Onlayn ictimai-siyasi qəzet
Səhiyyə Nazirliyində Qazaxıstan Respubikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi və mədəni ortaqlıqların iki ölkə arasında əlaqələrin əsasını təşkil etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, ölkələrimizin ənənəvi dostluq və qardaşlıq münasibətləri əsrlərə söykənir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən Teymur Musayev bildirib: “Dövlət başçıları arasındakı dostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir”.
Həmçinin, Azərbaycanla Qazaxıstan arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğu vurğulanıb. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Eyni zamanda, tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət sahəsində Qazaxıstan təcrübəsinin ölkəmizdə tətbiqi ilə bağlı maraq ifadə olunub.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Öz növbəsində Alim Bayel dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib. Həmçinin, Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq qeyd olunub.
Görüşdə oktyabr ayında Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin IV iclasının Azərbaycan və Qazaxıstan Səhiyyə Nazirlikləri arasında əlaqələrin dərinləşməsinə verəcəyi töhfənin əhəmiyyəti vurğulanıb. Həmçinin, tibb təhsili və bu sahədə peşəkar kadrların hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ