İnsanlara hürriyət, millətlərə istiqlal!

“TikTok”da qətlin anonsunu verdi: Böyükxan 16 yaşından atasının qisası ilə böyüyübmüş- TƏFƏRRÜAT

2023-cü ilin oktyabr ayında Cəlilabadda törədilən qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub. Qətl hadisəsinə görə 3 nəfər həbs edilib. Həbs edilən şəxslərdən biri hadisəni telefonla çəkibmiş.

Musavat.com xəbər verir ki, hadisə zamanı Əhmədli Xaqani Mirnizami oğlu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Qətl 11 il əvvəl baş verən hadisənin nəticəsində törədilib.

İlk olaraq hadisəni törədən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Muradlı Böyükxan Elçin oğlu saxlanılıb. Araşdırmalar zamanı Böyükxanın hadisəni tək törətmədiyi, ona bu işdə iki nəfərin kömək etdiyi müəyyən edilib. Onlar Böyükxanın dostu Hüseyn və qohumu Rəşid olub. Onlara qarşı da qəsdən adamöldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə hadisənin baş verməsinə səbəb qətli törədən Böyükxanın atasının illər əvvəl döyülməsi olub. Belə ki, onun atası Elçin 2014-cü ildə Xəqani tərəfindən döyülüb. Qətlə yetirilən şəxsin 45 yaşı olub.

Atası döyülən zaman Böyükxanın 16 yaşı var idi. İstintaqla müəyyən edilib ki, Böyükxan Xəqanini qətlə yetirməyi illərdir düşünürmüş. Bu barədə dəfələrlə yaxılarına da deyib. Hadisə günü Böyükxan Bakıda olub. Qətli törətmək məqsədi ilə Cəlilabada gedib. Onlar karaoekedə görüşüblər. Oradan çıxandan sonra Xəqaninin harada olduğunu öyrəniblər. Xəqaninin aptekə girdiyini görüblər. Böyükxan Xəqani aptekdən çıxan zaman ona bıçaq zərbələri endirib. Hadisə vaxtı Xəqaninin yanında Pərviz adlı tanışı olub. Böyükxanın yanında olan şəxslər Pərvizin avtomobildən düşməsinə imkan verməyiblər.

Böyükxan özünü təqsirli bilsə də tanışları Hüseyn və Rəşidin qətlin törədilməsində iştirakçı olmadıqlarını deyib.

İstintaq zamanı müəyyən edilib ki, Rəşid hadisə zamanı telefonla baş verənlərin bir hissəsini lentə alıb. Belə ki, onun telefonuna baxış zamanı 2 dəqiqəlik video aşkar edilib. Həmin görüntüdə onların aptekin qarşısında Xəqanini gözlədiyi, Xəqaninin Pərviz adlı tanışının avtomobildən düşmək istəyən zaman ona imkan verilməməsi də əks olunub.

Böyükxan qətli törədəndən sonra Bakıya qayıtmağı planlaşdırıb. O, yolda Rəşidgildən ayrılaraq başqa maşına minib. Qaradağ postunda isə fikrini dəyişərək Balakənə gedib. Bu zaman iz itirmək üçün yolda bir neçə maşın dəyişib, telefonlarını da söndürüb. Balakəndə qəbiristanlıqda bir neçə gün gecələdikdən sonra saxlanılıb.

Rəşid və Hüseynin saxlanılmasına səbəb olan əsas sübutlardan biri qeyd edilən görüntü olub. Hər iki şəxs özünü qətldə təqsirli bilmədiklərini deyiblər. Lakin istintaq orqanı onların Böyükxana kömək etdiklərini, əvvəlcədən qətlin törədiləcəyindən məlumatlı olduqları qənaətinə gəlinib.   

Araşdırma zamanı Böyükxanın hadisədən bir neçə gün əvvəl atasının doğum günündə “TikTok”da paylaşım etdiyi, atasına edilənlərin qisasını alacağı barədə anons verdiyi də müəyyən edilib.

Böyükxan “Baxa777” adlı profilindən etdiyi həmin paylaşımda yazıb:

“Çox yaşa, atam. Allah ömrümdən ömrünə ömür qatsın. Cəlilabadın əziyyətini dərəcəsində çəkən yeganə kişilərdənsən. Gəl ki, şərəfsizlər, qeyrətsizlər qədrini bilmədilər. Vaxt olacaq ki, ayağına gələn bəzi .... söyüb... Atamın haqqı burnunuzdan gəlsin. Əziyyətini yerə vuran şərəfsizlər... Ağzınızı cıracam. And olsun aləmlərin Rəbbinə ki, didərgin salacam sizi. Mən olmayacam, amma min qardaşım olacaq. Mini gedəcək, milyonu çıxacaq! Səbir edin. Az qalıb...”

Mərhumun atası Mirnizami məhkəmədə ifadə verən zaman oğlunu qətlə yetirən şəxslərdən şikayətçi olduğunu, onlara ağır cəza verilməsini istəyib. O, Böyükxanın atasının döyülməsi məsələsindən də danışıb: “Bu hadisə illər əvvəl olub. Cəbhə hadisələrinə görə baş vermişdi. Ondan sonra heç kim arasında düşmənçilik, ədavət yox idi”.

Məhkəmə təqsirləndirilən şəxsləri qeyd edilən cinayət əməlində təqsirli bilib. Böyükxan 10 il 6 ay, Rəşid 10 il 6 ay, Hüseyn isə 9 il 6 ay azadlıqdan məhrum ediliblər.

 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR