İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu: “Ermənistan COP 29-da iştirak edəcək, özünü kənarda qoymayacaq”

Qabil Hüseynli: “Dəvəti qəbul edəcəklərsə, öz faydalarına olacaq”; İrəvan üçün seçim ayı

Xəbər verildiyi kimi, Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə rəsmi dəvət edib. Dəvət COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən göndərilib.

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Report”un ABŞ bürosuna açıqlamasında deyib ki, Ermənistan nümayəndə heyətinin Azərbaycana gəlib COP29-da iştirak edəcəyinə inanır: “Biz onları COP-a dəvət etmişik. Ənənəvi olaraq, bütün ölkələr COP-da iştirak edirlər və inanırıq ki, Ermənistan nümayəndə heyəti Azərbaycana gələrək COP29-da iştirak edəcək”.

Rauf Arifoğlu — Vikipediya

Rauf Arifoğlu

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə “ARB24" telekanalında bildirib ki, Ermənistandan COP29-da iştirak üçün Bakıya media üzərindən ötürülən mesajlar blefə bənzəyir: "Məncə, Ermənistan blef edir, özünü baha satmaq istəyir. Unutmayaq ki, Ermənistanla Azərbaycan arasında münasibətlər ilk dəfə məhz COP29 müstəvisində ötən ilin dekbarında normallaşıb, anlaşma ilk dəfə o zaman baş verib. Məncə, elə oradaca anlaşma əldə olunub ki, Ermənistan COP29-da iştirak edəcək. Hətta mən əminəm ki, iştirak edəcək. Ermənistan COP29-un İrəvanda keçirilməsi iddiasından geri çəkilib, müəyyən anlaşma var. Bu anlaşma rəsmi şəkildə 3 bəndlik 7 dekbar bəyannaməsində əksini tapır. Bəzi ekspertlər hətta hesab edir ki, həmin bəyannamə keçici sülh bəyannaməsidir. Bu baxımdan da hesab edirəm ki, Ermənistan COP29-da iştirak edəcək, özünü kənarda qoymayacaq".

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

 Qabil Hüseynli

Politoloq Qabil Hüseynli isə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Ermənistanla rəsmi diplomatik münasibətləri olmadığı halda dəvət məktubunun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir: "Bununla Azərbaycan Ermənistanla normal qonşuluq, sülh münasibətlərində yaşamaq tərəfdarı olduğunu da nümayiş etdirib. COP29 qlobal əhəmiyyətli tədbirdir. Ermənistan hələ ki Bakının dəvətini rəsmən qəbul edib-etmədiyini açıqlamayıb. Baş nazir Nikol Paşinyanın COP29-da iştirak edəcəyi barədə Ermənistanın bəzi media orqanlarında fikirlər bildirilsə də hələ ki nə Paşinyan özü, nə də də digər rəsmi instansiya bunu təsdiqləməyib. Mən hesab edirəm ki, Ermənistan baş nazir səviyyəsində olmasa da, COP29-da təmsil olunacaq. Ermənistan ya xarici işlər naziri, ya da ətraf mühitin mühafizəsi nazirini Bakıya göndərə bilər. Nikol Paşinyanın hər gün bir mövqeyə gələn siyasətçi olduğu bəllidir. Odur ki, Paşinyanın Bakıya gəlmək qərarını da qəfil verməsi istisna deyil. Erməni baş nazir bu addımı atarsa, ölkəsi və özü üçün ən düzgün qərar vermiş olacaq. Onun COP29-da iştirak üçün Bakıya gəlişi sonrakı proseslərin - sülh danışıqlarının dinamikasına və effektivliyinə müsbət təsirini göstərər. Ümumiyyətlə, Ermənistan Bakıya dəvəti qəbul edəcəksə və COP29-da iştirak edəcəksə, bu, onun Azərbaycanla münasibətlər qurmaqda maraqlı olduğunun bir əlaməti kimi qəbul olunacaq. Əgər Bakıdan edilən dəvət qəbul olunmayacaqsa, uduzan tərəf Ermənistan olacaq. Ermənistan beynəlxalq ictimai rəydə bununla özünə mənfi fikir formalaşdıracaq. Belə rəy yaranacaq ki, Ermənistan uzlaşma yox, uzaqlaşmaq yolunu tutub. Sülh üçün stimul verən addımları atmaqdan uzaq ölkədir. Ona görə də qarşıdakı ay Ermənistan hökumətinin qərar vermə vaxtıdır. Yada salaq ki, az öncə erməni mediası Nikol Paşinyanın payızda Bakıya gələ biləcəyini mümkün saymışdı. Paşinyan gələcəksə, hər hansı şərt irəli sürmədən gəlməlidir. Erməni mediasının iddialarına görə, Paşinyan Bakıya keçmiş separatçı rejimin Bakıda həbsdə olan keçmiş lidelərinin azad olunması şərti ilə gedə bilər. Lakin məncə, nə Paşinyan belə bir şərt irəli sürməyəcək, nə də Bakı heç zaman belə bir şərti qəbul etməz. Biz Paşinyana Bakıya gəlməsi üçün yalvarmırıq. Ölkəmiz Ermənistana dəvət göndərib. Dəvəti qəbul edəcəklərsə, öz faydalarına olacaq. Etməyəcəklərsə, itirən Ermənistan olacaq, Azərbaycan yox”.

Digər ekspertlər də hesab edir ki, Azərbaycanın Ermənistana COP29-da iştirak üçün dəvət göndərməsi xoş və sülhməramlı niyyətin təzahürüdür. Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında bu günə kimi sülh müqaviləsi imzalanmadan bir sıra razılaşmalar əldə olunub, həmçinin İrəvan COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə çıxış etməyib, o zaman baş nazir Nikol Paşinyanın ölkəmizdə keçirilən qlobal miqyaslı tədbirdə iştirak etməsində heç bir problem olmamalıdır. Ola bilsin ki, rəsmi İrəvan, hər zaman olduğu kimi yayındırıcı manevrlərdən istifadə etsin və Azərbaycana, məsələn, ətraf mühitin mühafizəsi naziri Akop Simidyanı, yaxud nazirliyin hər hansı bir rəsmisini göndərsin.

Lakin İrəvan bilməlidir ki, baş nazir Nikol Paşinyanın COP29 çərçivəsində Azərbaycana gəlişi sülh müqaviləsinin imzalanmasını tezləşdirə və bütövlükdə Cənubi Qafqazda əməkdaşlığa töhfə verə bilər. Əslində bu, Ermənistan üçün böyük bir şansdır. Çünki Azərbaycana və azərbaycanlılara qarşı uzun illər boyu işğal, etnik təmizləmə və digər ağır müharibə cinayətləri həyata keçirən Ermənistan, əgər sülh istəyirsə, etimad yaratmaq üçün konstruktiv davranmalı və bu istiqamətdə real addımlar atmalıdır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR