İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsseldəki zirvədə zırvalamalar – nazirlərin görüşündən Ukraynaya əlac, Rusiyaya təpki çıxmadı

Rusiya-Ukrayna münaqişəsi bitsə belə, Rusiya NATO tərəfindən uzun illər ərzində potensial düşmən kimi qəbul ediləcək. Alyansın xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında iştirak edənlərin bəyanatlarından belə görünür.

Onlar bəyan edirlər ki, Moskva ilə münasibətlərdə etimad sarsılıb. NATO üzrə müttəfiqlər isə öz aralarında mübahisə etmək fikrində deyillər. Tədbirdə iştirak edən dövlət katibi Marko Rubio da öz növbəsində əmin edib ki, ölkəsi alyansdan çıxmayacaq, amma ABŞ alyansda mühüm dəyişikliklərin olacağını gözləyir.

NATO xarici işlər nazirlərinin görüşü Ağ Evin rüsumları artırması, Trampın Rusiya və Ukrayna arasında sülhə nail olmaq üçün fəal səy göstərməsi səbəbindən ABŞ-nin avropalı müttəfiqləri ilə gərginləşən münasibətlər fonunda baş tutub. Həm ticarət müharibəsi, həm də Kremllə danışıqlar prosesi ABŞ və Avropa üçün çoxlu sualların yığıldığı mövzular sırasındadır. Buna görə də Rubio aprelin 3-4-dəki iki günlük nazirlər sammitinin əsas qonağı olub.

Bu barədə yazan media qurumları qeyd edirlər ki, Rubio xarici tərəfdaşlarla qarşılıqlı əlaqədə kifayət qədər təcrübəyə malik təcrübəli siyasətçidir və bu, onu Avropaya səfər edən və orada mübahisəli bəyanatlar verən Pentaqon rəhbəri Pit Heqsetdən, eləcə də vitse-prezident Jeyms Vensdən fərqləndirir. Rubio Tramp komandasının "yaxşı polisi" və ya Ağ Ev administrasiyasının bəzi sərt addımlarını yumşalda bilən biri roluna uyğun gəlir. Düzdür, o da bir neçə həftə alnına iri xaç şəkli çəkərək ekstravaqant hərəkətə yol vermişdi, amma indilikdə Amerika mediası Rubionu Tramp komandasının ən ciddi fiquru sayır.

Rubionun sözügedən görüşdə çıxışı bir çox avropalı ekspertlərin, siyasətçilərin və mətbuatın ümidlərini qismən doğruldub. Dövlət katibi açıq şəkildə bildirib ki, Tramp ABŞ-ni NATO-dan çıxarmaq niyyətində deyil. Dövlət katibi bu kimi gümanları “sonu çatmalı olan isteriya” adlandırıb. Rubionun sözlərinə görə, ABŞ prezidenti NATO-nu dəstəklədiyini və NATO-da qalmağı planlaşdırdığımızı açıq şəkildə bildirib.
M.Rubio Trampın müttəfiqlərə alyansın bütün üzv ölkələrinin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq zərurəti ilə bağlı tələbini təkrarlayaraq, bunun eyni zamanda ABŞ-yə də aid olduğunu xüsusilə vurğulayıb. Rubio toplaşanlara xatırladıb ki, “təhdidlər yüksəkdir” və onlar tez hərəkət etməlidirlər.
Anlaşılan odur ki, ABŞ əvvəlki dövrlərdə olduğu kimi, NATO-nun xərclərinin böyük hissəsini öz üzərinə götürmək istəmir və onun “NATO-dan çıxarıq” hədəsi alyansın saxlanması üçün avropalıları əllərini ciblərinə atmağa vadar edəcək şantajdır.

Rubionun Trampın ilhaq etməyi planlaşdırdığı Qrenlandiya haqqında danışmaması da müşahidəçilərin diqqətindən yayınmayıb. Səfərin proqramına onun Danimarka Xarici İşlər Nazirliyinin rəhbəri Lars Lokke Rasmussenlə danışıqları da daxil edilib və bu mövzu qaldırılıb. Bununla belə, Dövlət Departamentinin press-relizində qısa şəkildə iki rəsminin “ortaq maraq doğuran mövzuları” müzakirə etdikləri bildirilib. Onların arasında müdafiə xərcləri və alyansa təhdidlər, “Avropada və xüsusən də Ukraynada təhlükəsizliyin təmin edilməsi üçün səylərin əlaqələndirilməsi” var.

Açıqlamalardan belə anlaşılır ki, nazirlərin ikilikdə görüşündə Qrenlandiyanın adı çəkilməyib. Ancaq müşahidəçilər bu fikirdədir ki, bu, heç cür ola bilməzdi. Rubio bu mövzuya toxunmasa da, Danimarka tərəfi ərazi iddiaları ilə bağlı ABŞ rəsmisindən hansısa bir izahat tələb etməliydi. Görünür, nazirlər bu mövzunu öz aralarında müzakirə ediblər, ancaq qarşılıqlı anlaşmayla bu söhbətin təfərrüatlarını mətbuata açıqlamamaq qərarına gəliblər.

NATO-nun baş katibi Mark Rutte də görüşdən əvvəl təhdidlərdən danışıb. O, alyansın uzunmüddətli vəzifəsini ona üzv ölkələrin ərazisini Rusiyanın mümkün işğalından qorumaq adlandırıb. Rutte işğalı “bizim uzunmüddətli təhlükəmiz” adlandırıb. O, bunun Ukrayna üzrə saziş bağlandıqdan sonra da belə qalacağına ümid etdiyini bildirib.

Alyans nazirlərinin görüşündən mətbuat daha bir mühüm suala cavab gözləyirdi: həqiqətənmi NATO-nun qapıları Ukrayna üçün bağlanıb?

Heqset Avropaya səfəri zamanı birmənalı olaraq bildirmişdi ki, Ukraynanın alyansa qoşulması istisnadır və Tramp administrasiyasının mövqeyi budur.

Ancaq bir sıra KİV qurumları NATO strukturlarındakı mənbələrə istinadən yazıblar ki, ola bilər, Pentaqonun rəhbəri həddən artıq qətiyyətli olub, çünki alyans Ukraynanı öz sıralarına qəbul etməkdən imtina barədə rəsmi qərar verməyib. Brüsseldəki görüşün ilk günündə nazirlər bu məsələyə aydınlıq gətirməyiblər.
Belə məlum olur ki, nazirlərin zirvə görüşündə boş və anlamsız çıxışlar, loru dildə desək, zırvalamalar Avropanın əsas hərbi probleminin – Ukrayna savaşının ədalətli sülhlə bitməsi yolunda heç bir mühüm qərara gətirib çıxarımayıb.

“Vaşinqton Post” qəzeti tərəfindən yayılan məlumatda göstərilir ki, hazırda ABŞ-nin əsas vəzifəsi Tayvanı ÇXR-dən müdafiə etməkdir və bu barədə Pentaqonda məxfi sənəd var. Jurnalistlərin suallarını cavablandıran Rutte təsdiqləyib ki, həqiqətən də ABŞ-ın xarici siyasət prioritetləri indi Qərbdən Şərqə keçib. Rutte belə bir dəyişikliyi haqlı hesab edərək deyib: "Avropalıların Avropanın müdafiəsində getdikcə daha çox rol oynaması məntiqlidir".

Brüsseldə keçirilən görüşdə iştirak edənlər anonimlik şərti istisna olmaqla, Rusiya ilə ABŞ arasında danışıqlar mövzusunu Qərb mətbuatına şərh etməyiblər. Şərhlərin ümumi tonu ondan ibarət olub ki, Vaşinqtonun müttəfiqləri bu dialoq zamanı qəbul edilən qərarların onlar üçün sürpriz olmamasına nail olmaq istəyirlər. Onlar Moskva ilə razılaşmanın ABŞ-Avropa əməkdaşlığını zəiflədə biləcəyi perspektivindən xüsusilə narahatdırlar.

Görünən odur ki, ABŞ diplomatiyası “gah elə, gah belə” danışaraq Rusiya ilə Avropa arasında manevrlər edir.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR