Onlayn ictimai-siyasi qəzet
11 yaşlı oğlum ilə saçımızı kəsdirməyə getmişdik. Saç ustası 25-26 yaşlı bir italyandır. Almanca çox zəif bilir, ancaq ingiliscə anlaşırıq. Oğluma deyir ki, mən sən yaşda olanda dərsdən gəlirdim, çantamı evə atıb bərbərxanaya qaçırdım. Ustanın yanında çalışırdım…
Saç ustası çox mərifətli oğlandır. Yazıq evlənə də bilmir. Öz həyat hekayəsini mənə dəfələrlə danışıb. Sevdiyi qızla ayda bir dəfə görüşəndə sevinir. Gah qız İsveçrəyə gəlir, gah da oğlan İtaliyaya gedir. Dediyinə görə, qız tibb bacısıdır. İngilis dilini də əla bilir. Dəfələrlə İsveçrədə işə düzəlmək üçün müxtəlif xəstəxanalara baş vurub. Qıza deyiblər ki, hər şey əladır. Alman dilini də bilsən, səni həmin işə götürərik.
Ağlınız Azərbaycana getməsin, İsveçrədə tibb bacısı 6 min frank (avrodan bir az bahadır) maaş alır. Yəni bu qız gəlib İsveçrədə işləsə, oğlanla rifah içində yaşayarlar. Ancaq qız hələ də müxtəlif xəstəxanalara işlə bağlı ərizə yazır…
Nəsə, saçımızı kəsdirdik, oğlumla evə gəlirik. Soruşur ki, ata, 11 yaşında uşaq niyə gedib işləyir ki? Axı qanunla bu qadağandır? Həm də o, oxumalıdır axı…
Qarşımıza bir qaradərili çıxdı. Mənimlə görüşdü. Yaxınlıqdakı məscidi göstərdi. Dedi ki, mənim günüm elə məsciddə keçir. Neyləyim, 10 ildən çoxdur ki, İsveçrədəyəm, mənə heç bir status vermirlər. İşsiz-gücsüz, boş-bekaram…
Oğlum deyir ki, ata, bu adamın işləməsinə niyə icazə vermirlər? Anlatmağa çalışıram ki, İsveçrəyə burada qalmaq ümidi ilə gələn 100 adamdan heç 5-6 nəfərinə oturum haqqı tanınmır. Qalanları günə 10 frank yardım alır. 10 franka isə İsveçrədə ancaq 1 qutu siqaret almaq olar.
Oğluma izah etməyə çalışdım ki, hətta İsveçrədə də - yəni dünyanın ən varlı və ədalətli ölkəsində də əcnəbilərin yaşaması son dərəcə çətindir. Xüsusən sənin işləmək hüququn yoxdursa, buralarda çürüyüb gedəcəksən…
Ancaq bütün bu çətinliklərə baxmayaraq, İsveçrəyə gəlib çatan əcnəbilərin çoxu özünü şanslı sayır. Çünki qaradan, yəni qeyri-qanuni işləməklə aya 800-1000-1500 fr. qazanmaq olar. Bu pulu səfil ölkələrə göndərdikdə isə oradakı insanların həyat şəraiti yaxşıya doğru dəyişir…
Həyat amansızdır. Mən İsveçrədə o qədər ağlını itirmiş insanlar gördüm ki. Düşünün ki, adam 3-4 uşağını, ailəsini qoyub gəlib. Hər ay işləyib vətəninə pul göndərir. Bir də görür ki, bu minvalla 20-25 il keçib. Həyat bitib. Yəni adam ruhən ailəsi ilə olub, cismi isə İsveçrədə çürüyüb…
İsveçrədə yaşamaq hüququ olan əcnəbilər isə təminat içində asudə yaşayırlar. Onların vətəndən, qohum-əqrəbadan, dost-tanışdan başqa hər şeyi var…
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ