistan sahilləri dərinsululuğu ilə liman təsərrüfatının inkişafı üçün digər sahilyanı ölkələrlə müqayisədə ən əlverişli imkanlara malikdir.
Rəsmi Bakı son 10 ilə yaxın dövrdə öz ərazisindən yükdaşımaların həcminin artırılması, Azərbaycanın regional tranzit habına çevrilməsi hədəfinə nail olmaq üçün infrastruktur layihələrinə milyardlarla dollar yatırımlar edib. Ələtdə Xəzərə sahilində ən böyük yük limanı yaradılıb. Limanın buraxılış gücü 15 milyon tondur, hazırda bu gücün 25 milyon tona çatdırılması istiqamətində böyük layihələr həyata keçirilir. Ölkənin dəmiryol sisteminin Şərqdən Qərbə yükötürmə gücü 15 milyon tona çatdırılıb. Bakı-Naxçıvan-Qars dəmiryol xəttinin işə salınması bu gücün ən azı 50 faiz daha artmasına gətirib çıxaracaq. Bütün bunlara görə Azərbaycan qonşu və tərəfdaş ölkələrin müxtəlif marşrutların formalaşdırılması təkliflərinə müsbət yanaşma sərgiləyir.
“Azərbaycan Dəmir Yolları” QSC artıq Orta dəhlizin inkişafı üçün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası çərçivəsində islahatlarda fəal iştirak edir. İslahatlar nəticəsində Çindən Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə yük daşımalarının səmərəli təşkili üçün komissiyalar və işçi qrupları yaradılıb. TBNM çərçivəsində Azərbaycanın Gürcüstan və Türkiyə ilə uğurlu əməkdaşlığı davam edir. Yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının məqsədi isə Orta dəhlizin passiv olan cənub qanadında yerləşən ölkələrin aktiv fəaliyyətə cəlb edilməsi ilə daha da genişləndirilməsidir.
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ