İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliklərimiz təhdid altında

Dövlət diplomatlarını öz gücünə qorumaq məcburiyyəti ilə üzləşib

Avqustun 30-da Daşnaksütyun partiyasının üzvləri Azərbaycanın Livandakı səfirliyinin qarşısında aksiya keçiriblər. Etirazçılar səfirliyin divarını qırmızı rənglə boyayıblar və bildiriblər ki, bu Bakının soyqırım siyasətinə etiraz əlamətidir.

Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

Məlumata əsasən, hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar. Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır. 

Xatırladaq ki, ölkəmizin xarici diplomatik korpusları ilk dəfə deyil ki, hücuma məruz qalır. Ötən ilin sentyabr ayında Azərbaycanın Gürcüstandakı, Livandakı və Fransadakı səfirliklərinə hücum olub. Bir ay sonra Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Bu hücumları erməni radikalları və ermənilərin himayədarları təşkil etmişdisə, Londondakı səfirliyimizə hücuma görə məsuliyyəti radikal dini qrup öz üzərinə götürmüşdü. Cari ilin 27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.

Xatırladaq ki, erməni radikallar nəinki 44 günlük Vətən müharibəsindən sonra, hətta 30-40 il öncə də bu kimi hücumlar həyata keçiriblər, sui-qəsdlər törədiblər. Onlardan bir neçəsini xatırladaq: 1975-ci ildə 3 erməni terrorçu Türkiyənin Avstriyadakı səfiri Daniş Tunalıgili öldürdü, 1978-ci ildə Türkiyənin İspaniyadakı səfiri Zəki Kuneralpın maşını güllə atəşinə tutuldu, 1979-cu ildə Türkiyənin Fransadakı turizm müşaviri Yılmaz Çolpan öldürüldü, 1981-ci ildə Ankaranın Fransadakı səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesinin binası ələ keçirildi, 56 diplomat əsir alındı, 1984-cü ildə Türkiyənin Avstriyadakı səfirliyinin attaşesi Ərdoğan Özen öldürüldü. Göründüyü kimi, ermənilər radikalizmi məhz diplomatlara qarşı hücumlarla aşkar şəkildə göstərirlər.  

Son günlər baş vermiş hücumlar, habelə hələ 2020-ci ildə Avropa paytaxtlarında və Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Yəqin radikal erməni qrupları cəzasız qalacaqlarına əmin olduqları üçün bu kimi əməllərinə davam edirlər. 

Bu gün dövlətimizin diqqət göstərdiyi məqam diplomatik korpuslarımızın mühafizəsidir. Azərbaycanda fəaliyyət göstərən səfirliklər ciddi şəkildə mühafizə olunsa da, bizim xarici ölkələrdəki səfirliklərimizin mühafizəsinin gücləndirilməsinə ehtiyac var. 

Asim Mollazadə: “Dövlətimiz azad olunmuş ərazilərimizi cənnətə çevirməyə  qadirdir”

Asim Mollazadə

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın diplomatik korpuslarını müdafiə etmək üçün müəyyən qruplar hazırlanmalıdır. O xatırlatdı ki, hər bir ölkə ərazisindəki diplomatik korpusları mühafizə etməlidir, bu, bir sıra beynəlxalq konvensiyalarda öz əksini tapıb: “Azərbaycanın Livandakı səfirliyinə hücuma görə bilavasitə Livan hökuməti məsuliyyət daşıyır. Biz Livanın üzr istəməsini, səfirliyin mühafizəsi ilə əlaqədar müəyyən addımların atılmasını gözləyirik. Xatırlatmaq yerinə düşər ki, dünyada erməni terrorçu şəbəkələrinin əsas mərkəzlərindən biri Livanda yerləşir.  Onlar uzun illərdir digər terrorçularla birgə fəaliyyət göstərirlər. Qəribədir ki, erməni terrorçuları xristianlara qarşı vuruşurlar. Bu onu göstərir ki, Orta Şərqdə yerləşən erməni terrorçu şəbəkəsi vaxtilə KQB-nin dəstəyi ilə yaradılmışdı. Bu təşkilatlar dünyanın bir sıra ölkələrində ağır terror hücumları törətmişdilər (red: türkiyəli diplomatlara hücumlar nəzərdə tutulur). Onları susduran Bozqurd təşkilatı oldu. Orli beynəlxalq hava limanında 1983-cü ildə törədilmiş terror aktından dərhal sonra fransız polisi ASALA ilə əlaqəli olan 51 nəfəri həbs etmiş, onlardan 11 nəfəri dindirilmək üçün prokurorluğa gətirilmiş və 6 nəfərə terror aktının təşkili ilə bağlı  ittiham irəli sürülmüşdü. Həbs olunan 6 nəfərin arasında terror aktının əsas təşkilatçısı və terrorçu dəstənin başçısı Suriya ermənisi olan Varujan Karapetyan da var idi. O, ömürlük cəza alsa da, 2002-ci ildə, yəni 17 illik həbsdən azad edilərək Ermənistana deportasiya edilmişdi. Dünyanın bir çox ölkəsinin zindanlarından çıxmış erməni terrorçular İrəvanda klub yaradıblar. Çox güman ki, bu terror şəbəkəsi fəaliyyətini daha da genişləndirəcək. Əminəm ki, terrorçular zərərsizləşdiriləcək. Bizi terrorla qorxuda bilməzlər. Səfirliklərimizə hücum edən terrorçular cəzalarını alacaqlar. Təkcə erməni terrorçuları deyil, onlara dəstək verən ölkələrin terrorçuları da bu prosesdə fəaldırlar. Bu şəbəkənin qarşısını almaq üçün beynəlxalq səylər artırılmalıdır. Terrorçuları yuvalarında məhv etmək lazımdır. Hazırda Xankəndində oturub milyardlarının hesabına Azərbaycana qarşı terror həyata keçirmək istəyən Vardanyan da layiqli cəzasını alacaq”. 

Nigar HƏSƏNLİ
“Yeni Müsavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR