Onlayn ictimai-siyasi qəzet
Sabiq nazir: “İndiyə qədər keçirdiyimiz beynəlxalq tədbirlərdə nə qədər uğur qazana bilmişiksə, COP29-da da eyni uğuru qazana biləcəyik”
Birləşmiş Millətlər Təşkilatının Bakıda keçiriləcək qlobal iqlim konfransına - COP29-a düz 40 gün qaldı (11-22 noyabr 2024). Bu böyük tədbir yaxınlaşdıqca Qərbin məkrli erməni lobbisinə bağlı dairələrinin, o sırada bəzi KİV-lərin tədbiri gözdən salmaq, onu iştirakçıların sayı baxımından daha az əhəmiyyətli və sönük etmək üçün Azərbaycana qarşı qarayaxma kampaniyası da güclənməkdədir.
O sırada guya neft ölkəsində belə bir sammitin keçirilməsinin məntiqli olmadığı fikri tirajlanmaqdadır. Təzyiqlərin həmçinin Bakıda saxlanılan erməni cani-quldurlarına azadlıq tələbi fonunda edilməsi diqqət çəkməkdədir.
Bu kampaniyanın hər hansı təsiri ola bilərmi? 40 gün qalmış hazırlıq nə yerdədir? Bakı və onun infrastrukturu tədbirə nə dərəcədə hazır görünür? Müşahidələr nə deyir? Bədxahların həşirindən təlaşlanmağa dəyərmi?
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, belə bir qlobal tədbirin keçiriləcəyi ərəfədə Qərbin dirijor çubuğu ilə idarə olunan daxili və xarici qüvvələrin Azərbaycana qarşı xüsusi bir kampaniya aparacağı əvvəlcədən də bəlli idi: “Azərbaycanın daxili işlərinə müdaxilə etmək imkanlarndan məhrum olmuşların bundan dolayı hansı imkanları qalır ki. Baxın, Qərb 30 il torpaqlarımızı işğal altında saxlayıb, o torpaqlarda bənzəri olmayan vəhşiliklər törətmiş terrorçu bir ölkəni bu gün dünyanın sülhsevər bir ölkəsi kimi qoynunda bəsləməyə qalxıb və ona özünün sülh fondundan yardım edir. Desək ki, Qərb Ermənistanın bir dövlət kimi xislətindən xəbərsizdi, bu böyük yanlışlıq olardı. Qərb erməni xislətini bizdən də yaxşı bilir. Sadəcə olaraq, Qərbə Cənubi Qafqazda belə bir qaraçı dövlətcik lazımdır ki, onun vasitəsilə burada öz çirkin niyyətini reallaşdıra bilsin.
Bu həmin Qərbdir ki, torpaqlarımızın 30 il işğal altında qaldığı dönəmdə belə işğalçının yanında dayandı, onu açıq və örtülü şəkildə dəstəklədi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra isə Ermənistanı qolları üzərində gəzdirməyə qalxdı. Siyasi əxlaqsızlığın son həddi belə olur...
Öz torpaqlarında separatizmin köklərini uğurla kəsdikdən sonra Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu onları ciddi narahat edir. Ona görə də son zamanlar bütün imkanlarını bir araya gətirib Azərbaycanda keçirilən həm daxili və həm də beynəlxalq tədbirlərə hər vəchlə qara yaxmağa çalışırlar. Azərbaycan isə bu qarayaxmalara əhəmiyyət vermədən öz yoluna davam edir. Biz indiyə qədər keçirdiyimiz beynəlxalq tədbirlərdə nə qədər uğur qazana bilmişiksə, COP29-da da eyni uğuru qazana biləcəyik. COP29-a Azərbaycan lazımi səviyyədə hazırlaşır və bu böyük qlobal əhəmiyyətli tədbir yüksək səviyyədə reallaşacaq".
Professor hesab edir ki, Azərbaycan COP29-la bağlı lazımi tədbirləri bütün istiqamətlərdə görür. Bizə düşmən gözü ilə baxanların hay-küyü, çağırışları nəticəsiz qalacaq.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ